Oktyabrın 4-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər komitəsinin onlayn formatda 58-ci iclası keçirilib.
Tədbirdə Milli Məclisi QDİƏT PM-dəki Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvü Jalə Əhmədova təmsil ediblər.
Hüquqi və siyasi məsələlər komitəsinin sədri Mixail Yemelyanov (Rusiya) iclası açaraq gündəliyi təqdim edib. Əvvəlcə parlamentarilər komitənin 57-ci toplantısının protokolunu təsdiqləyiblər. Sonra Roberta Alma Anastase (Rumıniya) “Qanunverici prosesin effektivliyinin və parlament fəaliyyətinin şəffaflıq səviyyəsinin artırılması məqsədi ilə rəqəmsallaşmanın və innovativ inkişafın sürətləndirilməsi” mövzusunda məruzəni təqdim edib.
Məruzəçidən sonra Azərbaycan nümayəndə heyətinin üzü Jalə Əhmədova çıxış edib. O, Azərbaycanda həyata keçirilən rəqəmsallaşma və şəffaflıq siyasəti, e-hökumət, ASAN-xidmət, elektron məhkəmə sistemləri haqqında məlumat verib. Bildirilib ki, rəqəmsal innovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun səviyyəsinin qaldırılması kimi məsələlər Azərbaycanda dövlət siyasətinin prioritetlərindəndir.
İclas iştirakçıları məruzəni və məruzə üzrə komitənin tövsiyələrini təsdiqləyiblər, qurumun cari fəaliyyətini və gündəlikdəki digər məsələləri nəzərdən keçiriblər, müvafiq qərarlar qəbul ediblər. Komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.
Həmçinin komitədə təşkilati məsələlər həll edilib. Belə ki, Roberta Alma Anastase (Rumıniya) komitənin sədri, Tülay Kaynarca (Türkiyə) komitə sədrinin müavini seçilib.
İclasın yekununda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev komitə sədrliyini təhvil verən Mixail Yemelyanova (Rusiya) təşəkkürünü bildirib, yeni seçilən komitə rəhbərliyinə uğurlar arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.