AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hamı Prezidentin xalqa müraciətini gözləyir...

  • + A
  • - A
  • 24-10-2020, 21:40


    Azərbaycan Ordusunun qələbə marşı davam edir. Artıq 3 şəhərimiz, 3 böyük qəsəbəmiz, sayı 150-yə çatan kəndimiz düşmən tapdağından azad edilib.

    Təsəvvür edin, Ordumuzun müzəffər irəliləyişi, Ali Baş Komandana, dövlət-xalq birliyinə inamın sarsılmazlığı cəmiyyətə elə ruh, elə vüsət bəxş edib ki, artıq hər gün deyil, hər saat cəbhədən ən xoş xəbərlər gözləyirik. Nə gizlədək, cəmi bir neçə ay öncə bir işğalçı hərbçinin zərərsizləşdirilməsi, bir düşmən hərbi texnikasının sıradan çıxarılması, bir erməni postunun dağıdılması, az qala, elliklə uğur kimi qəbul edilir, geniş tirajlanırdısa, indi böyük uğurlara, dövlət başçısının müjdələrinə vərdiş etmişik; məhv edilmiş, hərbi qənimət kimi götürülmüş texnikanın sayı-hesabı hər saat artan xətt üzrə dəyişir.

    Əlbəttə, bu, adiləşmə deyil, inamın ən müsbət emosiya ilə sabitləşməsi, uğurların dayanıqlı şəkil alması ilə bağlıdır. Fikir vermisizsə, neçə-neçə kəndin azad edilməzi haqqında tvitləri oxuyan, yayan, sevinən ictimai fəal qüvvələr, sadə vətəndaşlar cənab Prezidentdən məhz Xalqa Müraciət gözlədiyini də gizlətmir. Təkrar edirəm, bu, məhz sarsılmaz inamın ifadəsidir, öz Ali Baş Komandanına böyük sevginin təcallasıdır.

    Cənab İlham Əliyevin hələlik ən axırıncı – el sözü ilə desək, axarıncı müraciəti Zəngilan şəhərinin azad edilməsi ilə bağlı olub. Ola bilsin, bu yazı yayınlanınca, artıq yeni şəhərimizin müjdəsi duyurulacaq. İnanırsız, “ola bilsin” yazmağımı belə özümə irad tutmaq istərdim – qrammatik və üslubiyyət xətası sayılmasaydı, “olacaq” yazardım. Əlbəttə, olacaq! Cənab Prezidentin öz sözüdür, “Şuşasız, işimiz yarımçıq qalar”!

    Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan... – heç zərrə qədər də şübhə yoxdur ki uyğun ardıcıllıqla digər şəhər və qəsəbələrimiz “bəlkə sabah, bəlkə sabahdan daha erkən” azad olunaraq, bu gözəl sıralamada öz yerini alacaq!

    Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

    Bəli, cənab Prezidentin xalqa müraciətlərinin hər biri özlüyündə bir əsərdi, bir dərs proqramıdır – böyük ismarışlar toplusudur. Gəlin, fikrimizi axarıncı xalqa müraciət əsasında tezislər şəkilndə möhkəmlədək:

    - Azərbaycan Silahlı Qüvvələri Ermənistana layiq olduğu yeri göstərir. Ordumuz qarşısında sözün bütün mənalarında diz çökən Ermənistan silahlı qüvvələri məğlubiyyətlə de-fakto barışıb, de-yure barışması üçün sayılı günlər qalıb. Ermənistanın qarşısında bir yol, o yola münasibətdə iki seçənəyi var: ordusu tam sıradan çıxarıldıqdan sonramı məğlubiyyəti etiraf edəcək, yoxsa, hələ tam sıradan çıxarılmamış hərbi bölmələrini geri çəkib, qoruyaraqmı məğlub olduğunu duyuracaq?

    Budur məsələ. Görünən odur ki, işğalçı ölkə aqoniya vəziyyətində, rabitəsiz, parakəndə formada sona qədər müqavimət (guya müqavimət) cəhdində bulunmaq yolunu (yolsuzluğunu!) seçib. Olsun – cəhənnəmdə işğalçı ordunun bütün şəxsi heyətinə yer tapılar;

    - Döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil. Haqq yolunda vuruşan xilaskar ordumuz bütün cəbhə boyu tam üstünlüyə malikdir;

    - Ermənistan ordusu faşist ordusudur. Faşizm bəşəri problem olsa da, Azərbaycan əsgəri onunla təkbaşına vuruşur. Düşmənin “qalib ordu”, “yenilməz hərbçilər” kimi hərbi-ideoloji miflərinin bir qara qəpiklik dəyər daşımadığı faş olub;

    - Düşmən ordusunun haqq etdiyi “epitet”lər çoxdur, o sırada “namərd”, “xain” epitetləri özəl yerə sahibdir. Düşmən ordusu, öz siyasi-hərbi rəhbərliyinin tapşırıqları əsasında dinc insanları (uşaqları, qadınları, qocaları), mülki əhalini, mülki infrastrukturu raket atəşinə tutur. Namərd düşmən cəbhədən uzaq yaşayış məntəqələrinə raketlər atır. Biz bir tərəfdən mənfur, vəhşi düşməndən azad edilmiş yaşayış məntəqələrimizin barbarcasına viran edilmiş halını görürük, digər yandan, Tərtər, Ağcabədi, Gəncə və b. yerlərdə yaşayış məntəqələrimiz bugünlərdə ağır atəşlərə mərzu qalır. Yəni, “guya demokrat” Paşinyan öz əliqanlı diktator sələflərinə çox layiqli davamçı olduğunu sübut etməkdədir;

    - Ermənistanın qanunsuz əməlləri zaman-zaman yer adlarının dəyişdirilməsində, eybəcərləşdirilməsində də özünü göstərib. Ordumuzun sentyabrın 27-dən başlayan müzəffər irəliləyişi ilə təkcə torpaqlarımız azad olunmur, toponimlərimiz də işğaldan qurtulur. Rəsmi İrəvanın tarixi saxtalaşdırma siyasətinə Qarabağ ərazisində son qoyulur. Artıq Madagiz – Suqovuşan, Vəng – Çinarlıdır. Ümidvarıq, İlahi ədalət, beynəlxalq hüquq və güclənən Azərbaycan dövlətinin siyasi iradəsi ilə Ermənistandakı Azərbaycan toponimləri də gələcəkdə öz ilkin, doğma adlarına yenidən qovuşacaq;

    - Qarabağ torpaqlarına həyat qayıdacaq. Üzlərdə təbəssüm, dodaqlarda gülüş çiçəkləyəcək. Həsrət bitir. Xalqımız öz doğma torpaqlarında əmin-amanlıqla yenə qurub-yaradacaq. Dövlətimiz Böyük Qayıdışın plan-proqramına malikdir;

    - Xalq öz dövlətinə, öz Ali Baş Komandanına inanır, ona etimad göstərir. Bu ümumxalq sevgisi, milli etimad dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizin rəhnidir. Ümumxalq dəstəyi, milli həmrəylik – dövlət-xalq birliyi qarşıda duran məqsədlərə qısa müddət içində nail olmağa geniş imkanlar yaradır;

    - Bir tərəfdən yüksək dövlət-xalq birliyi, digər yandan haqlı mövqeyimiz Azərbaycanı beynəlxalq arenada güclü qılır, sözümüzü ötkün edir.

    Beləliklə, uzun illər içində məhz milli, dini mənsubiyyətinə görə, öz torpağında yaşamağa davam etmək istədiyinə görə terrora məruz qalmış soydaşlarımız, həmvətənlərimiz bu gün, qəhrəman Ordumuzun fədakarlığı, canı-qanı hesabına halal haqqını bərpa edir.

    Qarabağda müzəffər irəliləyişimiz xalqımızın üfüqünü açır, bizi böyük sabahlara səsləyir!

    Bizə bu qüruru yaşadan ordumuz, Ali Baş Komandanımız var olsun!

    İşimiz haqq işidir, biz qalib gəlirik!

    DÖVLƏTİMİZ VAR OLSUN!

    Qənirə Paşayeva,

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR