AzadMedia.az-ın məlumatına görə, oktyabrın 10-da Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində, "Türkiyə münaqişənin nizamlanması işində mühüm rol oynamalıdır və oynayacaq".
Prezident İlham Əliyev bildirib:
"Yaxın vaxtlarda müsahibələrimin birində demişəm ki, Minsk qrupu neçə illər bundan əvvəl – 1992-ci ildə, tamamilə başqa geosiyasi reallıqlar şəraitində formalaşıb. Əgər biz vasitəçilərin təmas qrupunu bu gün formalaşdırsaydıq, onun tərkibi fərqli olardı. Bu qrupun tərkibi münaqişə tərəflərinin niyyətlərini və istəklərini əks etdirməlidir. Minsk qrupunun tərkibi isə praktiki olaraq bunları əks etdirmir. Yeni təmas qrupunun və ya hansısa işçi qrupun, – onu necə adlandırmaq vacib deyil, – tərkibi regionda mövcud qüvvələr tarazlığını, region ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə istiqamətlənməlidir. Əks halda, bunun nə mənası var? Bunun heç bir mənası yoxdur. Əgər biz münaqişəni həll etmək istəyiriksə, o, yeni format çərçivəsində həll olunmalıdır. Baxın, son vaxtlar bir sıra qaynar nöqtələr barəsində ölkələrin mövqelərini razılaşdırmaq üçün nə qədər yeni əməkdaşlıq formatı yaradılıb - üçtərəfli, dördtərəfli. Axı, onlar indi yaradılır, hansısa ehkamlar əsasında deyil, real qüvvələr nisbəti əsasında yaradılır. Buna görə burada əsla şübhə ola bilməz ki, Türkiyə münaqişənin nizamlanması işində mühüm rol oynamalıdır və oynayacaq. Bunun hansı formada - hüquqi, yoxsa de-fakto həyata keçirilməsi artıq texniki məsələdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.