“BBC News Azərbaycanca” II Qarabağ müharibəsinin ildönümü ilə bağlı İrəvanda əhali arasında sorğu keçirib. “Qafqazinfo” xəbər verir ki, videosüjetdə ermənilər məğlubiyyəti çox ağır yaşadıqlarını, bunun onlar üçün dəhşət olduğunu vurğulayırlar. Onlar ötən bir ili yaşamadıqlarını, məğlubiyyətlərini millət üçün rüsvayçılıq kimi qiymətləndirirlər.
Sakinlərdən biri vətənlərinin get-gedə kiçildiyini, şəhərlərinin boş qaldığını, nə etsələr də əvvəlki şadlıqlarının qalmadığını qeyd edirlər.
“Millət qapanıb, amma düşünmür ki, bu millət üçün faciədir. Azərbaycan necə deyirdisə, onu da etdi. Ancaq bizimkilər rusları düşünürdü. Rus həmişəki kimi öz müttəfiqinin hayına yetmədi”-deyə sakinlərdən biri bildirib.
Milli Məclisin deputatı Naqif Həmzəyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müharibənin başlamasından bir il ötsə də, bu müddət ərzində Azərbaycan bütün regionda reallıqların dəyişdirilməsinə nail oldu:
“Qələbədən sonrakı müddətdə Azərbaycan işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda quruculuq abadlıq işlərini uğurla həyata keçirir. Müharibədə şəhid olmuş vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması, onların mənzil problemlərinin aradan qaldırılması, şəhidlərin ailə üzvlərinin və övladlarının bütün problemlərinin həll edilir, Cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti ilə sosial tədbirlər, paketlər həyata keçirilir.
Həmçinin müharibədə yaralanmış qazilərimizin müalicəsi ən yüksək səviyyədə həyata keçirildi. Azərbaycan qalib dövlət kimi bu işlərin öhdəsindən uğurla gəldi. Biz dünənki anım mərasimində də bütün xalqın nümayəndələrinin birlik nümayiş etdirdiyini bir daha gördük.
Ancaq Ermənistana nəzər salsaq görərik ki, orada bütün sərhəd boyu yaşayış kəndlərində və həmçinin şəhərlərdə əhali əraziləri sürətlə tərk edir. Onlar paytaxt İrəvana, bir az imkanı olanlar isə xaricə qaçırlar. Həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın qalib gəlməsi ermənilərdə çox böyük bir qorxu hissini formalaşdırıb. Onlar bir daha müharibə olmasını istəmirlər. Bu səbəbdən də növbədənkənar parlament seçkilərində məğlub baş nazir Nikol Paşinyana bir daha səs verdilər.
Ermənilər anlayırlar ki, Nikol Paşinyan bir daha səhvini təkrarlayıb müharibə etməyəcək.
Həmçinin Ermənistan xalqının keçirdiyi anım tədbirlərində biz də gördük ki, onlar məğlubiyyətlərini etiraf edirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər çalmasını özləri üçün faciə kimi qəbul edirlər. Artıq anlayırlar ki, revanşist fikirlərlə yaşamaq, Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürmək onların tamamilə məhvinə gətirib çıxara bilər.
Biz xoşbəxt ölkənin vətəndaşlarıyıq ki, haqq-ədalət öz yerini tapdı. Nəhayət ki, biz şəhidlərimizin, məcburi qaçqın və köçkünlərimizin qisasını aldıq. Bu gün qürurla yaşaya bilirik.