Gələn ildən respublika ərazisində İcbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılır
Məşhur Məmmədov,
Milli Məclisin deputatıBildiyimiz kimi Milli Məclisin son iclasları dövlət büdcəsinin müzakirəsinə yönəlib. Bu gün müvafiq qərarlar qəbul olundu. Siyasi partiyaların maliyyələşməsi, əmək pensiyasının yeni qaydalarla hesablanması, işsizlikdən sığorta fondu, ehtiyac meyarının müəyyən edilməsi bunu deməyə imkan verir ki, 2021-ci ilin dövlət büdcəsi sosialyönümlüdür, bu da təsadüfi deyil. Bu, Azərbaycan dövlətinin öz vətəndaşlarının sosial müdafiəsinə xüsusi önəm verməsini bir daha təsdiqləyir. Qeyd edim ki, büdcə layihəsində səhiyyə sahəsinə də xüsusi yer verilib. Əminliklə deyə bilərəm ki, səhiyyə və tibbi xidmətlər üçün nəzərdə tutulmuş vəsait bu sahədə əhaliyə xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına imkan yaradacaq.
Gələn ildən respublika ərazisində İcbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılır. Bu, ölkəmizdə səhiyyə xidmətləri sahəsində çox mühüm dönüş yaradacaq. Artıq 20 rayonda icbari tibbi sığorta kifayət qədər uğurla tətbiq olunur. Bu rayonlarda səhiyyə xidmətlərindən vətəndaş məmnunluğunun yüksək olması yeni sistemə keçidin əhəmiyyətini düzgün qiymətləndirməyə əsas verir. Bu sistemin bütün ölkə ərazisində tətbiqi şübhəsiz ki, heç də asan proses olmayacaq, mərhələli olaraq qurulacaq. Tibb müəssisələrinin bugünkü səviyyəsinin qiymətləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, tibb personalının peşəkarlıq səviyyəsinin artırılması çox böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu çətin prosesi həyata keçirmək üçün nəinki dövlət qurumlarının, bütün cəmiyyətimizin dəstəyi çox mühüm əhəmiyyətə malikdir.
Azərbaycanda səhiyyənin inkişafı, dövlətin xüsusi önəm verdiyi sahələrdən biridir. Bu gün tibbi təhsilin inkişafı, müasir dünya standartlarına uyğunlaşdırılması, qarşımızda duran əsas vəzifələrdəndir.
44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı bölgələrdə fəaliyyət göstərən xəstəxanaların əhəmiyyəti və bu xəstəxanalarda çalışan tibb işçilərinin fədakarlığı tibb sahəsinə.diqqətin həmişə öndə olmasını zəriri edir. Bir çox cəbhəyanı rayonlarda müasir tələblərə cavab verən xəstəxanalarımızın olması yaralı əsgərlərimizin müalicəsi üçün böyük imkanlar yaratdı.
Etiraf edim ki, bu gün bütün bəşəriyyət üçün bəlaya çevrilmiş COVID-19 pandemiyası ilə mübarizədə ölkəmiz də ciddi problemlərlə üzləşib. Hamını bu həssas mövzuya toxunarkən dəqiq məlumatlara əsaslanmağa, əhalidə çaşqınlıq yaratmamağa çağırıram.
Vətəndaşlara da tövsiyə edirəm ki, özbaşına müalicələrdən çəkinsinlər. Son günlər sağalanların sayının yoluxanlar sayını dəfələrlə üstələməsi ölkənin səhiyyə sisteminin virusla mübarizədə düzgün strategiyasından xəbər verir. Səbrli olaq, qaydalara əməl edək, yeni ildə səhiyyənin vətəndaşlar üçün yaradacağı məmnumluqdan səmərəli istifadə edək.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR