Son günlər Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması intensivləşib. Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 26-da və 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Ermənistan isə bu məlumatı təkzib edir və atəşkəsin Azərbaycan tərəfindən pozulduğu bildirir. Azərbaycan tərəfindən Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı bir neçə dəfə təklif səsləndirilsə də Ermənistan tərəfindən heç bir cavabın verilməməsi fonunda belə intensiv atəşkəsin pozulması prosesləri hara apara bilər?
İyunun 25-də Prezident İlham Əliyev Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən bildirib ki, ola bilsin seçkiqabağı vəziyyət Ermənistan hökumətinə sülh sazişinə dair bəyanatlar vermək üçün çox əlverişli olmayıb. «Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur».
Prezident qeyd edib ki, Azərbaycana sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır. «Bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi».
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun fikrincə, Ermənistan silahlı qüvvələrinin yenidən Azərbaycanla sərhəddə atəşkəsin pozması onu göstərir ki, Ermənistanda revanşist qüvvələr artıq son həmləni həyata keçirirlər.
O, Turana bildirib ki, həmin revanşist qüvvələr proseslərin onların maraqlarına tamamilə ziddinə olduğunu yaxşı bilirlər. «Həm də parlament seçkilərində qalib gəlmiş Nikol Paşinyan artıq bəyan edib ki, hakimiyyət daxilində çox ciddi kadr islahatlarını həyata keçirəcək. İlk növbədə bu proses Xarici işlər nazirliyindən başlayacaq, Müdafiə və digər nazirliklərdə çox ciddi təmizləmələr olacaq».
Deputat istisna etməyib ki, «təmizləmələrin» nəticəsində vəzifədən gedəcək generallar və digər ranqlı zabitlər bu cür təxribatlara əl atmaqla öz gücünü nümayiş etdirmək istəyirlər. «Ancaq bunlar hamısı əbəs yerədir. Çünki Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan ordusu Ermənistana kapitulyasiya aktını imzalatdıran ordudur. Özləri da gözəl bilirlər ki, belə təxribatlarla heç bir hədəfə nail ola bilməzlər».
Nəsirov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sülh müqaviləsini imzalamağa təklif edib. «Bu yenə də bizim sülhpərvər olduğumuzu göstərir. Eyni zamanda cənab Prezident Ermənistana xəbərdarlıq edib ki, sülh yolu Ermənistanın xilas yoludur. Amma Ermənistan başqa bir seçim etsə dəmir yumruq yerindədir. Yəni, belə hərbi təxribatlara əl atmaq, atəşkəsi pozmaq Ermənistanın başına növbəti dəfə həmin dəmir yumruğun endirilməsini şərtləndirə bilər».
Politoloq Ərəstun Oruclu isə bildirib ki, sülh müqaviləsinin imzalanması müharibəsinin bitməsi üçün zəruri şərtdir, amma bu olmayacaq.
Onun fikrincə burda həm daxili, həm xarici səbəblər var. «Belə münaqişələr geosiyasi təsir aləti kimi yaradılır və idarə olunur. Onların həlli də müxtəlif yollarla alınır. Tarix boyu belə olub».
Onun sözlərinə görə, ikinci səbəb isə daxili səbəbdir. «44 günlük müharibəyədək Azərbaycan hansısa sülh müqaviləsinə getsəydi bu, məğlubiyyət kimi qəbul olunacaqdı. İndi Ermənistanda da vəziyyət belədir. İstənilən halda ya Ermənistan tərəfdə, ya Azərbaycan tərəfdə istənilən şərtlərlə sülh müqaviləsinə imza atan siyasi rəhbərlər özünü və hakimiyyətini risk altına atırdı. Bu gün də bu dəyişməyib».
Ekspert deyir ki, dəyişən yalnız bir şeydir - təmas xəttidir. «Azərbaycan 44 günlük müharibəsində uğur əldə edib, Ermənistan qoşunlarını işğal olunmuş ərazilərindən xeyli uzaqlaşdırıb və ona görə də bu atışmalar keçib sərhəd bölgəsinə».
Politoloqun fikrincə, sərhəd bölgəsində atışmaların əvvəl işğal olunmuş ərazilərində atışmalardan fərqi ondan ibarətdir ki, bu daha böyük risklər yaradır. «Belə bir sərhəd boyu qarşıdurma gələcəkdə kənar qüvvələrin hərbi müdaxiləsinə imkan verə bilər».