Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib.
“Report” xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub. Atası geoloq, anası isə ingilis dili müəllimi olub.
O, 1942-1944-cü illərdə Azərbaycanda konservatoriya təhsili alıb. Növbəti təhsilini Moskva Konservatoriyasında davam etdirib və 1950-ci ildə məzun olub. Bundan sonra daimi olaraq Moskvada yaşayıb.
A.Sultanova məşhur bəstəkar Vladimir Şainski ilə ailəli olub.
1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bir çox bəstə yaradıblar. O, 1967-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.