AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevin səfəri Cəbrayıl ictimaiyyətində dərin izlər buraxdı

  • + A
  • - A
  • 8-10-2021, 10:42

    Prezident İlham Əliyevin səfəri Cəbrayıl ictimaiyyətində dərin izlər buraxdı

    Ceyhun Məmmədov,
    Milli Məclisin deputatı

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə oldu. Səfər xalqımızın Cəbrayılın işğaldan azad olunduğu günü qeyd etdiyi dövrə təsadüf edirdi. Səfərin tarixi və ictimaiyyət nümayəndələri ilə görüşün yeri çox uğurlu seçilmişdi. Cəbrayıl ictimaiyyəti bu səfəri bir müddətdir həsrətlə gözləyirdi.
    İşğaldan azad olunmasından bir il ötməsinə baxmayaraq Cəbrayılda bir sıra mühüm layihələr artıq uğurla icra olunub. Bir il ərzində bu qədər işləri görmək Prezident İlham Əliyevin qətiyyətinin, dövlətimizin qüdrətinin göstəricisidir.
    Səfər zamanı bir sıra mühüm obyektlər istifadəyə verildi, bəzi obyektlərin isə təməlqoyma mərasimi keçirildi. Səfər çərçivəsində Möhtərəm Prezidentimiz Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoydu. Bu müəssisənin yaradılması Zəngəzur iqtisadi zonasının, eləcə də rayon iqtisadiyyatının inkişafına öz ciddi töhfəsini verəcək. İnsanlarımız bölgəyə köçdükdən sonra onların işlə təmin olunması məsələsi öz həllini tapacaq. Köçürmənin uğurla həyata keçirilməsi üçün bu kimi layihələr xüsusi əhəmiyyət daşıyır.
    Sonra Prezident İlham Əliyev 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışında iştirak etdi. İşğaldan azad olunmuş bölgələrdə qarşıda duran əsas vəzifələrdən biri dayanıqlı elektrik enerjisinin təminatı məsələsidir. Bir çox işğaldan azad olunmuş rayonlarımız kimi Cəbrayılın da artıq elektrik enerjisi ilə təmin olunması artıq öz həllini tapdı.
    Prezident İlham Əliyev Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında da iştirak etdi. Cəbrayıl sərhəddə yerləşdiyi üçün belə müasir, yeni, müasir silahlarla təchiz olunmuş hərbi hissənin inşa olunması xüsusi önəm daşıyır. Bu ölkəmizin hüdudlarında baş verəcək təxribatların qarşısını almaq baxımından da xüsusi əhəmiyyət daşıyır.
    Möhtərəm Prezidentimiz həmçinin, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoydu. Hər 3 müəssisənin təməlinin qoyulması rayonda həyata keçirilən ən mühüm layihələrdən sayılmalıdır. İnsanların yerləşdiyi bölgələrdə bu kimi layihələrin uğurla icra olunması xüsusi önəm daşıyır. Layihələrin icrasında ən müasir texnologiyalardan və memarlıq üslubundan istifadə olunur.
    Akademik Mehdi Mehdizadənin adını daşıyan məktəb vaxtilə Cəbrayılın ən böyük məktəblərindən biri olub. Akademik Mehdi Mehdizadə təkcə Azərbaycanda yox keçmiş Sovet məkanında tanınmış dəyərli alimlərdən, pedaqoqlardan biri idi.
    Sonra Prezident İlham Əliyev rayon mərkəzində Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü, Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu.
    Təməlqoyma mərasimindəki çıxışında Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına ciddi mesajlar verdi. Azərbaycandakı xalq iqtidar birliyindən, vətən övladlarının müharibədə göstərdikləri qəhrəmanlıqdan geniş bəhs etdi.
    Sonda rayon ictimaiyyətinin Möhtərəm Prezidentimizlə çox xoş və səmimi dialoqu oldu. Prezident hamı ilə bir-bir görüşdü, şəkil çəkdirdi, onları diqqətlə dinlədi, tövsiyələrini verdi. Bütün bunlar Prezident İlham Əliyevin səmimiliyindən, sadəliyindən və daxili zənginliyindən irəli gəlirdi. Prezidentin səfəri Cəbrayıllıların ürəyində dərin izlər buraxdı.
    Sonda bütün Cəbrayıllıları səmimi-qəlbdən təbrik edirəm! Doğma yurdda həyatın öz axarına qayıdacağı günə az qaldı! Xalqımız üçün xeyirli və uğurlu olsun! Uca Tanrı Prezidentimizi qorusun! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR