"Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları, tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür".
AzadMedia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışı zamanı söyləyib.
Dövlət başçısı deyib: “Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur. Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda onun bir çox parametrlər üzrə olduqca unikal olduğunu görə bilərik. Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir və həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, 2500 metr hündürlükdə olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir”.
Prezident qeyd edib ki, Cənub Qaz Dəhlizi ən yüksək ekoloji standartlara cavab verir və bu, həmin layihənin planlaşdırılması və icrası zamanı bizim üçün başlıca şərt olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.