Məktəblərin ibtidai siniflərində tədrisin ikinci həftəsi başlasa da, hələ də bir çox valideyn iş dəftərlərini ala bilməyib. Aşağı siniflər üçün dərs vəsaitlərinin yalnız poçt şöbələrində satılması müəyyən problemlərə səbəb olub.
Poçta müraciət edən valideynlər orada sözügedən ləvazimatların tapılmadığını deyirlər. Məsələ sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub. Bəzi valideynlər iş dəftərlərini ucqar rayonlarda yerləşən poçt şöbələrindən tanışlıqla əldə etdiklərini iddia edirlər. Həmçinin poçtda tapılmayan 4 iş dəftərinin daxil olduğu 10 manatlıq paketin xeyli baha – 16 manata əlaltı satıldığı bildirilir.
“Qafqazinfo” yaranmış problemlə bağlı Təhsil İnstitutu ilə əlaqə saxlayıb. İnstitutdan sorğumuza cavab olaraq deyilib ki, ötən illərdə olduğu kimi, iş dəftərlərinin əldə olunması "Azərpoçt MMC" vasitəsilə həyata keçirilir: “İş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb. Valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilir”.
“Azərpoçt” MMC-dən isə verdiyimiz sorğuyla bağlı bildirilib ki, qeyd edilən informasiya həqiqəti əks etdirmir: ““Azərpoçt” MMC ilə Təhsil Texnologiyaları Mərkəzi arasında bağlanan müqaviləyə əsasən Azərbaycan və rus bölmələri üzrə 1-ci və 2-ci siniflər üçün iş dəftərlərinin satışı 131-i Bakıda olmaqla respublika üzrə bütün poçt şöbələrində həyata keçirilir. İş dəftərləri tələbata uyğun olaraq gündəlik hər bir poçt şöbəsinə paylanılır və satışı davam etdirilir. Qeyd edək ki, son bir neçə gün ərzində iş dəftərləri ilə bağlı poçt şöbələrinə müraciətlər çoxluq təşkil edir”.
İş dəftərlərinin tanışlıqla baha qiymətə satılması iddiasına gəlincə isə, qurumdan bildirilib ki, hər bir dərslik komplektinin üzərində qiymət qeyd edilib: “İş dəftərlərinin baha qiymətə satılması ilə bağlı “Azərpoçt” MMC-yə bu günə qədər heç bir müraciət daxil olmayıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.