Vətən Müharibəsi Əlillərinə Kömək İB əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı “6 Dildə Bəyanat” yayıb.
Azadmedia.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Sputnik Azərbaycan İnformasiya Agentliyində Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransında İctimai Birlik tərəfindən 6 dildə (Azərbaycan, Rus, İngilis, Fransız, Ərəb, Alman dillərində) Bəyanat səsləndirilib.
Mətbuat konfransında Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət komissiyasının məsul əməkdaşı, Prezident Yanında Qeyri Hökumət Təşkilarlarına Dövlət Dəstəyi Agentliyinin rəsmisi, Vətən Müharibəsi Əlillərinə Kömək İB-nin idarə heyəti iştirak edərək çıxış ediblər.
Çıxış edənlər, tarixə nəzər salaraq ermənilər tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş soyqırımlar, işgəncələr, əsir və itkin düşmüş şəxslər ilə bağlı məlumatları faktların və rəqəmlərin dili ilə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən danışıblar.
Vətən Müharibəsi Əlillərinə Kömək İB-nin icraçı direktoru Zamin Zeynalov konfransda çıxış edərək qeyd edib ki, bu cür ictimai-siyasi, cəmiyyətə faydalı, Beynəlxalq əhəmiyyətli mətbuat konfransını keçirməkdə əsas məqsəd Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması yönündə həyata keçirdiyi uğurlu Beynəlxalq siyasətə Azərbaycanın vətəndaş cəmiyyətinin milli və vətənpərvər əzimdə münasibətini ifadə etməkdir.
İcraçı direktor onu da bildirib ki, erməni vandalizmi nəticəsində əsir və itkin düşmüş, işgəncələrə məruz qalmış vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərdə Beynəlxalq hüquq təşkilatları diqqətlə yanaşaraq ədalətli mövqe nümayiş etdirməlidir. Yüzlərlə soydaşımız erməni qəsbkarlığının qurbanı olaraq soyqırıma, terrora, işgəncələrə, insanlığa sığmayan vəhşiliyə rast gəliblər. Çoxlu sayda vətəndaşlarımız var ki, onlar hal-hazırda itkin düşmüş, girov götürülmüş öz doğmaları haqqında təsəlli üçün hər gün, hər an gözləri yollarda ən yeni məlumatlar axtarışındadır. Bu nisgilə, həsrətə son qoymaqda dünya ictimaiyyətini bəşəri həmrəyliyə səsləyirik!
İnsan itkisi ağır və dözülməzdir, həyatını dəyərli, mənalı ömürlə yaşamaq hər kəsin arzusudur. Zamanın qiyməti olduğu kimi insanların da yeri cəmiyyətdədir.