AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bütün Azərbaycan möhtəşəm qələbəyə görə Müzəffər Ali Baş Komandana minnətdardır

  • + A
  • - A
  • 9-03-2021, 18:02



    Anar MƏMMƏDOV
    Milli Məclisin deputatı


    Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkəsidir. Azərbaycanı
    regionda əsas söz sahibinə çevirmiş qlobal enerji layihələrin reallaşdırılmasında ardıcıllığın təmin
    olunması, ölkənin müdafiə potensialının gücləndirilməsi, beynəlxalq nüfuz və mövqelərinin
    möhkəmləndirilməsi, balanslaşdırılmış xarici siyasət kursu Prezident İlham Əliyevin ötən 17 ildə
    xüsusi diqqət yetirdiyi məsələlərdəndir.
    Daxili və xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad
    mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını
    təmin edən amillərdir. Cənab İlham Əliyev ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü
    müstəqil xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirmiş, Azərbaycanın
    beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarını maksimum səviyyədə
    qorumasına nail olmuşdur.
    Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və
    Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə
    qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata
    keçirilən iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor
    və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri
    sırasında xüsusi yer tutur.
    Artıq ölkəmiz üçün yeni bir dövr - quruculuq dövrü başlayıb. Dağlıq Qarabağ
    münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar
    yaratdı. Bu kontekstdə bir sıra məqamlara xüsusi olaraq diqqət yetirmək lazımdır. Əvvəla,
    Azərbaycan hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı.
    Sovet ittifaqının dağılması prosesində etnik separatçılıqla müşahidə edilən müharibələr tarixində
    dönüş yaratmaqla yeni nümunə ortaya qoydu. Digər tərəfdən, ölkəmiz böyük bir strateji regionda
    yeni güc balansı yaratmaqla bu yeni geosiyasi tarazlıqda özünün mühüm yerini və rolunu müəyyən
    etdi. Bütün bunlar isə o qədər sürətlə baş verdi ki, dünya siyasətini müəyyən edən güc
    mərkəzlərinin bir çoxu, sadəcə olaraq, hadisələri kənardan izlədilər və ona əsla müdaxilə edə
    bilmədilər. Halbuki, biz çox radikal və aktiv müdaxilə cəhdlərinin də şahidi olduq. Nəticədə isə
    Prezidentin yaratdığı milli ortaq dəyərlər və vətəndaş həmrəyliyinin əsasında güclü Azərbaycan
    Vətən müharibəsində qalib gəldi. Reallıq ondan ibarətdir ki, dayanıqlı Azərbaycan iqtisadiyyatı
    qarşısında Ermənistan heç bir zaman tab gətirə bilməzdi. Müharibədən öncəki çıxışlarında hər
    zaman İlham Əliyev bildirib ki, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri
    qayıtmalıdırlar: "Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa
    çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdır. İşğal olunmuş
    torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki,
    bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!" Azərbaycan Ordusu ata-baba torpaqlarını
    terrorçu xunta rejimindən ermənilərdən təmizlədi və bununla bir daha sübut olundu ki, dövlət
    başçısının dediyi heç bir söz əbəs yerə deyildi.

    Bununla da Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi
    adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44
    günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində Prezident, Müzəffər
    Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanan Azərbaycan həm
    öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Beləliklə, Azərbaycan
    yeni reallıq formalaşdırmaqla özünə mühüm strateji perspektiv təmin etdi.
    Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş
    Komandan və qətiyyətli Lider cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir.
    Artıq hər bir azərbaycanlı harada olmasından asılı olmayaraq qürurla başı dik, sinəsi fəxarətlə dolu
    gəzir. Bütün bunlar ömrünü xalqına həsr edən 17 illik gərgin əməyin sahibi, hər bir azərbaycanlının
    Prezidenti İlham Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün oldu. İndi bütün Azərbaycan
    bu möhtəşəm qələbəyə görə Müzəffər Ali Baş Komandana minnətdardır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR