Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 24-də Daş Salnamə Muzeyində Vətən müharibəsində şanlı Zəfərimizin birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfrans keçirildi.
Nazirlikdən
Azadmedia.az-a verilən məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli tədbir iştirakçılarını salamlayaraq beynəlxalq konfrans haqqında məlumat verdi. Bildirdi ki, konfransda “Abidələr: Azərbaycan irsinin daş yaddaşı”, “İşğalı məğlub edən mədəniyyət”, “Abidələri xilas edən Qələbə”, “Mədəniyyətin çiçəklənməsi üçün sülh” mövzusunda dörd sessiya keçiriləcək. Həmçinin tədbir çərçivəsində “Azadlıqda olan abidələr” adlı fotosərgi təşkil olunacaq.
Daha sonra söz çıxışçılara verildi. “Abidələr: Azərbaycan irsinin daş yaddaşı” adlı birinci sessiyada çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirdi ki, bu gün daha çox postmünaqişə dövründən danışsaq da, düşmənin əvvəlki cinayətlərinə də düzgün qiymət verilməsi məsələsini diqqətdə saxlamalıyıq. Belə məsələlərdən biri də tarixi abidələrimizin dağıdılmasıdır: "Hazırda hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanmasıdır. Ötən ildən etibarən bu istiqamətdə işlərə başlanılıb. Postmünaqişə dövründə mədəni abidələrin bərpası və sülh mesajının dünyaya çatdırılması əsas məqsədimizdir".
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirdi ki, Azərbaycan memarlıq məktəbi dünyada yetərincə tanınır. Qarabağ memarlıq məktəbi də bu məktəblər arasında xüsusi yer tutur: "Qarabağ memarlıq məktəbinin inkişafı müəyyən dövrdə müxtəlif formalarda olub. Biz bilirik ki, bu abidələr bizim xalqa məxsusdur. Ancaq biz bunu bütün dünyaya bildirməliyik. Bugünkü konfrans da bu yöndə atılan addımlardan biridir".
ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer söylədi ki, ölkəsində mədəni irsin qorunması diqqətdə saxlanılır: "Biz fəxr edirik ki, dünyanın hər yerində mədəniyyət abidələrinin mühafizəsi ilə məşğul oluruq. Azərbaycanda da Mədəniyyət Nazirliyi ilə 2018-ci ildə Qubadakı günbəzli binanın abidəsi üzrə çalışmışıq. Azərbaycan öz mədəni keçmişinin qorunması, öyrənilməsi və təbliği sahəsində yeni səhifə açır. Biz bu yöndə onlara köməklik etməkdə şad olarıq. Mən Ağdam, Füzuli və azad olunmuş digər ərazilərdə mədəni abidələrin şəkillərini görmüşəm. Əminəm ki, Azərbaycan bu işə böyük qayğı ilə yanaşacaq".
Milli Məclisin deputatı Sevinc Fətəliyeva vurğuladı ki, Azərbaycan uzun illər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: “Bu mənada Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi olaraq qeyd etmək istəyirəm. Fond uzun illərdir mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edir. 30 ilə yaxın torpaqlarımız işğal altında idi. Biz gördük ki, həmin ərazilər hansı vəziyyətdədir. Deməli, bu torpaqlar onlara önəmli deyildi. Lakin bir il ərzində sürətli bərpa işlərinin görülməsi, tarixi mədəni abidələrin bərpası onu göstərir ki, Azərbaycan xalqı və rəhbərliyi bu torpağa nə qədər bağlıdır".
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli söylədi ki, hər bir xalqın irsi onun gələcəyidir: "İstənilən layihələrin həyata keçirilməsinin bəzi standartları var. Ölkəmizin ərazisi tarixi, arxeoloji tapıntılarla zəngindir. Bunu nəzərə alaraq xüsusi prosedur işlənib hazırlanıb. İnşaat zamanı hər hansı arxeoloji tapıntılar tapılırsa, işlər müvəqqəti dayandırılır. Daha sonra Mədəniyyət Nazirliyinə məlumat verilir. Müvafiq göstəriş alındıqdan sonra işlər ya davam etdirilir, ya dayandırılır, yaxud da qazıntıların yeri dəyişdirilir. Təkcə onu demək kifayətdir ki, Şahdəniz layihəsi çərçivəsində aparılan qazıntılar zamanı 10 minə yaxın tarixi, arxeoloji nümunə üzə aşkara çıxarılıb".
“Biz Qarabağa qurub-yaratmaq üçün qayıdırıq”
Qısa fasilədən sonra beynəlxalq konfransı “İşğalı məğlub edən mədəniyyət” mövzusunda ikinci sessiyası işə başladı.
Sessiyada çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, xalqımız böyük qayıdışın başlanğıcındadır. Bu başlanğıc mədəniyyətlə bağlıdır: "Mədəniyyət xalqların kimliyini əks etdirən fenomendir. Mədəni irs bizim kimliyimizi göstərən əyani sübutdur. Mədəni irsimiz işğal zamanı məhv edilib oğurlanıb. Bunun da bir adı var – mədəni soyqırımı. Onlar bizim məscidlərimizdə ev heyvanları saxlayırdılar. Bunun məqsədi İslam dünyasının dini hissiyyatlarını təhqir etmək idi. Şükürlər olsun ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə və qüdrətli Ordumuz buna soy qoydu. Torpaqlarımızı işğaldan azad etdi. Yaradıcı mədəniyyət nifrətə, vandalizmə qalib gəldi. Biz Qarabağa qurub-yaratmaq üçün qayıdırıq. Bunu sözdə yox, əməldə göstəririk”.
İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işlərindən söz açan nazir artıq mədəniyyət paytaxtımız Şuşada mədəni mühitin də canlandığını dedi: “Bu il Şuşada üç böyük festival keçirilib. Bu kimi addımlar bundan sonra da davam edəcək. Bununla da biz bütün dünyaya göstəririk ki, Azərbaycan xalqı heç vaxt abidələrlə müharibə aparmır, əksinə onları bərpa edir”.
Anar Kərimov bir şad xəbəri tədbir iştirakçıları ilə bölüşdü. Dedi ki, 2023-cü ildə Şuşa şəhəri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq. TÜRKSOY tərəfindən bununla bağlı qərar veriləcək: “Biz bütün türk dövlətlərinin iştirakı ilə əlamətdar ildə Şuşada rəngarəng tədbirlər keçirəcəyik”.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirdi ki, Türk dünyası böyük mədəniyyətə sahibdir: "Ortaq mədəniyyətimiz bizim gələcəyimizin təminatıdır. Mədəniyyətimizi nə qədər qoruyub gələcək nəsillərə çatdıra bilsək, gələcəyimiz də bir o qədər təminat altında olar. Türk mədəniyyətində başqa mədəniyyətə zərər vermək yoxdur. Təəssüf ki, Qarabağda bunlarla qarşılaşa bilmədik. Biz Türkiyə Mədəniyyət və Turizm Nazirliyi olaraq Şuşa və Qarabağda əlimizdən nə gəlirsə, etməyə hazırıq. Biz birlikdə güclüyük, cəsuruq və məğlubedilməzik. Allah birliyimizi qorusun".
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxışında Azərbaycanın Vətən müharibəsində Zəfərinin siyasi, iqtisadi və mədəni əhəmiyyətini diqqətə çatdırdı. Nazir bildirdi ki, bu il Azərbaycanda Nizami Gəncəvinin 880, Özbəkistanda isə Əlişir Nəvainin 580 illiyi qeyd olunur: “Türk dünyası olaraq ortaq dəyərimiz mədəniyyətdir. Biz məhz mədəniyyət vasitəsilə daha da birləşirik".
Pakistanın ölkəmizdəki səfiri Bilal Haye çıxışında Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu bildirdi. Qeyd etdi ki, ən qədim insan məskənlərinin bir sıra nümunələri Azərbaycan ərazisinə təsadüf edir. Musiqi və ədəbiyyat Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Bu baxımdan Şuşanı xüsusi qeyd etmək olar. Şuşa Azərbaycanın mədəni zənginliyini, gözəlliyini təcəssüm etdirir: “Dünya ictimaiyyəti görürdü ki, işğalçı qüvvələr Azərbaycan mədəniyyətini buradan silmək istəyirdilər. 30 ildən sonra Azərbaycan xalqı öz doğma yurduna qayıdır. Pakistan xalqı hər zaman Azərbaycanın yanındadır".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirdi ki, Azərbaycanın mədəni zənginliyi dövlətimizin tərəfindən qorunur. Bu siyasət ölkəmizin bütün bölgələrini əhatə edir".
Daha sonra beynəlxalq konfrans digər iclaslarla davam etdi.