Ermənilərin “koronavirus planı”: Onlar bundan necə istifadə edir? - TƏHLİL
Ermənistan rəhbərliyi müharibənin qızğın vaxtında daha bir hiyləyə əl atır.
Budəfəki hiylə “koronavirus planı” adlandırıla bilər. Belə ki, Ermənistanda son sutka ərzində 2306 koronavirusa yoluxma faktı qeydə alınıb. Ermənilər məhz koronavirusun ikinci dalğasının güclənməsindən cəbhədə yararlanmaq qərarına gəliblər.
Bizə məlumdur ki, Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyat apardığı üç cəbhədə uğurlu gedişatı ilə seçilir. Ermənistan Müdafiə Nazirliyi təxminən 800 hərbçisinin öldüyünü açıqlasa da, itki sayı 10 minə yaxındır.
Artıq dəfələrlə bildirilib ki, erməni valideynlər övladlarının müharibədəki taleyindən bixəbər saxlanılır. Cəbhə zonasındakı itkiləri rəsmi statistikada az göstərməklə Nikol Paşinyan hökuməti uğursuzluğu ört-basdır etməyə, bununla da Ermənistan xalqının ona qarşı ayaqlanmasının qarşısını almağa çalışır.
Bununla belə, Ermənistan daxilində siyasi, iqtisadi problemlər o qədər çoxalıb ki, insanlar müharibəni istəmir. Hətta Ermənistan erməniləri Qarabağın Azərbaycana tamamilə verilməsinə də razıdır, təki bundan sonra müharibə olmasın.
Ermənistanın siyasi-hərbi rəhbərliyini biz bəzən “axmaq” adlandırsaq da, tərs və itkiləri gizlətmək üçün hiyləgər olduğunu görürük. Cəbhədə ölənlərin artıq koronavirusdan vəfat etdiyi göstərilir. Həmçinin, cəbhəyə getməmək üçün testini “pozitiv” çıxartdıranlar da var. Bunun üçün 1000-2000 dollar aralığında müvafiq quruma pul verilir.
Statistikaya da baxsaq, Ermənistanda koronavirusa yoluxanların yaş həddi 18-55 aralığında dəyişir. Bunların əksəri isə kişi cinsindən olanlardır.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovanisyanın bu yaxınlarda mətbuata verdiyi açıqlama da düşmənin koronavirus adı ilə cəbhədəki itkiləri azaltmaq istəyindən xəbər verir:
“Bu qızğın döyüşlər zamanı bu hallar ağır vəziyyətə gətirib çıxarmırsa, test edə bilmirik. Çünki bütün ordumuz, bütün silahlı qüvvələrimiz döyüş əməliyyatlarındadır və bunu həyata keçirmək çox çətindir”.
Bir sözlə, erməni hiyləgərliyi bu dəfə öz xalqına qarşı yönəlib. Azərbaycan Ordusunun rəşadəti nəticəsində məhvə məhkum olan erməni hərbçilərinə koronavirus damğası vurulub.