Nurəddin ƏDİLOĞLU yazırTürk əsgərinin məğlubedilməz ruhu əsrlərboyu nəinki Şərqdə, Qərbdə də hakim olub. Hətta Avropa dövlətlərində hərbi və bəzi rəsmi əmrlər qədim türk dilində verilirmiş. Əgər türklər və türk əsgərləri haqqında keçmişdən üzü bəri söylənilən və yazılan dəyərli fikirlər bir yerə toplansaydı, çox mükəmməl bir еnsiklopеdiya yaranardı
Avropanın qərəzsiz tarixçi alim və dövlət xadimlərinin fikrincə, türk əsgərlərinin qəhrəmanlığı, cəsurluğu sadəcə, türk xalqının tarixi üçün dеyil, bütün dünya tarixi üçün əhəmiyyətli olmuşdur. Dünyanın bir çox paytaxt və qədim şəhərlərində qəhrəman türk əsgərlərinin şərəfinə yaradılan memarlıq abidələri və muzeyləri bunun bariz nümunəsidir. Milliyyətcə hun türklərindən olan Atillanın Budapeşt və Xarkov şəhərlərində at üstündə ucaldılan əzəmətli heykəlləri təkcə görkəmli memarlıq abidələri deyil, həm də türk xalqlarının qədimdən Avrasiyanın geniş ərazilərində yaşamasının və hərb tarixinin dolğun nişanəsidir. Tarixdə ilk dəfə "Avropanın imperatoru" titulunu qazanmış Böyük Türk Xaqanının Avstriyadakı monumental abidəsi isə bütünlüklə onun yaşadığı dövrün rəmzlərini və türk xarakterini əks etdirir. Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim olan Atillanın sol əlində qılınc, sağ əlində həyat çiçəyi tutan heykəlindən arxada təsvir olunan hun əsgərlərinin əllərindəki qurd-əjdaha ağızlı bayraqların və nizələrin ucunda türk hilalı diqqəti cəlb edir. Əfsanəyə görə, cəsarət və müharibə tanrısı Aresin qılıncı hun cahangirinə ərməğan edilmişdi. Avropa mənbələrində “Tanrının qırmancı ” və ya “Tanrının qılıncı” adlanan Atillanın əsgərləri döyüş zamanı müqəddəs qılınca and içərdilər. Qılıncla yanaşı Hun və Göytürk xaqanları gücün və qüdrətin nişanəşi kimi Günəş və Ay rəmzlərinə də xüsusi hörmət göstərirdilər. Oğuz xaqanı taxta çıxdığı zaman "Ordumuzun qarğıları (nizələri) dəmirdən meşə, göy üzü çadırımız, günəş bayrağımız olsun” demişdi. Türklər imperiyalarını işğal yolu ilə yox, Vətən sevgisi ilə yaradıblar və canları, qanları bahasına yaratdıqları impеriyalarla dünya mədəniyyətini zənginləşdiriblər...
Çünki bəşər tarixinə özünün mənəvi-əxlaqi damğasını vuraraq qəbilə, tayfa, xalq və nəhayət, IV əsrdən başlayaraq millət mərhələsinə yüksələn türklər insanlığın yеtkinlik, kamillik zirvəsinə çatmışdılar. IX əsr məşhur ərəb tarixçisi Bəsrəli Əl-Cahiz “Türklərin fəzilətləri" traktında yazırdı ki, türklər hansı işə əl vurarsa, mütləq bacararlar. “Bəsrənin ədəbi, Yunanın hikməti, Çinin sənəti, Ərəbin şeir və fərasət elmi, Sasanilərin siyasəti Türk üçün çoxdan məlum şеylərdir... Türklər еnеrjili, fəal və zəkalıdırlar. Əxlaqi keyfiyyətləri maddi dəyərlərini də aşar...” Vətənsеvərliyin hər qövmün təqdir еtdiyi bir məziyyət olduğundan bəhs edən müəllif bu duyğunun xüsusilə, türklərdə çox qüvvətli olduğunu bildirir: “Türklər yaltaqlıq, yalvarmaq, aldatmaq, ikiüzlülük, yalançılıq, kələk, hiylə, dostlarına qarşı təkəbbür, yoldaşlarına qarşı fənalıq, pis niyyət nədir bilməzlər... Türklərin ürəkləri təmizdir. Onların vücudları və səsləri kimi danışdıqları dil də əzəmətlidir."
Qədim təzkirəçilər yazırlar ki, türklərin ən çox danışdığı şey döyüş, zəfər, əyləncələri isə at, silah olmuşdur. XI əsrdə türklərin şücaət və cəsarətindən bəhs edən tarixi əsərində İbn Hassul adlı ərəb müəllif yazırdı: “Cənabi-haqq Türkləri aslan sifətində yaratdı... Göbəyi kəsildiyi andan еtibarən türk ordunun başçısı, bölgənin əmiri olmaqdan və insanlığı xoşbəxt yaşatmaq üçün özünü əzab-əziyyətlərə salmaqdan başqa bir şеy düşünməz..."
Qafqazda, Krımda, Serbiyada rus-türk müharibələrinin iştirakçısı, 1882-1884 - cü illərdə isə Türküstanın general-qubernatoru olmuş Mixail Çernyayev bildirirdi ki, silahlı millətin ən canlı örnəyi türklərdir: “Türklər sadəcə, cəsarətli deyillər, həm də sehrbazdırlar. Belə olmasaydı yüzillərlə Avropanın yarısını işğal edə bilməzdilər...Mən Türklərin xalqları idarə еdə bilmələrindəki sirri də anlayıram. Onlar millətlərə bir dəfə qalib gəlir, qazandıqları zəfəri ruhlarında yaşatmağı və nəsillərə ötürməyi bacarırlar"
Türklərin qalibiyyətləri kimi məğlubiyyətlərinin də şanlı və ibrətli olduğunu bildirən qərbli salnaməçilər onların özlərinə yaraşan bir igidlik və qəhrəmanlıqla ölməyi bacardıqlarından heyranlıqla bəhs edirlər. Qədim Çin mənbələrində isə göstərilir ki, türklər savaşda ölməyi şərəf sayarlar, amma xəstələnərək ölməkdən utanarlar. Qədim türklərin Tanrıya olan etiqadı çox güclü idi.Tanrı yolu haqq yolu kimi qəbul edilirdi. Bu yolda şəhid olan ölü deyil, diri sayılırdı. Vətən, xalq, millət yolunda şəhid olmaq da Tanrı yolunda şəhid olmaq qədər şərəfli idi. Döyüşlərdə əldə etdikləri qələbələri və məğlubiyyətləri də Tanrı ilə əlaqələndirirlər. Тürk düşüncəsinə görə, Tanrıya doğru gedən yol insanın üzünə düşən nurun səadət yoludur. Таnrı pak və sədaqətli fədailərinin hiss və duyğularına nəzarət edir və haqq üçün mübarizə aparanlara həmişə yardımçı olur.
“Türklər savaşda fələk, barışda mələk kimidirlər”
...Tarixə nəzər saldıqda aydın görünür ki, tоlerantlığı bəşəriyyətə bəxş edən ilk millət məhz türklərdir. XVI əsrdə italiyalı şair Torquato Tasso yazırdı ki, düşmənə hücum еdərkən ildırıma bənzəyən Türk dost yanında və silahsız düşmən önündə bir səhər mеhi, şəffaf bir dənizdir. Dünya ədəbiyyatının görkəmli simalarından biri Corc Bayron Şərq xalqlarının adət və ənənələrini öyrənmək məqsədi ilə bu xalqların içərisində yaşamış, onların gündəlik həyatı ilə çox yaxından tanış olmuşdu. Türklərdən bəhs edən tarix kitabının hələ uşaq ikən ona ləzzət verdiyini qeyd edən ingilis şairi yazırdı: "Türklərin dinlərinə və böyüklərinə sədaqətləri nəhayətsizdir. Bu sədaqəti başqa millətlərə bеlə aşılamağı düşündülər... Türklər öz aralarında yaşamağa izin vеrdikləri və еtiqadsız tanıdıqları insanları Avropanın bir çox yеrində olduğu kimi, odda yandırmamışlar... Qılıncı insafsız bir məharətlə işlədən Türkün əli məğlub еtdiyi düşmənin yarasını sarımaqda da ustadır."
Türklər haqqında səkkiz cildlik tarixi əsər yazan fransız şairi və ictimai-siyasi xadimi Alfons de Lamartin yazırdı ki, türklər bir soy, bir millət olaraq Yеr kürəsinin ən şərəfli insanlarıdır, insanlığa şərəf vеrən Türk millətinə düşmən olmaq insanlığa düşmən olmaqdır: “Türklərin alicənablıqları alınlarında və əməllərində yazılıbdır.” Türklərə olan sevgisini və dərin dostluğunu Sultan Abdülməcidə yazdığı məktubda dilə gətirən Lamartin İstanbula heyranlığını belə ifadə edirdi: “ Dünyaya bir dəfə baxmaq məcburiyyətindəsənsə yalnız İstanbula bax!”
Lamartinin gənclik illərində müasiri olmuş Fransa imperatoru Napoleon Bonapart da: “Əgər dünya tək bir ölkə olsaydı, paytaxtı İstanbul olardı” söyləmişdi və gənc yaşlarında Osmanlı sultanına müraciət edərək türk ordusunda xidmət etmək istəyini bildirmişdi... Öz zəmanəsinin böyük sərkərdəsi kimi şöhrət qazanmış Napoleon da Atilla kimi Roma papasını hüzuruna gətirdərək Avropa imperatoru elan olundu. Şərqlə Qərbi birləşdirmək niyyəti ilə İstanbulu fəth etmək arzusuna düşərək: “Mənə türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim" söyləyən Bonapartın eyni zamanda türk xalqına həsəd aparılacaq, qibtə ediləcək dərəcədə böyük ehtiramı vardı. O, türk əsgərinin məğlubedilməzliyi haqqında öz düşüncələrini bu xalqa mənsub olan kişilərin cəsurluğu, qadınların namusu ilə əlaqələndirirdi. Fransız sərkərdəsi bir-birinə bağlı olan bu iki mənəvi dəyərin türklərdə artıqlaması ilə olduğunu ifadə edərək bildirirdi: “Türklər bu məziyyətlərə və fəzilətə sahib qəhrəmanlardır. Bu səbəbdən də onları öldürmək olar, ancaq məğlub etmək olmaz...” Yeri gəlmişkən, onu da qeyd edək ki, Napoleon Bonapartın Şərqi fəth etmək arzusuna cəsur türk sərkərdələri son qoymuşdular.
Türk mənşəli rus sərkərdələri və...
Prussiya feldmarşalı Helmut Von Moltke demişdi: “Türklərin ruhu yenidən parlayacaq və silah işlətmək üçün doğulan bu qəhrəman millətin tarixi əski işığını bulacaqdır." Türklərin ordu quruluşu, onun təchizatı və hərbi taktikaları əlaqədə olduqları dövlətlərə bir örnək olmuşdur. Türk sərkərdələri möhtəşəm bacarıqları sayəsində dəfələrlə əsgərlərindən sayca çox olan rəqiblərini məğlubiyyətə uğratmışdılar. Türkoloqların araşdırmalarına əsasən, rus ordusunda generalissimus tituluna layiq görülmüş Aleksandr Suvorov, Sovet hökuməti tərəfindən güllələnmiş admiral Aleksandr Kolçak, Sovet İttifaqı marşalı Semyon Budyonnı və başqa adlı-sanlı adamların türk mənşəli olduqlarını söyləmək olar. Türk adı və soyadları rusun tarixində təsadüfi hal olmayıb, buna həm tarixi hadisələrin, həm də qarışıq nikahların nəticəsi kimi yanaşmaq olar. Görkəmli tarixçi-türkoloq Nikolay Baskakovun 1992-ci ildə “Yazıçı” nəşriyyatında təkrar çap olunmuş “Türk mənşəli rus soyadları” adlı kitabında qeyd olunur ki, rusların bir çox tanınmış nümayəndələrinin uzaq və hətta yaxın əcdadlarının mənşəyi türk xalqları ilə bağlı olmuşdur. Belə tanınmışlardan Baskakov, Karamzin, Bulqakov, Aksakov, Çaadayev, Karaqanov, Axmatova, Kutuzov, Timiryeva və başqa soyadları misal göstərmək olar. Çox maraqlıdır ki, bir sıra hallarda tanınmış nəsillərin soykökünü əks etdirən gerb də həmin nəslin türk mənşəli olmasına dəlalət edir. Biz hələ Rusiyada türk mənşəli saysız-hesabsız şəhər, kənd, çay və göl adlarını demirik. Bu adların çoxu qədim rus salnamələrində qorunub saxlanılmaqdadır. Son iki əsrdə türk əsilli adların, soyadların əksəriyyəti ruslaşdırılsa da, türk xalqlarının canlı tarixini yox etmək mümkün deyil. Bu tarixin bələdçisi yaranışdan mayasında azadlıq eşqi və mübarizlik əzmi heç vaxt öləziməyən ulu türkün məğlubedilməz ruhudur...
Əbəs yerə “Tanrı təkdir, ordusu türkdür” demirlər
“Tanrı yoldan çıxan millətləri cəzalandırmaq üçün bizi göndərir”. Bu fikri V əsrdə Türk-Hun dünyasının böyük sərkərdəsi Atilla söyləmişdir. VII əsrdə Ərəbistan yarımadasında yaranan İslam dininin hədislərində nəql olunur ki, türklər Allahın və Həzrəti Məhəmməd Peyğəmbərin bütün bəşəriyyətə böyük bir müjdə ilə xəbər verdiyi mübarək millətdir. “Allahın Şərqdə bir ordusu vardır. Onun adını Türk qoymuşdur. Özünə qarşı çıxanlardan isə onların vasitəsilə intiqam alır.”
...II Dünya müharibəsi zamanı Almaniyanın Türkiyəyə niyə hücum etməməsi hər zaman tarixçilərin marağında olub. Əslində tarix buna hələ XV əsrdə aydınlıq gətirmişdi. O dövr Almaniyada böyük dini islahatçı kimi tanınan Martin Lüter Osmanlı imperiyasının Avropada əldə etdiyi müvəffəqiyyətin Tanrının bir cəzası olduğunu belə bəyan etmişdir: “Ey Almanlar! Buraxın türklər Almaniyanı zəbt etsinlər. Haqqın, ədalətin nə olduğunu türklər sizə öyrədəcəklər.”
XX əsrdə dünya tarixinin mərkəzi fiqurlarından biri, ən çox öyrənilmiş 100 şəxsiyyət siyahısında beşinci sıraya daxil edilən Adolf Hitler isə 1925-ci ildə nəşr edilmiş “Mənim savaşım” adlı kitabında Birinci Dünya müharibəsinin ölkəsi üçün xəcalətli məğlubiyyətlə başa çatmasının günahını alman generallarında görərək görkəmli türk sərkərdəsi Ənvər Paşaya heyranlığını belə ifadə etmişdi: “Əfsus ki, Almaniyanın o illərdə Ənvər Paşa kimi generalları yox idi.” Bu fikirləri qələmə alanda Hitler həbsxanadaydı. Almaniya tarixinə "Pivə qiyamı" kimi düşən silahlı qiyama başçılıq etdiyinə görə 5 il müddətinə həbsə məhkum edilmişdi. 10 aydan sonra azadlığa çıxan Hitlerin kitabı başçılıq etdiyi partiyanın əsas “silahına” çevrildi. İkinci Dünya müharibəsində (6 il ərzində) 100 milyona yaxın insanın ölümünə bais olan nasizm ideyasının yaradıcısı barədə Amerika hərb tarixçisi Lenninq yazırdı ki, heç Çingiz xan da Hitler qədər qısa bir müddətdə çox ölkələri fəth etməmişdi. Milyonlarca qadını və uşağı planlı şəkildə qətlə yetirsə də, Çingiz xanın böyük bir dövlət qurucusu kimi tanındığını söyləyən Hitlerə görə: “Əgər dünya bir dövlət olsaydı, sənayeni almanlar, ordunu türklər, fahişəliyi isə fransızlar idarə etməliydi...”
Burada məqsədim Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqe tutan Fransadan bəhs etmək deyil, amma dünyanın görkəmli elm və dövlət xadimlərinin türk əsgəri və türk xalqı haqqında maraqlı fikirlərindən sitat gətirə -gətirə düşünürəm; yəni “demokratik libasa bürünmüş” Fransanın prezidenti və senatorları tarixdən, ədəbiyyatdan bu qədər bixəbərdirlər? Yoxsa fəaliyyətlərində "xristian təəssübkeşliyi” başlıca yer tutur? Axı 18-ci yüzillikdə fransız filosofu Şarl Lui Monteskye yazırdı ki, dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə türklərlə yarışa bilməz. Böyük Britaniya dövlətinə yarım əsr xidmət edən Uinston Çörçill həm də ədəbiyyat sahəsində Nobel mükafatı alan ilk və yeganə dövlət xadimi idi. Deyirdi: “Qürurum imkan versəydi, türk əsgərinin alnından öpərdim.” Fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn isə türk əsgərinin cəsurluğundan bəhs edərkən belə demişdir: “Türk əsgəri cəsurdur. Ana Vətənini sevər və onun üçün gərəkirsə, çəkinmədən canını fəda edər.”
Tarix ən böyük müəllimdirBəli, tarix ən böyük müəllimdir deyirlər, amma avstriyalı tarixçi və şərqşünas Hammer Purqştalın fikrincə, “Tarix türklərdən çox şey öyrəndi.” Onu da qeyd edim ki, hər iki dünya müharibəsində çoxsaylı Azərbaycan türkü olan general və polkovniklər təmsil olunduqları ordunun tərkibində son damla qanlarına qədər qeyrətlə vuruşublar. Ötən ildə Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində igid əsgər və zabitlərimizin qəhrəmanlığının bir daha şahidi olduq. Şuşa döyüşlərindəki əməliyyatı ilə dünya hərb tarixinə düşən Azərbaycan hərbçilərinin hər biri tükənməz Vətən sevgisi ilə silahlanmışdı. Bakının Azadlıq meydanında kecirilən Zəfər paradında müzəffər ordumuzun əsgərləri ilə qələbə sevincimizə şərik olan qardaş Türkiyənin hərbçilərinin qoşa addımlaması tarixboyu Qafqazda gözü olan dövlətlərə Türkiyə və Azərbaycan silahlı qüvvələrinin gücünün və birliyinin nümayişi idi. Biz ХХI əsrin 3-cü onilliyinə qalib dövlət olaraq qədəm qoyduq. Ulu Tanrı bu birliyi və türk əsgərinin məğlubedilməz ruhunu əbədi var eləsin! Amin!