Qalib dövlətin vətəndaşı, qalib xalqa mənsub olmaq tamam başqa bir duyğudur. Həmin hissləri sözlə ifadə etmək həqiqətən çətindir. Bu da səbəbsiz deyil. Milli qürurumuz, milli kimliyimiz 30 ilə yaxın müddətdə düşmən tərəfindən elə səviyyədə sınağa çəkilmişdi ki, onun ağırlığı altında mənən sıxılmamaq, üzülməmək qeyri-mümkün idi. Xüsusən, hər dəfə görəndə ki, düşmən tək deyil, hansı güclər ona havadarlıq və himayədarlıq edir, qələbəyə bəslədiyimiz inamın üzərinə qalın duman qatı çökürdü. Vasitəçilərdən bəzilərinin ədalətsiz mövqeyi, tərəfsizlik əvəzinə açıq və ya gizli şəkildə işğalçının yanında yer almaları, müəlliflik etdikləri çoxüzlü oyunlar da qələbəyə olan inam hissimizin sınağına, sarsıdılmasına hesablanmışdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
Ülvi Quliyev bildirib ki, son 30 ildə keçdiyimiz yola müxtəlif yanaşmalar, fərqli izahlar ola bilər. Şəxsi əminliyim isə ondan ibarətdir ki, Ordumuzun 2016-cı ilin Aprel döyüşlərində əldə etdiyi hərbi uğur qələbəyə olan ümumxalq inamının qorunub saxlanılmasında və dirçəlməsində, vətənpərvərlik ruhunun hər ötən gün daha da güclənməsində xüsusi əhəmiyyətə malikdir. Strateji nöqteyi-nəzərdən Aprel döyüşləri düşmənlə hərbi qarşıdurmada dönüş nöqtəsi demək idi. Diplomatiya müstəvisində miqyasına görə müqayisə oluna biləcək tarixi dönüş 2020-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransında baş verdi. İlk ictimai debat populizmlə siyasi təcrübənin, tarixi saxtalaşdırmaq cəhdi ilə tarixi keçmişə ədalətli istinadın, işğalçılıq siyasətinin müdafiə cəhdi ilə beynəlxalq hüquqa söykənən mövqenin üz-üzə dayandığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qətiyyətli dövlət xadimi, əsl dövlət adamı, öz xalqının iradəsinə söykənən siyasi lider və yüksək intellekt sahibi kimi beynəlxalq auditoriya qarşısında keçirilən debatda ortaya qoyduğu mövqe sayəsində dünya ictimaiyyəti əmin oldu ki, haqq və tarixi ədalət, beynəlxalq hüquq Azərbaycan xalqının tərəfindədir.
Vətən müharibəsi günlərində Prezidentimizin nüfuzlu beynəlxalq media qurumlarına verdiyi çoxsaylı müsahibələrdə ona təkrar-təkrar ünvanlanan suallardan biri də müharibənin niyə məhz 2020-ci ilin sentyabr ayına təsadüf etməsi ilə bağlı olurdu. Düşmənin populist, təxribatçı bəyanatları ilə müşayiət olunan növbəti hərbi təcavüz cəhdinə Prezident İlham Əliyev Azərbaycan xalqının cavab vermə haqqını dönə-dönə, səbirlə izah etsə də, eyni sual erməni lobbisinin ötürməsi ilə beynəlxalq mediada indinin özündə də ara-sıra səsləndirilir. Otuz ilə yaxın müddətdə dədə-baba torpaqları işğala məruz qalan, milyona yaxın qaçqın-köçkünü olan, milli qüruru və heysiyyəti hədəf seçilən, dünyadan ədalət gözlədiyi halda, ədalətsizliklə üzləşən xalqın rəhbəri olmağın məsuliyyətini və yükünün ağırlığını həmin sualı verənlər anlaya bilməzlər. Onu da anlaya bilməzlər ki, son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diplomatiya sahəsində zərrə-zərrə qazandığı uğurların, təmin edilən dayanıqlı iqtisadi və siyasi müstəqilliyimizin, peşəkar ordu quruculuğunun, bugünkü səviyyəyə qaldırılan vətənpərvərlik əhval-ruhiyyəsinin arxasında hansı zəhmət, hansı siyasi iradə, hansı qətiyyət dayanır.
Düşmən və ona havadarlıq edənlər, bədxahlarımız bunları bilməyə, yaxud etiraf etməyə bilərlər. Bu, önəmli deyil. Əsas olan müharibə günlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşmənə göstərdiyi və özünün də dəfələrlə qeyd etdiyi kimi, ümumxalq birliyimizi, Prezident və xalq vəhdətini təcəssüm etdirən dəmir yumruğudur. Bu, mübaliğəsiz, Azərbaycanın ən möhtəşəm silahı, məhz Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində əldə olunan ən böyük tarixi nailiyyətlərimizdən biridir.
Vətən müharibəsi günlərində dövlətimizin başçısı xalqımıza müraciətləri ilə təsdiq etdi ki, hətta böyük siyasətdə səmimiyyətini, ali dövlət kürsüsündə sadəliyini qoruyub saxlaya bilən, öz xalqı ilə eyni hissləri bölüşüb yaşayan və məhz bu ali insani keyfiyyətlərlə xalqına rəhbərlik etməyi bacaran lider nümunəsi də həyatda var.
Ümummilli liderimiz Heydər Əliyevin həyat qayəsi vətəndaşı olduğumuz Azərbaycan idi. Ulu Öndər belə demişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Heydər Əliyevin fəxr etdiyi Azərbaycana, xalqımıza, bizlərin hər birinə tarixi Qələbənin qürurunu yaşatdığına görə, bu Qələbənin əsas memarı olan Prezident İlham Əliyevə seçicilərim adından, şəxsən öz adımdan və doğmalarım adından səmimi minnətdarlığımızı bildirməyi vətəndaşlıq borcu hesab edirəm.
Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimiz və xalqımız naminə başladığı xilaskarlıq missiyasını Prezident İlham Əliyev Zəfər Günü səviyyəsinə ucaltdı. Yaşadığımız tarixi günlərdə Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla bir daha yad edirik. Bu tarixi Zəfər onun da ən böyük Qələbəsidir!