AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Türkiyə üçün deyil... - İNCƏLƏMƏ...

  • + A
  • - A
  • 2-12-2021, 09:06

    Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Türkiyə üçün deyil... - İNCƏLƏMƏ...

    Yerli və xarici təhlilçilər 26 noyabrda Soçidə baş tutan üçtərəfli görüşün nəticələrini təhlil edirlər. Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Leonid Slutski deyib Soçidə mühüm addım atıldı və bu, Qarabağ münaqişəsinin yekun həllini yaxınlaşdıracaq. Məlum olduğu kimi Soçi görüşündə Rusiya Prezidenti Vladimir Putin ilin sonuna qədər iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəlməyin önəmini vurğuladı. Faktiki olaraq, Paşinyana “vaxt gözləmir”, “zaman Ermənistanın zərərinə işləyir” mesajını verdi. Qeyd olundu ki, baş nazir müavinləri gələn həftə Moskvada görüşəcək, detalları müzakirə edəcəklər.

    Xatırladaq ki, 15 dekabrda Brüsseldə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi planlaşdırılıb. Görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək. Bir sıra siyasi analitiklər hesab edirlər ki, Brüssel görüşünü yeni mərhələnin başlanğıcı kimi qeyd etmək olardı. Amma 26 noyabrda Soçidə keçirilən görüş Brüssel görüşünü kölgədə qoydu. Yəni Soçi görüşündən sonrakı Brüssel görüşünün ciddi əhəmiyyəti qalmayıb.
    Azərbaycan-Ermənistan rəhbərliyi arasında baş tutan təmaslarla bağlı “Şərq”in müsahibi Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Kahraman Maraşdakı “Sütçü İman” Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıldır. Professor son günlər baş verən hadisələrlə bağlı suallarımızı cavablandırıb...

    - Toğrul müəllim, Soçi görüşünün nəticələrini, xüsusən Rusiya prezidentinin sərgilədiyi mövqeyi necə dəyərləndirirsiniz?

    - 10 noyabrda imzalanmış 11 maddəlik bəyannamənin bütün qərarları qeyd-şərtsiz icra olunmalıdır. Üçtərəfli sazişə imza atan tərəflər sadəcə Azərbaycan və Ermənistan deyil. İrəvanla yanaşı, vasitəçi Rusiya da üzərinə öhdəlik götürüb. Əgər 11 maddəlik sazişdə hansısa bənd icra olunmursa, ümumən bəyannamə işə yaramır və proseslər əvvələ qayıdır. Xatırlayırsızsa, üçtərəfli görüşün 9 noyabrda olacağı ilə bağlı rəsmi xəbərlər yayılmışdı. Amma daha sonra İrəvanın bundan imtina etdiyi məlum oldu. Baş nazir Nikol Paşinyan müxtəlif bəhanələr irəli sürərək həmin tarixdə görüşdən boyun qaçırdı. Maraqlısı odur ki, Moskvanın həmin müddətdə səsi çıxmadı. Sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüş təklifi gündəmə gətirildi. Ermənistan dərhal Aİ-nin görüş təklifinə “hə” cavabı verdi. Kremlin buna səssiz qalmayacağı bəlli idi və gözlənilən oldu. Bir neçə gün sonra Moskva Azərbaycan və Ermənistan rəhbərliyi ilə Soçidə görüş keçiriləcəyini bəyan etdi. Əgər görüş olmasaydı, Rusiyanın vasitəçilik missiyasına kölkə düşəcəkdi. Əslində Soçidə yeni nəsə olmadı, əlavə razılaşma imzalanmadı. Sadəcə, üçtərəfli bəyanatların icrasına dair sənəd qəbul olundu. Amma Moskva istəyinə nail oldu və bir daha göstərdi ki, Cənubi Qafqazda proseslərə özü nəzarət edir. Görüşün formatı, liderlərlə ünsiyyət və s. birbaşa buna hesablanmışdı.

    - “Soçidən sonra Brüssel görüşünə ehtiyac yoxdur” fikirlərinə münasibətiniz necədir?

    - Görüşlərin ümumən vacib olduğu qənaətindəyəm. Soçi görüşündə məqsəd bəlli idi. Bir növ ümumi xarakter daşıyırdı və üç ölkə təmsilçilərinin yer aldığı komissiyanın fəaliyyət istiqamətlərini özündə əks etdirirdi. Brüssel görüşündə də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı müəyyən məsələlər müzakirə mövzusu ola bilər. Xüsusən, görüş təşəbbüsünün nüfuzlu bir qurumdan – Avropa İttifaqından gəlməsi də mühümdür. Həm də nəzərə alaq ki, Brüsseldə Azərbaycan-Ermənistan rəhbərləri vasitəçisiz, birbaşa görüşmək imkanı əldə edəcəklər. Azərbaycan Avropa İttifaqı Şurası ilə yaxından əməkdaşlıq edən bir ölkə kimi təşkilatdan gələn təklifləri müsbət qarşılayır. Rəsmi Bakı göstərir ki, heç bir sülh və əməkdaşlıq təşəbbüsünü geri çevirmir. Brüsseldəki təmaslar hansısa problemin həlli üçün irəli doğru addım ola bilər. “Soçidən sonra Brüssel görüşünə ehtiyac varmı” söhbəti isə başqa məsələdir. Ona qalsa, 44 günlük müharibədən sonra ümumiyyətlə heç bir görüşə ehtiyac olmamalıydı. Çünki Azərbaycan müharibədə qalib olub və Ermənistan təslimçi sülhə imza atıb. Yəni ortada 10 noyabr və 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatlar var. Bu bəyanatların şərtləri Ermənistan tərəfindən yerinə yetirilməlidir. İrəvan bundan boyun qaçırdığı üçün əlavə görüşlərə ehtiyac yaranır. Çünki belə görüşlərlə Ermənistanın bütün bəhanələrini əlindən almaq lazımdır.

    - Avropa İttifaqının Brüssel təşəbbüsü haradan qaynaqlandı, məqsəd nədir?

    - Qərb ölkələri, daha doğrusu, Avropanın nüfuzlu strukturları Cənubi Qafqazdakı önəmli proseslərdən tamamilə kənarda qalmaq istəmir. Avropa İttifaqının missiyalarından biri bölgələrdə sülhün, sabitliyin təmin edilməsi, münaqişə ocaqlarının aradan qaldırılmasıdır. Görünür, bölgədə qeyri-müəyyənliyin qalması, arzuolunmaz proseslərin davam etməsi Avropanın da işinə yaramır. Təbii ki, Qərb də çalışır ki, önəmli regionları Rusiyanın təsir dairəsindən uzaqlaşdırsın.

    - İƏT-in Aşqabadda keçirilən XV Zirvə toplantısı mühüm ikitərəfli görüşlərlə yadda qaldı, müəyyən razılaşmalar əldə olundu. Sammitin önəmini necə qiymətləndirirsiniz?

    - İslam Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən Zirvə toplantısı kifayət qədər önəmliydi. Ən mühüm məqamlardan biri isə şübhəsiz ki, Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış anlaşma və ikitərəfli görüşlər idi. Zirvə sammitinin nəticələrini Qarabağ zəfərindən sonra Azərbaycanın əhəmiyyətli beynəlxalq nailiyyətlərindən saymaq olar. Azərbaycan daha da güclənməkdə və yeni beynəlxalq reallığın ortaya çıxdığını ortaya qoymaqdadır. Dünya ölkələri Azərbaycanın Cənubi Qafqazdakı önəmli mövqeyini, gücünü və qətiyyətini birmənalı qəbul edirlər.

    - Zəngəzur dəhlizinin reallaşması yönündə ciddi addımlar atılmaqdadır. Dəhlizin fəaliyyətinin önündə heç bir əngəl qalmadığı deyilir. Sizcə, yaxın dönəmdə bu önəmli nəqliyyat koridorunun işə başlaması mümkün olacaqmı?

    - Ermənistan uzun illər dünyaya bəyan edirdi ki, Azərbaycan və Türkiyə İrəvanı iqtisadi blokadada saxlayır, regional əməkdaşlığına imkan vermir s. Amma indi rəsmi Bakı və Ankara davamlı şəkildə Ermənistana əməkdaşlıq təklif edir. Kommunikasiyaların qurulması, yolların açılması ilə bağlı demək olar ki, hər gün Paşinyan hökumətinə çağırışlar edilir. İrəvan isə çağırışları qulaqardına vurur. Şəxsən mən Zəngəzur dəhlizinin yaxın dönəmdə açılacağına inanıram. Çünki bu məsələ Ermənistanın etirazından və təkzibindən asılı olmayaraq, üçtərəfli bəyanatlarda öz əksini tapıb. Digər yandan Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Türkiyə üçün deyil, eyni zamanda Rusiya və İran üçün də olduqca əhəmiyyətlidir. Məhz ona görə açılması qaçılmazdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR