44 günlük Vətən müharibəsində yadda qalan məqamlarından biri də, 9-10 oktyabr tarixləri ilə bağlıdır.
İkinci Qarabağ müharibəsinin 13-cü günündə, yəni, 9 oktyabr axşam saatlarından başlayaraq bütün diqqətlər Moskvaya yönəlir. Və o gecə Azərbaycan xalqı səhərə kimi yatmır.
Bu, Moskvada Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında keçirilən görüşlə bağlı olur. İclas Rusiya tərəfinin təşəbbüsü ilə keçirildiyindən, Rusiya XİN rəhbəri Sergey Lavrov da masada əyləşən üç nəfərdən biri olur.
Görüş 10 saatdan artıq davam edir. Bu müddətdə sosial şəbəkələrin Azərbaycan seqmentində bir narahatlıq yaranır. Ordumuzun əks hücum əməliyyatı ilə işğal altında qalan ərazilərimizi bir-bir, kənd-kənd, qəsəbə-qəsəbə azad etdiyi bir vaxtda, bu görüşün keçirilməsi birmənalı qarşılanmır. Bunun ordumuz tərəfindən darmadağın edilən Ermənistan silahlı qüvvələrinin xilasına hesablandığına dair fikirlər yaranır, üstünlüyü əldə etdiyimiz məqamda atəşkəslə bağlı razılıq əldə olunacağı düşünülür.
9 oktyabrda başlayan görüş oktyabrın 10-u səhərə yaxın başa çatır. Bu zaman saatlar Bakıda 03:50-ni göstərir.
Üçtərəfli görüşün yekununda bəyanat qəbul edilir. Bəyanatda Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılığa əsasən bəzi addımların atılması razılaşdırılır.
Razılığa əsasən, 10 oktyabr saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. Bu zaman atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılmalı idi. Digər bir bənd isə ondan ibarət idi ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yoluyla həlli məqsədilə substantiv danışıqlara başlamalıydı. Və tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.
Amma işğalçı Ermənistan humanitar atəşkəsə belə məhəl qoymur. Düşmən oktyabrın 10-u axşam saatlarında Tərtərin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
Növbəti gün - oktyabrın 11-də isə Ermənistan silahlı qüvvələri daha bir müharibə cinayətinə əl ataraq, Gəncəni “Skad-B” taktiki əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə atəşə tutur. Nəticədə şəhərin “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılır, 5-i qadın olmaqla 10 mülki vətəndaşımız şəhid olur. 9-u uşaq, 10-u qadın olmaqla 34 nəfər yaralanır.
Bu, hələ son deyildi...
Moskvada 10 saatdan artıq davam edən görüşdə qəbul edilən sənəddə məsələləri tənzimləməli olan ATƏT-in Minsk qrupu isə Bakıya 2020-ci ilin dekabrın 12-də, Azərbaycan öz doğma torlaqlarını işğaldan azad etdikdən iki ay sonra gəldi. Bu, həmsədrlərin özbaşına səfəri idi. Çünki 28 ildir fəaliyyətsizliyi ilə yadda qalan Minsk qrupunu Bakıya rəsmi olaraq dəvət edən olmamışdı.