AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli bir dövlətdir"

  • + A
  • - A
  • 15-10-2021, 14:25

    "Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli bir dövlətdir"

    Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında çıxış edib.
    O, çıxışı zamanı bildirib ki, bu iclas ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gün ərəfəsində keçirilir. Oktyabrın 18-də biz Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd edəcəyik.
    Qeyd edilib ki, ötən əsrin əvvəllərində qurduğu müstəqil dövlətini cəmi 23 ay yaşada bilmiş Azərbaycan xalqına bu imkan bir də əsrin sonlarında nəsib olmuşdur. 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti tərəfindən “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edilmişdir.
    Amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi. O vaxt ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri yeni yaranan dövlət quruluşunun siyasi, sosial və iqtisadi təməlini qurmaqdan, dəyişən şəraitə uyğun idarəçilik mexanizmləri hazırlamaqdan ibarət idi.
    Lakin yeni dövrün tələbləri ilə ayaqlaşa bilən siyasi rəhbərliyin olmadığı şəraitdə hər hansı düşünülmüş dövlət quruculuğundan söhbət gedə bilməzdi. Nəticədə ölkəmiz son dərəcə mürəkkəb problemlərlə qarşılaşıb çox çətin vəziyyətə düşmüşdü.
    Hərc-mərclik, hakimiyyət davası ölkəni idarəedilməz vəziyyətə gətirmiş, cəmiyyətdə və dövlətdə dağılma meyilləri qarşısıalınmaz xarakter almış, qanunsuz silahlı dəstələrin özbaşınalığı real vətəndaş müharibəsi təhlükəsi törətmişdi. Fürsətdən istifadə edən Ermənistan silahlı qüvvələri torpaqlarımızın işğalını gündən-günə genişləndirirdilər.
    Bütün bu proseslərin məntiqi nəticəsi kimi dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında idi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq təhlükəsi qarşısında idi.
    Parlamentin spikeri vurğulayıb ki, görünür, bu da taleyin bir qisməti idi ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz ulu öndər Heydər Əliyev kimi siyasət dahisi Azərbaycanın idarəçilik sükanı arxasında olmalıydı. 1993-cü ilin iyununda böyük siyasi və dövlət xadiminin hakimiyyətə qayıtması Azərbaycanın sivil dünyanın bir parçası olmaq imkanının reallaşmasına şərait yaratdı. Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, müstəqil Azərbaycan dövlətinin varlığına son qoyula bilərdi.
    Sahibə Qafarova qeyd edib ki, ulu öndərin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanmışdır. O, diqqətə çatdırıb ki, Ümummilli liderimiz Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etmişdir. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlanmışdır. Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi bütün digər məsələlərlə yanaşı, ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırmış və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan vermişdir.
    Milli Məclisin sədri bildirib ki, ulu öndərin başladığı strateji inkişaf xəttini yaradıcı surətdə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycan xalqına və dövlətinə heyrətamiz uğurlar gətirmişdir. Onun rəhbərliyi ilə dövlətimizin ən böyük problemi həll edilmiş, torpaqlarımızın 30 illik işğalına son qoyulmuş, ərazi bütövlüyümüz bərpa olunmuş, Azərbaycana qarşı ərazi iddiasına düşənlərin layiqli cavabı verilmişdir. Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli bir dövlətdir.
    İnamla söyləmək olar ki, möhtərəm Prezidentimizin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında yerini qoruyub saxlayacaq və daha da möhkəmlənəcəkdir.
    Parlamentin spikeri öz çıxışında deyib ki, Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı, bizim hər birimiz üçün ən böyük sərvətdir. Əminəm ki, bu sərvəti qoruyub saxlamaq, daha da zənginləşdirmək üçün hər kəs öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
    Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü münasibəti ilə deputatları ürəkdən təbrik edib.
    Spiker, eyni zamanda, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlamağı təklif edib. O, Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayıb.
    Parlament sədrinin təbriki alqışlarla qarşılanıb.
    Çıxışının davamında Sahibə Qafarova Milli Məclisin nümayəndə heyətinin Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib. Bildirilib ki, orada 3-cü Avrasiya qadınlar forumu keçirilmişdi.
    Spiker qeyd edib ki, 2015-ci ildən keçirilən bu forum müasir dünyada qadınların rolunun müzakirə edilməsi və qlobal problemlərin həllinə ümumi yanaşmaların müəyyənləşdirilməsi üçün böyük beynəlxalq platformaya çevrilmişdir. Tədbirin təşkilatçıları Rusiya Federal Məclisinin Federasiya Şurası və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasıdır.
    Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu dəfə forumun əsas mövzusu sabit və təhlükəsiz gələcək qurulmasında qadınların roluna həsr edilmişdi. Bir neçə digər mövzular üzrə də müzakirələr aparılmışdır.
    Sahibə Qafarova forumun plenar iclasında çıxış etdiyini söyləyib. O, ölkəmizdə qadınlar barəsində həyata keçirilən dövlət siyasətinin tarixi və uğurları barədə məlumat verdiyini deyib. Bildirdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər bu siyasətin bütün istiqamətlərində əhəmiyyətli irəliləyişə səbəb olmuşdur. Ölkəmizdə aparılan sistemli islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəlmiş geniş dövlət proqramları qadınların həyatına müsbət təsir göstərir.
    Spiker daha sonra dedi ki, tədbirdə xüsusi vurğuladım ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qadın hüquqlarının müdafiəsi, dövlət və cəmiyyət həyatında qadınların rolunun gücləndirilməsi ilə bağlı fəaliyyətin uğurlarına dəyərli töhfələr verir. Azərbaycanın Birinci xanımı özünün çoxşaxəli fəaliyyəti ilə qadınlarımızı öz potensialını daha böyük əzm və cəsarətlə reallaşdırmağa ruhlandırır.
    Parlamentin sədri öz nitqində artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin son 30 ildə qadınlar da daxil olmaqla bir çox Azərbaycan vətəndaşının həyatına son qoyduğunu xatırladıb və bu münaqişənin törətdiyi problemlərin, o cümlədən qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklərin qadınların da çiyinlərinə düşdüyünü qeyd edib.
    Bildirilib ki, ötən ilin noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat keçmiş Qarabağ münaqişəsinə son nöqtəni qoydu və 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbədən sonra Cənubi Qafqaz regionunda qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün perspektivlər yaradan yeni reallıqlar ortaya çıxmışdır.
    Spiker bildirib ki, nümayəndə heyətimizin üzvləri Hicran Hüseynova, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Ülviyyə Həmzəyeva, Fatma Yıldırım forumda müxtəlif mövzular ətrafında çox fəal iştirak etmiş və müzakirələrdə çıxış etmişlər.
    Sahibə Qafarova Forumun davam etdiyi günlərdə onun Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri xanım Valentina Matviyenko, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru xanım Aliya əl-Yassir ilə görüşlərinin keçirildiyini də söyləyib
    O, aparılan söhbətlər zamanı digər məsələlərlə yanaşı, Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə də məlumat verdiyini deyib. Həmsöhbətlərinə bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub.
    Bu görüşlər zamanı da vurğulayıb ki, ötən ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatla keçmiş Qarabağ münaqişəsi tarixə qovuşub. Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranmış, Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb.
    Qeyd edib ki, Ermənistan işğal altında saxladığı şəhər və kəndlərimizi tamamilə dağıdıb, müharibədən sonra isə regionda sülh və təhlükəsizliyin təmin edilməsinə mane olmaq üçün təxribatlar törədir, xüsusən, minalanmış ərazilərin xəritələrini verməkdən də imtina edir.
    Parlamentin sədri keçirdiyi görüşlərdə bildirib ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. İki yeni rayon – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Nəqliyyat əlaqələrinin bərpa edilməsi, Zəngəzur dəhlizinin işə salınması bölgənin inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.
    Milli Məclisin sədri Sahibə Qafarova səfərin uğurla keçdiyini deyib və bununla əlaqədar olaraq nümayəndə heyətimizin üzvlərinə minnətdarlığını ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR