AzadMedia.az xəbər verir ki, 24 aprel tarixində "Azərbaycan Mədəniyyəti" sosial platforması, Odlar Yurdu Universiteti və Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə "Klassiklərdən İncilər" layihəsində Seyid Şuşinski yaradıcılığına həsr olunmuş görüş keçirdi.
Qeyd edək ki, "Azərbaycan Mədəniyyəti" platforması artıq 4 ildir ki, Nicat Müslümovun rəhbərliyi və təşkilatçılığı ilə dahi sənətkarlarımızı, korifeylərimizi, muğam incilərimizi həm Azərbaycan xalqına, həm də dünya xalqlarına sevdirmək və tanıtdırmaq üçün bir çox layihələrə imza atmışdır.
Tədbirdə Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Seyid Şuşinskinin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Həbib müəllim Azərbaycan xalqının malik olduğu belə dəyərli korifeylərimiz haqqında keçirilən görüşü yüksək dəyərləndirərək, Azərbaycan gəncliyinə hər zaman öz dahilərini tanıması və tanıtdığı üçün "Azərbaycan Mədəniyyəti" sosial platformasının sədrinə təşəkkürlərini bildirdi.
Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Gülbəniz Cəfərova və filologiya ixtisasının 3-cü kurs tələbəsi Fidan Nəbiyeva da Seyid Şuşinskinin Azərbaycan gəncliyinə həm mənəvi, həm də insani duyğularda necə örnək olduğunu bildirərək, Seyid Şuşinski barəsində statlar səsləndirdilər.
"Seyid Şuşinski yaradıcılıq gecəsi" tədbiri eyni zamanda Azərbaycan Mədəniyyəti Platformasının solistləri tərəfindən müşayiət olundu. 2015-ci il "Muğam müsabiqəsi" diplomatı Ülkər Orucova "Şuşanın dağları", Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin xanəndəlik fakültəsinin 3-cü kurs tələbəsi, Əməkdar artist Babək Niftəliyevin tələbəsi Günel İsgəndərova "Qarabağ" və "Mənim Azərbaycanım" mahnılarını ifa etdi.
Sonda bildirilib ki, "Klassiklərdən İncilər" layihəsi Azərbaycan korifeylərini işıqlandırmağa bundan sonra da davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.