AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda pensiya yaşı azaldıla bilərmi? - AÇIQLAMA

  • + A
  • - A
  • 11-11-2021, 14:53



    Azərbaycanda pensiyaçıların sayı üzrə 2022-ci və 2023-cü ilin əvvəllərinə tərtib edilmiş proqnoz göstəricilərinə əsasən, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də pensiyaçıların sayında azalma baş verəcək.

    Bu, Hesablama Palatasının "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi layihəsinə rəy"ində əksini tapıb. Rəydə qeyd olunub ki, təqdim edilmiş proqnoz göstəricilərinə əsasən, cari ilin sonunda pensiyaçıların sayı ilin əvvəli ilə müqayisədə 26,5 min nəfər azalacaq ki, bu da yaşa görə pensiya ilə təmin ediləcək şəxslərin sayının 10,1 min nəfər, əlilliyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının 19,6 min nəfər azalması, ailə başçısını itirməyə görə pensiya ilə təmin olunacaq şəxslərin sayının isə 3,2 min nəfər artması hesabına baş verəcək.

    Pensiya yaşının artırılması da bu saya təsir edir. Pensiya yaşının çox olması müzakirə olunan məsələlərdən biridir. Ümumiyyətlə, yaxın illərdə pensiya yaşının azaldılması gözlənilirmi?

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bununla bağlı Unikal.org-a açıqlamasında bildirib ki, pensiyaçıların sayının dəyişməsi bir neçə səbəblə bağlıdır.

    Onun sözlərinə görə, xüsusən qadınlar üçün pensiya yaşının artırılması pensiyaçıların sayına təsir göstərir:

    "Artıq kişilərdə pensiya yaşı 65-dir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edib ki, əsassız pensiya alanların pensiya ödənişlərinə baxılır və hansılar ki, əsassız olaraq müəyyənləşib, onların ləğv edilməsi həyata keçirilir. Digər tərəfdən dünyasını dəyişənlərin olması pensiyaçıların sayına birbaşa təsir göstərir".

    Deputat qeyd edib ki, pensiya yaşının baxılması müzakirə edilən məsələlərdən biridir:

    "Bununla bağlı bir neçə millət vəkili tərəfindən təkliflər irəli sürülmüşdü. Düşünürəm ki, pensiya islahatlarına yenidən baxılması və müzakirə olunması daha məqsədəuyğun olardı. Əgər şəxs pensiya yaşına çatmadan dünyasını dəyişirsə, bundan istifadə edə bilmirsə, pensiya hesabında yığılmış vəsaitin vərəsələrinə ötürülməsi, eyni zamanda pensiya yaşının xanımlar və kişilər üçün diferensial müəyyənləşdirilməsi məsələlərinə baxıla bilər. Pensiya ilə bağlı həyata keçirilən islahatların yenidən müzakirəsi, bununla bağlı fərqli tərəflərin rəyinin alınması və bu istiqamətdə təkmilləşdirmənin davam etdirilməsi məqsədəuyğun olardı", - deyə V.Bayramov vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR