“Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri ilə görüş keçirildi
"Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası"nın üzvləri ilə görüş keçirildi.
Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə sahə üzrə peşəkar mütəxəssislərdən ibarət heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının yeni tərkibi təsdiq edilib.
Dekabrın 3-də Azərbaycan Milli İncəsənət Muzeyində Ekspert komissiyasının ilk görüşü keçirildi.
Görüşdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ucaldılan hər bir monumental əsərin vətəndaşlarımızla yanaşı, həm də ölkəmizə səfər edən xarici qonaqlar və turistlərdə də ölkəmiz haqqında fikir formalaşdırdığını, bu səbəbdən ölkə ərazisində hər bir abidənin bədii, elmi əhəmiyyəti, onun konsepsiyası, insanlarda yaratdığı təəssürat gələcək nəsillər üçün əhəmiyyəti, aktuallığı nəzərə alınaraq ucaldılmalı olduğunu diqqətə çatdırdı.
Nazir qeyd etdi ki, son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
A.Kərimov vurğuladı ki, həm paytaxtda, həm də regionlarımızda razılaşdırılmamış abidələrin ucaldılmasının qarşısı alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına müvafiq məlumatlar təqdim edilib.
Qeyd olunub ki, gələcəkdə ölkə ərazisində ucaldılması planlaşdırılan hər bir monumental abidənin ilkin layihə eskizinə dair müsabiqə elan ediləcək, təqdim edilən layihələrə nazirliyin nəzdində fəaliyyət göstərən heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası tərəfindən baxış keçiriləcək, bədii və elmi cəhətdən qiymətləndiriləcək və daha sonra ucaldılması işlərinə başlanılacaqdır.
Görüş üzvlər arasında Komissiyanın gələcək fəaliyyəti, iş prinsipi və digər məsələlər barədə fikir mübadiləsi ilə davam etdi.