Azərbaycan illər boyu ATƏT-in nəticəsiz görüşlərinə humanizm səbəbilə səbr göstərib
Xəbər verdiyimiz kimi, Milli Məclis noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatla bağlı Milli Məclisin deputatı İlham Məmmədov AzadMedia.az-a açıqlamasında bildirdi ki, imzaladığımız bəyanatda deyilir ki, işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrın 10-da son qoyulub: "Fransa Senatının qətanaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürülüb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib".
Deputat qeyd etdi ki, çoxları çaşqınlıq yaratmaq məqsədilə senatın adını qeyd etmir, Fransa hökümətinin adını hallandırır. Unutmaq olmaz ki, dövlətin öz strategiyası, konyukturası var. Fransada güclü erməni lobbisi fəaliyyət göstərir, hansı ki, onların senata güclü təsir və təzyiq vasitələrinin olması heç kimə sirr deyil. Beynəlxal Hüquqi Normalar çərçivəsində Azərbaycanın ərazi bütövlüyü tanındığı halda, özünü demokratik ölkə sayan ölkənin senatının hüquqi normaya zidd davranışları təəssüf doğurur.
İ.Məmmədov daha sonra qeyd etdi ki, Regionda sabitlik, sülh tərəfdarı olan ölkə başçısı İlham Əliyev ərazilərimizin 30 il işğal altında qalmasına baxmayaraq, həmişə humanistlik nümayiş etdirmiş, ATƏT-in baza prinsiplərinə həmişə hörmət göstərmişdir. Lakin son dövrlər ermənilərin dəfələrlə atəşkəsi pozması, təxribat xarakterli əməlləri status-kvonun ləğv olunmasına gətirib çıxardı.
44 günlük müharibə, müharibə zamanı xalqın əhval-ruhiyyəsi, Prezidentin ətrafında sıx birləşmələri, Prezidentin dünyanın güc dövlətlərinin informasiya agentliklərinə verdiyi hərtərəfli açıqlamalar, ordumuzun peşəkarlığı göstərdi ki, Azərbaycan illər boyu ATƏT-in uzanan, nəticəsiz görüşlərinə humanizm səbəbilə səbr göstərib. Yoxsa, bizim torpaqlarınızı almağa güclü liderimiz, arxasında dayanan xalqımız və hər cür döyüş hazırlığına malik müzəffər ordumuz var, deyən millət vəkili vurğuladı ki, şükürlər olsun, müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı.
Qonşu Rusiya və qardaş Türkiyə sülhməramlılarının dəstəyi ilə inanıram ki, regionda sülhün bırqərar olmasına nail olacağıq. Tezliklə Fransa hökuməti də sülhün bərqərar olduğu ərazilərdə qanunlarımıza tabe olub, vətəndaşlığımızı qəbul edən ermənilərin bizim vətəndaşlıqdan necə məmnun olub, təhlükəsiz yaşamalarına şahid olacaq. Artıq işğaldan azad olmuş ərazilərimizdə tikinti-bərpa işlərinə start verilib. Şuşaya yol, su çəkilir. Digər ərazilər də minalardan təmizləndikdən sonra erməni vandalizminə məruz qalmış ərazilərimizin cənnət-məkana çevrilməsi elə Fransa senatını da şok edəcək. Sonda deputat İlham Məmmədov bir daha xalqımızı səbrli olmağa, cənab Prezidentin ətrafında sıx birləşib, birlikdə ölkənin rifahı naminə əlindən gələni əsirgəməməyə səslədi. Dövlət-Ordu-Xalq birliyi olan yerdə sülh var, sabitlik var, inkişaf var. Cənab Prezidentin dediyi kimi, biz birlikdə güclüyük.