AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Vüqar İskəndərov – “Azərbaycan və Türkiyə tarixi addım ataraq bölgənin geosiyasi mənzərəsini dəyişdi” – Müsahibə

  • + A
  • - A
  • 5-10-2021, 08:23


    “Azərbaycan və Türkiyə tarixi addım ataraq bölgənin geosiyasi mənzərəsini dəyişdi. Zəngəzurdan keçən nəqliyyat, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək.” Bunu Azadmedia.az-a açıqlamasında, Milli Məclisin deputatı, Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar İskəndərov deyib.

    - Qarabağ Zəfər tariximizin 1 ili münasibəti ilə - “Anım Günü” ilə əlaqədar nələri qeyd edərdiniz?

    Millət vəkilinin sözlərinə görə, Ərazi bütövlüyünün bərpası, Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca, ən vacib məsələ idi -

    “Vətən müharibəsindən əvvəl cənab Prezidentimiz başda olmaqla, hər bir vətəndaşımız hər dəfə qeyd edirdi ki, nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracağıq, Qarabağı qaytaracağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik, şəhidlərimizin qisasını alacağıq və belə də oldu. Azərbaycan ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, öz torpaqlarını qaytardı və şəhidlərimizin qanını yerdə qoymadı. Müharibədən sonra bütün dünya ölkələri mənfur erməni vəhşiliyinin barbar sifətini gördü.”

    V. İskəndərov qeyd edib ki, Bugün qalib bir ölkənin vətəndaşlarıyıq –

    “Bundan bir il öncə, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab əlaməti olaraq, xalqımız işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə, cənab Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı.
    44 gün ərzində müharibəni biz qalib ölkə kimi bitirdik, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə qəhrəman xalqımız əzm və iradə sərgiləyərək, bir yumruq kimi həmrəylik nümayiş etdirərək, Ordu-Xalq-Ali Baş Komandan birliyində “Dəmir Yumruq” olaraq düşmənə sarsıdıcı zərbələr endirdi. Artıq biz, Zəfər çalmış xalqın nümayəndələriyik."

    "Ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, dövlətimizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq qeyd edilən - 27 Sentyabr tarixi ölkəmizdə “Anım Günü” idi. Biz qəhrəman igid, övladlarımızın şəhid olmasını 1ilini anırdıq. Mən də Şəkidə idim. Böyük tədbir keçirdik və rayonumuzda hər bir şəhid ailəsi ilə görüşdüm. Yenə də o qəhrəman övladları dünyaya gətirən qəhrəman analar və atalarını, qardaşlarını, bacılarını, həyat yoldaşlarını, övladlarını gördüm. Gördüm ki, sözün əsl mənasında, elə o cür igidlərin o cür qəhrəman valideynləri olmalıdır. O günü - 27 Sentyabr Anım günü biz hamımız başı uca idik!”


    “Qürur hissi keçirirəm ki, 2020-ci il 27 sentyabrdan 10 noyabra qədər olan o dövrü yaşadım, şahidi oldum, inanın ki, o qürurlu 44 gün 440 ilə bəs edərdi.”


    “O qüruru bizə yaşadan Ali Baş Komanda eşq olsun!
    Əsgər və zabitlərimizə eşq olsun!
    Onların valideynlərinə, əzizlərinə eşq olsun!
    Tarixi Qarabağ Zəfəri – Ümumilikdə Türk dünyası adına gələcək daha böyük zəfərlərin bələdçisi və təminatçısıdır!”


    - Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan arasında Qara dəniz sahilindəki Soçi zirvəsi, iki ölkə arasında uzun müddətdir yığılmış problemlərə görə son illərin ən əhəmiyyətli görüşü baş tutdu. Milli Məclisin deputatı olaraq iki liderin Soçi görüşünün əhəmiyyəti barədə ümumi fikirləriniz?
    - Zəngəzur Dəhlizinin bölgədəki gələcək rolu barədə nələri qeyd edərdiniz?


    Millət vəkili, “Əgər keçmişə qayıtsaq, Rusiya İmperiyası ilə Osmanlı imperiyası arasında münasibətlər əslində hamar olmayıb. Tarix boyu aralarında dəfələrlə müharibələr, çarpışmalar olub. Ona görə də, müasir dövrdə Türkiyə və Rusiya münasibətlərinin artıq yumşalması, hətda artıq strateji tərəfdaşlıq anlamına gəlib çatması, bizi Azərbaycan olaraq sevindirir,” deyib –

    “Çünki bizlər də, bu çətin dönəmlərdə vasitəçi rolu oynamışıq. Cənab Prezident İlham Əliyevin bu məsələdə çox böyük zəhməti olub. Yəni burda Azərbaycan yetərincə müsbət rol oynaya bilib. Bu gün söyləyə bilərik ki, ilk növbədə hər iki prezidentin həm cənab Erdoğan və həm də cənab Putinin şəxsi münasibətləri çox yaxşı səviyyədədir. Türkiyə və Rusiya prezidentləri Moskvada keçirilən görüşdən ilyarım sonra ilk dəfə Rusiyanın Soçi şəhərində görüşdülər. Hər iki dövlət, son görüşdən sonra dəyişdirilmiş şərtləri yenidən nəzərdən keçirdikləri üçün Soçi görüşü böyük əhəmiyyət kəsb edirdi. Xüsusilə, cənab Erdoğanın “ABŞ-ın Prezidenti Baydenlə yaxşı başlamadıq” ifadəsindən sonra Rusiya ilə danışıqların barışıq mühitində keçəcəyi gözlənilirdi.”

    V. İskəndərov vurğulayıb ki, Soçi danışıqları zamanı, iki tərəfi müzakirəyə cəlb edən əsas məsələnin Zəngəzur dəhlizi və Kırım məsələsi olacağı gözlənilirdi -

    Onun sözlərinə görə, Ancaq hər nə qədər gündəliyə gətirilməsə də, bu görüşün başqa bir əhəmiyyəti də var idi, çünki, 2021-ci il Türkiyə ilə Rusiya arasında rəsmi əlaqələrin qurulmasının 100-cü ildönümüdür -

    “Soçi zirvə görüşündən sonra yayılan görüntülərə, Erdoğan və Putinin davranışlarına bədən dili nöqteyi-nəzərdən diqqətlə baxsaq, hər iki ölkə liderinin görüşdən məmnun qaldığını aydın şəkildə görə bilərik.
    Hər iki ölkə liderlərinin son illərdə həm dostluq əlaqələrinin yansımasından, həm də siyasi mövqelərindən irəli gələn Türkiyə-Rusiya əməkdaşlığı, dünyanın müxtəlif nöqtələrində regional problemlərin çözülməsində həlledici rol oynayıb.
    Prezidentlər iki ölkə arasındakı münasibətlər daxil, eləcə də bölgədəki regional məsələləri – Cənubi Qafqazda, Əfqanistanda, Suriyada, Liviyada olan ümumi vəziyyəti müzakirə ediblər. Sözsüz ki, bütün dünya Soçi görüşündən əldə olunan razılaşmaların gerçək duruma necə təsir edəcəyini səbrsizliklə gözləməkdədir.”


    Millət vəkili onu da əlavə edib ki, Hazırda geriyə qalan, baş verən prosesləri izləmək və Soçi görüşündə əldə olunan razılaşmaların bölgədə real geosiyasi, siyasi, strateji vəziyyətə necə təsir edəcəyinə baxmaq olacaq -

    “Əslində, görüşdəki məsələlər dəqiq detalları ilə məlum olmasa da, Erdoğan-Putin görüşünün ən əhəmiyyətli gündəmi yəqin ki, Qarabağ və Suriya məsələsi idi. Burada Zəngəzur dəhlizi məsələsinin də önə sürüldüyü aydındır.
    Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi qələbə geniş geosiyasi arenada ciddi dəyişikliyə səbəb oldu. Tarixən ticari-iqtisadi və mədəni-mənəvi ünsiyyətin əsas yollarından biri olan qədim Azərbaycan torpağı Zəngəzurun bu dəhlizdən sonra türk dünyası üçün açdığı yeni imkanları tam təsəvvür etmək mümkündür.
    Heç təsadüfi deyil ki, Prezident İlham Əliyev Asiya-Sakit okean regionu ölkələrini Zəngəzur dəhlizinin yaradılması imkanlarına diqqətlə yanaşmağa dəvət edib.”


    V. İskəndərov açıqlamasında, Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İranla yanaşı, Asiya-Sakit okean regionu ölkələrinə də böyük fayda verə biləcək, deyib -

    “Bu aspektdə Çini də göz önündə tutmamaq qeyri-mümkündür."

    "Zəngəzur dəhlizi, region üçün böyük strateji əhəmiyyət kəsb edir və sevindirici haldır ki, Rusiya da buna maraqlıdır."


    "Çünki Rusiyanın da burda özünün iqtisadi-siyasi maraqları var, bütün ölkələr sadəcə Ermənistan xaric hamısı bunu dəstəkləyir. Ermənistan da görəcək ki, artıq bundan o tərəfə çıxış yolu yoxdur, mütləq razılaşacaqdır, çünki başqa yolu yoxdur. Hətta demək olar ki, Paşinyandan da bəzi işartılar var. Yaxın günlərdə Praşinyanın Türkiyə prezidenti ilə görüşmə istəyi və bir neçə pozitiv fikirlər söyləməsi, “Azərbaycanla biz məsələrə açığıq”, deməsini müşahidə edirik. Ancaq bir çox hallarda biz bunun tamamilə əksini görürük. Çünki daxildə revanş qüvvələr böyükdür, millətçi kəsimlər var, faşist ideologiyası ilə zəhərlənmiş toplum da var və bunların hər biri Paşinyanı narahat edir. Amma qeyd etdiyim kimi, bu işin sonrası yoxdur. Yəni bu yol ya açılacaq, ya açlacaq. Çünki Ermənistanın bunu uzatması onun öz ziyanınadır və bu dəhliz Ermənistanın qurtuluşudur.”


    O bildirib ki, Ən vacib məqamlardan biri də odur ki, Türkiyə siyasi bir aktor kimi meydandadır və bugün, artıq Rusiya da bunu anlayır –

    “Rusiya Türkiyənin varlığını qəbul edir. Bu çox əhəmiyyətli bir məsələdir.”


    “Hər iki ölkə zaman-zaman yaşanan bütün gərginliklərə baxmayaraq böyük bir qarşıdurmadan qaçmağı bacardılar. Əlaqələr baxımından gələcəyə ümid verən ən yeni dövrdə Türkiyə-Rusiya münasibətlərinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, əlaqələrdəki problemlərin yarandığı vaxtlarda liderlərin dərhal və vaxtında müdaxiləsidir. Eynilə, Soçi zirvəsində göründüyü kimi.”

    - Baş verən proseslərin ümumi gedişatı barədə Türk dünyasına mesajınız nə olardı?

    Millət vəkili qeyd edib ki, “Türk dünyası”, XX əsrin sonu və XXI əsrdə bütün türk xalqları üçün istifadə olunan coğrafi və mədəni bir anlayışdır -

    “Bilirsiniz ki, bununla bağlı artıq işlər görülür, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – TDƏŞ var, TÜRKPA var. Bu gün, Türk dövlətlərinin birləşməsinə, bir yerdə olmasına böyük ehtiyac var, az qala bu müstəvidə 300 milyona yaxın insan deməkdir. Əlbəttə ki, bu çox böyük gücdür. Amma bu güc, heç kimi qorxuya salmasın, çünki Türkün, türk insanının olduğu yerdə tərəqqi var, barış var, digərlərinə hörmət var, yəni türk heç vaxt olduğu yeri alsa da məhv etməyib, dağıtmayıb, mədəniyyətinə, dəyərlərinə toxunmayıb.”

    “Bu gün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyip Erdoğan, Qazaxıstanın birinci Prezidenti- Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev – hər üç lider Türk dünyası birliyinə çox böyük töhfələr verir.”


    “Bəli, ötən ilin gündəliyi olduqca zəngin oldu. 2020-ci il Türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili oldu. Tarixi Qarabağ Zəfəri!
    2021-ci il iyunun 15-i Şuşa Bəyannaməsinin imzalandığı gün Azərbaycan tarixində əlamətdar gündür – o gün ki, tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlət başçısını doğma Qarabağda qarşıladı. Elə həmin gündən etibarən, Şuşa bəyannaməsi ümumilikdə region üçün bütün Türk dünyası adına yeni tarixi gerçəklik yaratdı.”


    V.İskəndərov son olaraq onu da əlavə edib ki, Bugün “Türk dünyası,” doğma Qarabağın işğaldan azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib –

    “Tarixi Zəngəzurdan keçən nəqliyyat, rabitə, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. 90-cı illərdən başlayan bu hərəkətlənmənin Türk dövlətlərarası zirvəsi bununla bilinəcək. Məhz, Zəngəzur dəhlizinin açılması ilə.”

    Reportajı hazırladı - Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR