AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anım Gününün qeyd olunması şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramı göstərir

  • + A
  • - A
  • 27-09-2021, 08:00

    İbrahim Cəfərov,
    Professor, ADAU-nun rektoru

    Hamımız şəhidlərimizin Anım Günü – 27 Sentyabrı həm qürur, həm də kədərlə yad edirik. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq cənab Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramı göstərir. 44 günlük müharibə sayəsində ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ağır bir mirasın gələcək nəsillərə ötürülməsinin qarşısı alındı. Azərbaycan son 200 ildə torpaq itirən dövlətdən, itirdiyi əraziləri geri alan ölkəyə çevrildi. Həm də bunu olduqca mürəkkəb geosiyasi vəziyyətdə, dünyada ikili standartların hökm sürdüyü, düşmən səmtində yer alanların çox olduğu bir şəraitdə bacardı.

    Barəsində hələ çox danışılacaq 44 günlük müharibə və Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, öz Liderinə sonsuz güvəni, onun qərarlarını bir an belə tərəddüd etmədən dəstəkləməsidir. Bu mənada Azərbaycan xalqına sonsuz sevinc bəxş edən Qələbəmizin əsas memarı heç şübhəsiz ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
    Dövlət başçısının xüsusi diqqəti Azərbaycan gəncliyinin cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış etməsini, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xüsusi rol oynamasını şərtləndirib. Bu siyasətin ən yüksək nəticəsi isə özünü Vətən müharibəsində, tarixi Qələbənin qazanılmasında bariz şəkildə göstərdi.

    Dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar gənc nəsil canı-qanı bahasına üçrəngli Azərbaycan bayrağını azad etdiyi ərazilərdə əbədiyyən ucaltdı. Onların timsalında bütün dünya Azərbaycan gəncinin qəhrəmanlığından, nəyə qadir olmasından xəbər tutdu, ermənilərin bu vətənpərvər igidlərin qarşısında tab gətirə bilmədiyini gördü. Öz cəsurluğu seçilən, rəşadət dolu döyüş yolu keçən gənclər dillərə dastan olacaq qəhrəmanlıq yolu keçdilər. Təsadüfi deyil ki, müharibə zamanı Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların böyük əksəriyyəti gənclər oldu. Amma Azərbaycan gənci, onun ordusu, yenilməz sərkərdəsi 2020-ci il 10 noyabr tarixində düşməni tam diz çökdürdü, onu hərbi kapitulyasiyasını qəbul etməyə vadar etdi. Bununla işğal altında qalan digər ərazilər də azad olunaraq əsl sahibinə qaytarıldı. Vətən müharibəsində şücaət göstərmiş Azərbaycan gənclərinin qəhrəmanlığı xalqımız, o cümlədən Müzəffər Ali Baş Komandan tərəfindən layiqincə qiymətləndirildi. On minlərlə gəncin savaşda göstərdikləri xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilməsi, onların xüsusi diqqət və qayğı ilə əhatə olunması da bunun təsdiqidir.
    Azərbaycan gənci təkcə əldə siahla düşmənə qarşı mübarizə aparmırdı. Onlar Ermənistana, onun dünyanın müxtəlif ölkələrinə səpələnmiş diasporuna, lobbisinə qarşı informasiya savaşında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da önəmli missiya yerinə yetirdilər, bunun üçün müasir texnologiyaların və digər vasitələrin yaratdığı imkanlardan məharətlə faydalanmaq bacarığını nümayiş etdirdilər. Özü də bu istiqamətdə aparılan savaş cəbhədə gedən müharibədən az əhəmiyyət kəsb etmirdi. Savaş müddəti boyu faşist Ermənistanı həm öz cəmiyyətinə, həm də dünya ictimaiyyətinə feyk məlumatlar verərərək həqiqətləri təhrif etməyə çalışırdı. Amma bu yalanlar gənclərimizin də fəal iştirakı ilə Azərbaycan tərəfindən vaxtında ifşa edilirdi və elə bu səbəbdən terrorçu ölkə informasiya savaşında da Azərbaycana məğlub oldu.

    Bu gün gənclərin qarşısında duran ən vacib missiyalardan biri Prezident İlham Əliyevin yaratdığı tarixin ən güclü Azərbaycanını layiqincə qorumaq, gələcək nəsillərə daha güclü, daha qüdrətli və daha firavan bir dövləti təhvil verməkdir.

    Vətən yolunda canını fəda etmiş hər bir şəhidi ehtiramla anırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR