Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Nur-Sultan şəhərində Lev Qumilyov adına Avrasiya Milli Universitetində tələbə-müəllim heyəti ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, universitetin muzeyi ilə tanış olan A.Paşazadə xatirə kitabına ürək sözlərini yazıb.
Avrasiya Milli Universitetinin rektoru, tarix elmləri doktoru, akademik, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Yerlan Sıdıkov görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin 40 ildən çox dövrü əhatə edən fəaliyyəti, dərin təcrübəsi, dünya səviyyəsində qazandığı hörmət və nüfuzu barədə məlumat verib.
Allahşükür Paşazadə universitetin professor-müəllim heyəti və tələbələri, eləcə də Qazaxıstan ictimaiyyətinin nümayəndələri qarşısında ölkəmizin şanlı Zəfərlə nəticələnən Qarabağın azadlığı uğrunda apardığı mübarizəyə, eləcə də Azərbaycan-Qazaxıstan əlaqələrinə həsr olunmuş mühazirə ilə çıxış edib.
Türkdilli dövlətlər arasında birliyin möhkəmləndiyini söyləyən A.Paşazadə buna misal olaraq 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəkdən danışıb.
“Qazaxıstanın da qardaşlıq dəstəyi bizim üçün çox vacib idi”, - deyən QMİ sədri buna görə Qazaxıstan dövlətinə və qazax xalqına minnətdarlığını bildirib.
Sonra Allahşükür Paşazadə sualları cavablandırıb, Ermənistanın işğal dövründə şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi-mədəni abidələrimizi, məscidlərimizi vəhşicəsinə dağıtdığını, hazırda Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Qazaxıstan nümayəndə heyəti Azərbaycana səfəri zamanı Şuşa və Füzuli rayonlarında olub, Ermənistan tərəfindən törədilən vandalizmi öz gözləri ilə görüb.
Tədbirdə çıxış edən rektor Yerlan Sıdıkov Avrasiya Milli Universitetinin Elmi Şurasının qərarı ilə Şeyxülislam A.Paşazadənin bu nüfuzlu elm ocağının Fəxri professoru adına layiq görüldüyünü bildirib və ona diplomu təqdim edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Fəxri professoru olduğu bu universitetdə keçirdiyi görüşdən şərəf duyduğunu vurğulayan QMİ sədri gələcəkdə də Qazaxıstanın bu nüfuzlu ali məktəbini təkrar ziyarət etməkdən məmnun olacağını söyləyib.