Məşhur Məmmədov,
Milli Məclisin deputatıBu gün Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü tamam olur. 103 il əvvəl qazanılmış bu zəfər Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə şərəflə yazılıb. Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilib.
Tarixə qısa nəzər salaq; 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı yadellilərin əlində idi. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürmüşdü. Cümhuriyyətin müraciəti əsasında Osmanlının hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu adlandırılan silahlı qüvvə Azərbaycan istiqamətində yola çıxdı.
Unutmayaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə də bizi ilk olaraq Türkiyə tanıdı. Bu da qardaşlığın bir nümunəsi oldu.
Azərbaycan dövləti həmin hadisələrə ehtiram əlaməti olaraq
Bakı şəhərinin azad edilməsinin yüz illiyini 2018-ci ildə Azadlıq meydanında möhtəşəm paradla qeyd etdi.
Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Bunu dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayıb, qeyd edib ki, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun.
Bir il öncə Azərbaycan Vətən müharibəsinə qalxaraq 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarını azad etdi. Bu şanlı Qələbədə Türkiyə liderinin, türk xalqının dəstəyi mühüm rol oynadı. Azərbaycanda vətənini sevən hər kəs bunu yüksək qiymətləndirir, minnətdarlıq duyğuları ilə xatırlayırlar.
Vətən müharibəsinin ilk saatlarından Türkiyə Azərbaycanın yanında olub. Qələbəmizdə mühüm rol oynayan bu siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
Elə edilən dəstəklərə qarşılıq, minnətdarlıq olaraq, Vətən müharibəsi zamanı paytaxtımız, şəhər və qəsəbələrimiz bir millət, iki dövlətin rəmzi olaraq, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi.
2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, əsgər və zabitlərin iştirakı birliyimizi, dostluğumuzu və qardaşlığımızı bir daha bütün dünyaya nümayiş etdirdi. Bütün bunların davamı olaraq dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi münasibətləri yeni səviyyəyə çıxardı.
Bu tarixi bəyannamə bir daha təsdiqləyir ki, kökləri dərin olan qardaşlığımız əbədidir. Biz birlikdə güclüyük!
Bir neçə gün əvvəl Laçın rayonunda Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə döyüş atışlı taktiki təlimi keçirilib. Bu, xalqlarımızın, ordularımızın silah qardaşlığına ən yeni nümunədir.
Bu təlimlər gücümüzdən, dostluğumuzdan narahat olan ölkələrdə birmənalı qarşılanmadı, müzakirəsi hələ də davam edir. Bu gün ən yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu göstərir.
103 il əvvəl Türkiyə dövlətinin dəstəyi ilə qazanılmış bu zəfər gününü hər il dövlətimiz və xalqımız ehtiramla və qürurla qeyd edir. Zaman keçdikcə, əsrlər bir-birini əvəz etdikcə dünyaya örnək olan bu qardaşlıq nümunəsi daha da möhkəmlənəcək, bütün dünya Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının gücünə, sədaqətinə şahidlik edəcək. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!