AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elm və təhsil komitəsi iclas keçirdi

  • + A
  • - A
  • 8-10-2021, 16:35


    Oktyabrın 8-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib. Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsindən Azadmedia.az-a verilən məlumata görə iclası açan komitənin sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bəxtiyar Əliyev birinci oxunuşda komitənin müzakirəsinə çıxarılan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin mahiyyət etibarı ilə bir-birini tamamladığını qeyd edib. O, sənədlərdə subbakalavr və ali təhsil pillələri üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqinin qanunla təsbit edilməsinin təhsilimizi Avropa Kredit Transfer Sisteminə uyğunlaşdırdığını, bununla da diplomların akademik tanınmasının asanlaşdığını bildirib.

    Sonra qanun layihələrini təqdim edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təklif olunan dəyişikliklərin və əlavələrin qanunvericilikdəki hüquqi empirik bazası haqqında məlumat verib. Nəzərə çatdırıb ki, mövcud qanunvericilikdə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulub, həmçinin onların ali təhsil müəssisələrinə qəbul olmaq hüququ müəyyən edilib. Bu kontekstdə təklif olunan dəyişikliklərdə təhsilin subbakalavr səviyyəsində (orta ixtisas təhsili və yüksək texniki peşə təhsili) tədrisin kredit sistemi ilə təşkil olunması, subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınması təklif edilib.
    Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, komitənin sədr müavini Musa Qasımlı, komitə üzvləri Etibar Əliyev, Eldar Quliyev, Pərvin Kərimzadə, Kamilə Əliyeva müzakirə edilən layihələrlə bağlı öz fikirlərini bildiriblər. Təklif olunan dəyişikliklərdə subbakalavrlara tam orta təhsil almaq hüququnun verilməsini və onların təhsilin növbəti mərhələsi olan bakalavriat səviyyəsinə keçidinin asanlaşdırılmasını təqdirlə qarşılayıblar. Bu dəyişikliklərin vətəndaşların təhsil hüquqlarını, seçim imkanlarını, ali təhsilə əlçatanlığını genişləndirəcəyini, təhsildə fasiləsizliyi təmin edəcəyini bildiriblər. Sənədlərdə subbakalavriat səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğunun təmin edilməsinin nəzərdə tutulmasını isə subbakalavrlara ali təhsil pilləsində təhsili tez başa vurmaq imkanları yaratdığı qeyd edilib. Deputatlar dəyişikliklərin peşə təhsilinə marağı artıracağını və onun inkişafına xidmət edəcəyini bildirməklə, peşə təhsilində əmək bazarının tələblərinin və gələcəyin ehtiyaclarının nəzərə alınmasının vacibliyini də qeyd ediblər.
    Deputatlar hər iki qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
    Onlayn iclasda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Tamam Cəfərova, Rafael Hüseynov, Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə, Fatma Yıldırım, Milli Məclisin Aparatı rəhbərinin müavini Yaşar Əməşov və digər rəsmi şəxslər də iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR