- Olur ki, Siz tez-tez və çox yuyunasınız?
- Olur ki, Siz dəfələrlə nəyi isə yoxlayasınız?
- Olur ki, Siz əşyaları müəyyən qaydada yığmağa meyil edəsiniz?
- Olur ki, Sizi incidən hansısa bir fikirdən azad olmaq istəyirsiniz, lakin bacarmısınız?
- Olur ki, Siz necə görünməyiniz barədə daim narahatlıq keçirir və çalışırsınız ki, bu barədə düşünməyəsiniz?
- Olur ki, ev işləri çox vaxtınızı alsın, hansı ki, bitirməkdə çətinlik çəkirsiniz?
Obsessiv-kompulsiv pozuntu (OKP) sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox isə onların hər ikisinin mövcudluğu ilə xarakterizə olunan, kəskin stress pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntu, səbəbləri və necə aradan qaldırıla bilər.
Saydığımız bütün bu proseslərin meydana çıxmasına səbəb ola bilən hallar, nəticələri və həlli yolları barədə Psixoloq Nübar Bayramova Azadmedia.az-ın redaktoru Ülkər Piriyevanın suallarına açıqlama gətirib.- Hərəkətlərinizin qeyri-ixtiyari təkrarlanması Sizi qorxutmalıdırmı? - Niyə?Bu günkü həyatımızda insanları ən cox narahat edən hadisələrdən biri gündəlik həyatlarında bir çox hərəkətlərimizin özümüzdən aslı olmayaraq sinxron təkrarlanmasıdır. İlk vaxtlar biz bunların qətiyyən fərqinə varmırıq. İlk əvvəldə hər hansısa bir hərəkəti dəfələrlə təkrar etməyimiz bizə o qədər də əhəmiyyətli görünmür. Məsələn, evdən çıxarkən qapını bağlamağımızı, işığı söndüməyimizi dəfələrlə yoxlayırıq. Sanki bir dəq. əvvəl qapını bağladığımız fikrimizdən tamamən silinib gedir.
Bəzən bunu yaddaşsızlıqdan əziyyət çəkməyimiz kimi əlaqələndiririk. Lakin zaman keçdikcə hər hansı fəaliyyət zamanı sinxronlaşmış hərəkətlərin sayının artma dinamikası yüksələn xətt üzrə getdikcə bu bizi narahat etməyə başlıyır. Narahatçılığımız get-gedə dərinləşir və bu bizi daha da qorxudur. Maraqlısı da ondadır ki, qorxu artdıqca hərəkətlərimizin sayı daha da artır. Nəhayət, insanda özünün psixoloji durumunun sağlam olmaması barədə şübhələr baş qaldırır. Bu isə zaman getdikcə insanın özgüvəninin, özünə inamının və iddia səviyyəsinin aşağı düşməsi ilə sonuclanır. Sanki insan öz hərəkətlərinin əsirinə çevrilir. Çarəsizləşir.
Sual olunur? Bu problemlərlə insan hansısa səbəblər üzündən qarşılaşır, yoxsa əslində hamıda yarana bilər?Əminliklə deyə bilərik ki, bu qeyri-sağlam xüsusiyyətlərdən heç kim sığortalanmayıb. Hamının, ən azından həyatının müəyyən dönəmində qarşılaşma ehtimalı vardır. Məntiq etibarilə, bu bir qazanılmış vərdiş olduğundan unudulub, tərgidilməsi də istisna edilmir. Əsas məqamsa bu hərəkətlərin nə zaman üzə çıxarmağımız və tərgitmək üçün hansı cəhdlər etməyimizdədir.
İlk öncə bu hərəkətlərin adını qoymaq və tanımaq gərəkdir. Bir çoxlarını narahat edən bu hərəkətlər obsessiyalar adlanır. Obsessiyalar- insan beynində formalaşıb, özündən asılı olmayaraq təkrarlanan, beyindən kənarlaşdırılması mümkün görünməyən pozuntular hesab olunur. İradəmizdən asılı olmayaraq, fikirlərimizə hakim olub, ümumilikdə gündəlik həyatımıza neqativ təsir göstərir. Bu tip xüsusiyyətlərdən insanların qorxması əslində onları anlamamasından da irəli gəlir və bizdən asılı olmayaraq formalaşır, fikrimizi uzun müddət ərzində məşğul edir, günlük rutinimizi pozur və sonda ehval-ruhiyyənin korlanmasına gətirib çıxardır. Belə hallar zamanı insan digər mövzular haqqında sağlam düşünə, dolğun qərarlar ala bilmir. Ən çətini isə bundan sonra başlayır. İnsan bu xoşagəlməz hallardan yaxa qurtarmaq üçün fərqli zehni fəaliyyətə-təkrarlanan davranışlara əl atır. Sanki bunu çıxış yolu kimi görür, bir müddətdən sonra bu davranışlardan təngə gəlir, lakin yaxa qurtara bilmir. Elmi dildə bu kompulsiya adlanır. Kompulsiya- obsessiyalar sayəsində ortaya çıxan sıxıntı və narahatlıqları dəf etmək üçün təkrarlanan zehni və davranış fəaliyyətidir.
Obsessiyalar müxtəlif insanlarda müxtəlif cür ola bilər. Narahat edən mövzular, yaratdığı təkrarlanan hərəkətlər nə qədər fərqli olsa belə nəticə eyni olur.
Çox zaman obsessyaları təzahür formalarına görə növlərə də ayırırlar.- Təmizlik obsessiyaları - belə insanlar zaman keçdikcə sanki təmizlik dəlisinə çevrilir, təkrarladığı vasvası hərəkətlərlə həm özləri, həmdə ətrafı diskomfort yaşayır. Təmizlik obsessiyaları zamanı kompulsiv hərəkətlər kimi - əllərini tez-tez yuma, yaxud bu prosesin dəfələrlə təkrarlanması, daima mikroba yoluxmaq qorxusundan irəli gələn vasvası vərdişlər müşahidə olunmağa başlıyır. Əslində bu zamanlar post pandemiya dövründə insanların çoxunun bu obsessiyalardan, antikseptik maddələrlə daima təmasda olmaq kimi kompulsiyalardan əziyyət çəkəcəyi istisna olunmur.
- Ehtiyatlılıq obsessiyası - daha çox şübhə obsessiyası kimi də qəbul olunur. Hədsiz dərəcədə ehtiyatlı olmaq hissi çox zaman əvvəllər şahidi olduğumuz ehtiyatsızlıq üzündən baş verən hər hansı bədbəxt hadisə, və ya faciə səbəbindən yaranan qorxu hesabına formalaşır. Qohumunda, yaxud yaxın çevrəsində şahidi olduğu hadisələr zamanı yaşamış olduğu duyğular gələcəkdə hədsiz dərəcədə ehtiyatlı olmaq həssaslığını yaradır. Bu obsessiya isə bir sıra kompulsiyalarla - evdən çıxarkən dəfələrlə geri qayıdıb qapı-pəncərənin bağlı olmasını, qaz, işıq, yaxud suyu dəfələrlə yoxlamaq, göndərdiyi elekrtron məlumatı dəfələrlə kontrol etmək və s. kimi müşahidə olunur.
- Mövhümatşılıq obsessiyası - bəzən hər hansı bir rəqəmi (məs. 13), rəngi (qara və s), heyvanı (bəzi insanların qarşılarından qara pişik çıxan zaman yollarını dəyişməsi) və s. zaman keçdikcə onların həyat tərzlərini korlaya biiləcək kompulsiv davranışlarının artmasına, günü uğursuz hesab edib o gün üçün planların dəyişdirilməsi, yuxudan qalxanda, yaxud hansısa binaya daxil olanda mütləq sağ ayağını birinci atması və s. kimi hərəkətlərin psixoloji əsirinə çevrilməsinə gətirib çıxardır.
- Mütənasiblik obsessiyası - bu şəxslərdə yaşadığı evdə yaxud iş otaqlarında əşyalarının simmetrik dayanmasına verdikləri həssaslıq onlarda bu simmetriyanın pozulduğu zamanlarda, yaxud məkanlarda ehval-ruhiyyələrinin pozulmasına, bu simmetriyaları pozan insanlara qarşı aqressiyanın yaranmasına səbəb olur. Bu xüsusən də, uşaqlıqdan sərt qaydalarla tərbiyə edilərək boyüdülən insanlarda gələcəkdə bu qaydaları öz ailələrində daha sərt formada tətbiq etməyə sövq edir.
- Təcavüzkarlıq obsessiyası müşahidə olunan insanlar çox zaman nəinki başqalarının onlara, hətta özlərinin də öz doğmalarına zərər yetirə biləcəyi hisslərlə yaşayırlar. Nəticədə evdə kəsici alətləri gizlətmək, əllərinə bıçaq, qayçı kimi alətləri almamaq kimi kompulsiv davranışlar sərgiləyir, bu alətlərlə təmasda olduqları zaman özlərini narahat hiss etmələrinə səbəb olur.
- Cinsi obsessiyalar zamanı insanlarda əks cinsin nümayəndələrinə qarşı xəyallarından keçirdikləri hisslər onları o dərəcədə narahat edir ki, əksinə ünsiyyətdən qaçmağa çalışırlar.
Obsessiyalar əksər insanlarda rast gəlinir. Lakin üzə çıxma dərəcəsindən asılı olaraq hər bir insan bu xüsusiyyətin onda olub olmamasını vaxtında üzə çıxarda bilmir, yaxud sadəcə qəbul etmək istəmir. Lakin bunu qəbul edib onunla barışdığı zaman artıq bunu tərgidə bilməyəcəyini düşünür.
Obsessiyalar beyində mərkəzi sinir sistemində gedən oyanma və tormozlanma proseslərində yaranan ləngimələr, informasiya bolluğu, gərgin qrafik, əsəbi və narahat şəraitə malik iş mühiti, eyni vaxtda bir neçə vacib işlərin həyata keçirilməsini planlaşdırmaq, gördüyü işdən, ünsiyyətdə olduğu insanlardan xoşlanmamaq və s. kimi səbəblərdən qaynaqlanaraq psixoloji immunitetin zəif çatlarından formalaşmağa başlıyır.
Deməli, qaynaqları korreksiya etməyə çalışdıqca onları dərinləşmədən aradan qaldırmağa nail ola bilərik. Unutmamalıyıq ki, insanın ən böyük həkimi və psixoloqu elə onun özüdür.
Belə ki, öz problemini vaxtında dərk edib aradan qaldırmaq heç də çətin deyildir. Hətta obsessiyaların dərinləşdiyi, kompulsiv hərəkətlərin artdığı səviyyədə belə insan özünə kömək edə bilər. Bu əslində insanın öz fərdi xüsusiyyətlərini nə dərəcədə anlamasından, iddia səviyyəsinin, özgüvəninin hansı səviyyədə olmasından çox asılıdır.
Əgər, bu hərəkətləri insanın qazandığı hər hansı şərti refleks kimi qəbul etsək, onun asanlıqla unudula biləcəyinə olan inamımız obsessiyalardan yaxa qurtaracağımıza bizdə əminlik yaradacaqdır. Xüsusən, insan düzənli yoqa tətbiq etməklə bir müddətdən sonra özünün xoşagəlməz vərdişlərindən yaxa qurtara bilər.
Lakin iradənin zəifliyi, özünə inamın az olması insanın bu dönəmdə acizlik göstərməsinə və bu təkrarlanan hərəkətlərin bizi öz köləsində çevirməsinə gətirib çıxardır.
Bu vəziyyətdə insanların
Psixoloqa ehtiyacı yaranır. Psixoloqlar ilə aparılacaq motivasiyaedici seanslar insanın bu obsessiv davranışlardan tez yaxa qurtarmalarına köməklik göstərə bilər. Vəziyyətin ağırlıq səviyyəsindən asılı olaraq seansların sayı müəyyənləşdirilir.
Lakin ən çox diqqət etməli olduğumuz məsələ, insanın özünü xəstə kimi qəbul etməməsi, bu problemin həlli yolunun öz əlində olmasına inanmasıdır. Hər hansı bir obssesiyanın olması heç də dünyanın sonu deyildir. Heç bir kəs bundan sığortalanmamışdır. Sadəcə inanmaq lazımdır ki, bu keçici prosesdir və müalicəsi ilk əvvəl insanın öz əlindədir.
Güclü iradə, gözəl əhval-ruhiyyə, həyata pozitiv baxışlar bizə bu obssesiyalardan yaxa qurtarmaqda ən gözəl silahımızdır!
Qeyd - Cinsiyyətindən, sosiyal vəziyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, hər kəsdə bu xəstəlik görülə bilir. Dünya Səhiyyə təşkilatının verdiyi məlumata əsasən hər 1000 nəfərdən 12-si bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da təxminən 12000-ə yaxın insan bu xəstəlikdən əziyyət çəkməkdədir.
Qeyd - Əgər uşaqlarda OKP müşahidə edilərsə, onlar OKP-li uşaqların müalicəsində təcrübəli həkim tərəfindən müalicə almalıdırlar.