Qalmaqallı general Əfqan Nağıyevə də “Qarabağ” ordeni VERİLDİ
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları təltif ediliblər.
Sərəncamla “Qarabağ” ordeni ilə təltif edilənlər arasında Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Vəli oğlu Nağıyev də var.
Xatırladaq ki, Əfqan Nağıyev bu ilin may ayında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmış, sonradan isə ev dustaqlığına buraxılmışdı.
Hərbi mənbələrdən əldə etdiyimiz məlumata görə, general Ə.Nağıyev Vətən müharibəsinin elə ilk günlərindən döyüşlərdə sərhəd xidmətinin generalı kimi iştirak edib. Onun döyüşlərdə peşakar zabit kimi fərqləndiyi bildirilir.
Məlumata görə, Ə.Nağıyev Zəngilan istiqamətində döyüşləri idarə edən generallardan biri olub.
Qeyd edək ki, Əfqan Nağıyev uzun müddət - 2012-cü ildən 2020-ci ilin fevral ayınadək Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinə rəhbərlik edib.
2004-cü ildə polkovnik-leytenant ikən Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Əfqan Nağıyev növbəti dəfə 2008-ci ildə təltif edilib. Həmin vaxt polkovnik olan Nağıyev Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Ə.Nağıyev 1 il sonra isə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Əfqan Vəli oğlu Nağıyevə general-mayor rütbəsi verilib. O, 6 il sonra – 2018-ci ilin avqustunda general-leytenant hərbi rütbəsini alıb.
O, bu ilin mayında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılmış, avqust ayında isə ev dustaqlığına buraxılmışdı...