Dekabr 16-da Özbəkistan Respublikasının Daşkənd şəhərində hibrid formatda Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Müxtəlif ölkələrin hüquq mühafizə orqanlarının rəhbərləri, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycan prokurorluğu Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti videokonfrans vasitəsilə təmsil olunmuşdur.
Elmar Camalov çıxış edərək Özbəkistan Prokurorluğunun yaradılmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırmaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi hüquq sistemində də aparılan islahatlar, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi barədə konfrans iştirakçılarına geniş məlumat vermişdir.
Baş prokurorun müavini Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, işğaldan azad edilən ərazilərimizdə həyata keçiriləcək geniş quruculuq-bərpa işləri və layihələr, post-müharibə dövrünün regionumuz üçün açdığı yeni imkanların əhəmiyyətindən danışmışdır.
Bundan sonra Konfrans öz işini prokurorluq orqanlarının müxtəlif sahələrdə fəaliyyətinə həsr olunmuş panel müzakirələri formatında davam etdirmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.