Oktyabrın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Qonaqları salamlayan Əli Hüseynli Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi ərəfəsində Ukrayna nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, ötən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistanın ərazilərimizi 30 il davam edən işğalına son qoyub, ərazi bütövlüyünü təmin edib. O, ukraynalı qonaqlara münaqişənin artıq tarixə qovuşduğunu bildirib, azad edilmiş ərazilərdə işğalın ağır nəticələrinin aradan qaldırılması üçün görülən işlərdən bəhs edib. Əli Hüseynli 44 günlük müharibənin ilk günündən Ukrayna dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndirib.
Birinci vitse-spiker parlamentlərdəki qarşılıqlı dostluq qruplarının əlaqələrimizin daha da inkişafına verəcəyi töhfələrdən, qanunverici orqanların beynəlxalq qurumlar çərçivəsindəki əməkdaşlığının möhkəmləndirilməsindən danışıb. Əli Hüseynli Azərbaycan və Ukrayna münasibətlərinin bundan sonra daha da dərinləşəcəyinə inamını ifadə edib.
Tədbirdə Ali Radanın Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədrləri Valeri Kolyux və Vladimir Kreydenko, qrupun üzvləri Lyudmila Marçenko, Maryan Zablotski, Ukraynadakı “Həmrəy Azərbaycanlılar Diasporu”nun rəhbəri Hikmət Cavadov çıxış ediblər. Onlar əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolunu qeyd ediblər. Qonaqlar Azərbaycanın Zəfərini ədalətin qələbəsi kimi dəyərləndiriblər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqın bir yumruq kimi birləşməsini 44 günlük Vətən Müharibəsində qələbənin əldə olunmasında mühüm amil adlandırıblar.
Ali Radanın deputatları işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Azərbaycana uğurlar arzulayıblar və bütün məcburi köçkünlərin tezliklə doğma torpaqlara qayıdacağı, ermənilər tərəfindən viran edilmiş ərazilərdə həyatın yenidən qaynayacağı günlərin yaxında olduğuna inamlarını ifadə ediblər.
Söhbət zamanı Ukrayna parlamentində Xocalı soyqırımına dair qərarın qəbul edilməsi məsələsi qaldırılıb, birgə əməkdaşlığın müxtəlif aspektləri, gələcək perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, deputat Anar Məmmədov, Ali Radanın Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.