Ermənistanın Azərbaycana təcavüzü ölkəmizə böyük fəlakətlər gətirib. Keçən əsrin 80-ci illərinin axırlarından başlamış bu siyasət təkcə 250 mindən artıq azərbaycanlının Ermənistandakı dədə-baba yurdundan qovulması ilə yekunlaşmayıb, sonrakı illərdə Dağlıq Qarabağ və ətrafdakı 7 rayon da işğal edilib və ümumilikdə 1 milyondan çox soydaşımız deportasiyaya məruz qalıb. Azərbaycanın dinc əhalisinə qarşı genişmiqyaslı hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımı törədilib. Bu il sentyabrın 27-dən başlamış Azərbaycanın əks-hücum əməliyyatları nəticəsində işğal olunmuş ərazilərimiz qaytarılıb. Ermənistan ordusu dinc şəhər və kəndlərimizi atəşə tutaraq, böyük dağıntılar, ağır hərbi cinayətlər törədib.
Bu barədə
Azadmedia.az a danışan Milli Məclisin deputatı İqbal Məmmədov dedi:
–Ermənistanın təcavüzü nəticəsində Azərbaycana küllü miqdarda maddi və mənəvi ziyan dəyib. Hazırda bunlar hesablanır və ölkəmiz dəymiş zərərlərlə bağlı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq niyyətini gizlətmir. Doğrudur, 44 günlük müharibədə şanlı ordumuz düşməni ağır hərbi məğlubiyyətə uğratdı. Onun 30 illik müddət ərzində qurduğu istehkamları darmadağın etdi. Amma mənfur düşmən də ölkəmizə yeni ziyanlar vurmaqdan qalmadı, cəbhə xəttindən uzaqdakı şəhərlərimizi ən dağıdıcı silahlardan atəşə tutdu, mülki əhaliyə qarşı hərbi cinayətlər törətdi. Təsəvvür etmək nə qədər çətin olsa da, şəhərlərimiz gecə saatlarında ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutuldu. Nəticədə 100-ə yaxın mülki vətəndaşımız, o cümlədən uşaqlar, qadınlar həlak oldular. 400-dən çox mülki şəxs yaralandı, beş mindən çox ev dağıdıldı.
Bu günlərdə Zəfər paradında çıxış edən Prezident İlham Əliyev Ermənistanın bu namərd addımları haqqında danışarkən Azərbaycan vətəndaşlarının dəyanətinə, dözümünə və öz torpağına bağlılığına çox yüksək qiymət verdi. Bildirdi ki, bu insanlar “öldü var, döndü yoxdur, sona qədər gedəcəyik” – deyiblər. Dövlət başçısı, eyni zamanda, müharibənin davam etdiyi müddətdə bəyan edirdi ki, bu vətəndaşlara dəymiş ziyanlar tamamilə ödəniləcək.
Artıq müharibəyə son qoyulub və indi ölkədə dinclik dövrü başlanıb. Ona görə də Ermənistanın ölkəmizə vurduğu yaraların sağaldılması istiqamətində addımlar atılır. Azərbaycan Prezidenti həmişə olduğu kimi, verdiyi vədləri yerinə yetirir. Dekabrın 14-də dövlət başçısı “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sənəddə qeyd edilir ki, Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün yaradılmış Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır. Dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq təkliflər hazırlanır. İlkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması nəzərdə tutulur. Ermənistanın təcavüzü nəticəsində mülki əhalinin dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində vəsait verilməsi qərara alınıb.
Bundan əlavə, sərəncamda nəzərdə tutulur ki, digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində vəsait verilsin. Əlaqədar icra orqanları maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin edəcəklər.
Əlbəttə, cəbhədə atəşin dayandırılmasından az sonra belə bir addımın atılması Azərbaycan Prezidentinin böyük humanizmi kimi qiymətləndirilməlidir. Təbii ki, Azərbaycanın bərpa edəcəyi şəhərlər, kəndlər çoxdur. Amma ilk növbədə dinc yaşayış məntəqələrimizdəki mülki əhaliyə və obyektlərə dəymiş zərərin ödənilməsi vacib hesab edilib. Prezident İlham Əliyev birinci dərəcəli vəzifə kimi məhz bu günahsız insanları nəzərə alıb. Bu isə, şübhəsiz ki, əhalimiz tərəfindən böyük razılıqla qarşılanmaqdadır.