AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova ATƏT PA-nın sədri ilə görüşüb

  • + A
  • - A
  • 21-10-2021, 22:17


    Oktyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Afinada ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşüb.
    ATƏT Parlament Assambleyası sədrinin müraciəti əsasında baş tutan görüşdə Azərbaycan Milli Məclisin sədrini salamlayan Marqareta Sederfelt təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. O, qlobal pandemiya səbəbindən görüşlərin və canlı təmasların böyük qisminin baş tutmadığını bildirərək, ümidvar olduğunu deyib ki, pandemiya təhlükəsi aradan qalxdıqdan sonra belə görüşlər daha sıx-sıx keçiriləcək.

    Marqareta Sederfelt ATƏT PA-nın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.
    Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın təşkilatdakı fəaliyyəti barədə danışıb, ölkəmizin nümayəndə heyətinin həmişə ATƏT PA-nın tədbirlərində fəal iştirak etdiyini bildirib.
    Spiker görüşdə Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra regionda yeni mərhələnin başlandığını qeyd edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad edərək, ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmiz həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib. Spiker vurğulayıb ki, Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub və Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Milli Məclisin sədri "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinə istinad etməyin də yolverilməz olduğunu bildirib.
    Azərbaycanın üçtərəfli bəyanatda əksini tapan bütün öhdəliklərini yerinə yetirdiyini bildirən Sahibə Qafarova vurğulayıb ki, Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına maneə törədir. O deyib ki, 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Onlar tərəfindən təqdim olunan bəzi xəritələrin dəqiqliyi isə yalnız 25 faizdir. S.Qafarova xüsusi vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb.
    Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb.
    Sahibə Qafarova deyib ki, Azərbaycan regionda daimi sülh və əmin-amanlığın təmin olunmasını istəyir. O xatırladıb ki, Prezident İlham Əliyev də ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan edib.
    Azərbaycanın çoxmillətli ölkə olduğunu, burada 90-dan çox etnik qrupun, müxtəlif xalqların və millətlərin nümayəndələrinin yaşadığını, bütün xalqların adət-ənənəsinə hörmətlə yanaşıldığını, ölkəmizdə ksenofobiya və dözümsüzlüyün olmadığını vurğulayan Milli Məclisin sədri Azərbaycanın dövlət siyasətində milli və dini tolerantlığın prioritet istiqamətlərdən olduğunu bildirib.
    Milli Məclisin sədri Sahibə Qafarova ATƏT Parlament Assambleyasının sədrinə "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabı təqdim edərək, Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərnbaycanın şəhər və rayonlarını, bütün infrastrukturu, mədəniyyət və tarixi abidələri, dini abidələri tamamilə dağıtdığını, talan etdiyini bildirib.
    Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR