“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşdırma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
AzadMedia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin yüksəldilməsi, əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən toplantıda praktiki və göstərici məşğələlərə üstünlük verilib.
Səhra şəraitində təşkil edilmiş təlim yerlərində “Artilleriya divizonunun atış və atəşin idarə olunması”, “Kiçik ölçülü hava hədəflərinə qarşı mübarizə”, “Mövqelərin mühəndis cəhətdən hazırlanması” mövzularında məşğələlər keçirilib, atıcı silahlardan normativlərin yerinə yetirilməsi nümayiş olunub. Məşğələ zamanı minaatan batereyasının atışa hazırlanması və praktiki atış tapşırıqlarının yerinə yetirilməsi məşq etdirilib.
Toplantıda təmir emalatxanalarının və qida məntəqəsinin səhra şəraitində açılması, ehtiyat döyüş sursatının döyüş maşınlarında və nəqliyyat vasitələrində saxlanılması praktiki olaraq göstərilib.
Toplantının yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.