Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülvi Quliyev Modern.az-ın suallarını cavablandırıb.
- Yanvarın 11-də Ermənistan dövlət sərhədində yenidən təxribat törətdi, şəhidimiz var. N.Paşinyan KTMT hərbi kontingentinin Qazaxıstana yeridilməsi ilə bağlı qərarı imzaladıqdan sonra təxribata əl atması heç də təsadüfi görünmür. Sizcə, burada bir bağlılıq varmı?
- Allah şəhidimizə rəhmət eləsin. Artıq məlumdur ki, ordumuz budəfə də düşmənə layiq olduğu cavabı artıqlaması ilə verib, şəhidimizin qanı yerdə qalmayıb. Bilməliyik ki, şantaj, terror və təxribat Ermənistan siyasətinin ayrılmaz hissəsinə çoxdan çevrilib. Bu, erməni toplumuna da təsirsiz ötüşməyib. Ermənistan cəmiyyəti onilliklər boyu anti-Azərbaycan və türklərə patoloji nifrət ovqatında yetişdirilib. Daima nifrət içində bəslənən bir toplumun qısa müddətdə sağalacağını düşünmək özünü aldatmaqdan başqa bir şey deyil. Tibbdə psixoz uzun müddət müalicə olunmadıqda sağalmaz fəsadlar verdiyi kimi, erməni cəmiyyəti də nifrət, revanş və başqasına məxsus olanı ələ keçirmək hissindən azad olmadıqca, adekvat davranmağı öyrənəcəyinə inanmaq sadəlövhlükdür. Əgər belə olmasaydı, ermənilər təxribatdan bir gün əvvəl ölkəmizin Kaliforniyadakı konsulluğu qarşısında dirəklərə terrorçu Qurqen Yanikyanın fotolarını yapışdırmazdılar. Onların seçimi də təsadüfi deyil. Bu terrorçu 1973-cü ildə türk diplomatlarının həyatına qəsd etmişdi. Yadınızdadırsa, ötən ilin sonlarında N.Paşinyan və Xanın kəndindəki qondarma separatçı rejimin rəhbəri Araik Arutünyan saxta qarşıdurma tamaşasını səhnələşdirdilər. Paşinyan göstərmək istəyirdi ki, guya bu, demokratdır, guya ölkəmizə ərazi iddiasından əl çəkib və problem Araikin rəhbərlik etdiyi Qarabağ ermənilərindədir. Bu saxta tamaşa da ənənəvi erməni bicliyinin pis pərdələnmiş növbəti nümunəsi idi. Sanki Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını, onun müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” çağırışını, Paşinyanın Şuşadakı rəqsini və yemək-içmək məclisini unutmalıymışıq. Beynəlxalq hüquqa zidd olan bu bəyanatlar da, heysiyyətimizə toxunan səhnələr də səbəbsiz deyildi. BMT-nin Azərbaycanla bağlı məlum qətnamələri 27 il ərzində kağız üzərində qaldı. 28 il boyunca vasitəçilərdən heç biri Köçəryana, Sarkisyana və Paşinyana demədi və ya demək istəmədi ki, beynəlxalq hüququ tapdalamayın. Əgər BMT qətnamələrini heçə sayan, Şuşadan Azərbaycana həqarət edən və ölkəmizə qarşı ərazi iddiası ilə bağlı bəyanat verən Paşinyanın əyninə zorla demokrat libası geyindirilirsə və belə birisi “demokratiya zirvəsinə” ABŞ-dan dəvət alırsa, deməli, bu dəvətnamələrin arxasında dəyərlərə hörmət deyil, siyasi maraqlar və erməni təəssübkeşliyi dayanır. Təbii ki, bundan həvəslənən Paşinyan və onun kimi psevdodemokratlar nə siyasi riyakarlıqdan, nə də təxribatlarından əl çəkəcəklər. Görəsən, KTMT hərbi kontingentinin Qazaxıstana yeridilməsi qərarına imza atan Paşinyana yenidən demokrat deyən tapılacaqmı?! İnanmaq istəməzdim, amma siyasi maraqların bütün dəyərləri üstələdiyi bir dövrdə hər cür riyakarlıq mümkündür.
Ermənistanın son təxribatı ilə Paşinyanın Qazaxıstanla bağlı imzaladığı qərar arasındakı səbəbli əlaqəyə gəldikdə isə, Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikri xatırlatmaq istərdim: “Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz”.
İnternet məkanının erməni seqmentindən də görünür ki, Paşinyanın imzaladığı bu qərar və erməni əsgərinin Türk dövlətlərindən birinin ərazisinə yeridilməsi Ermənistan cəmiyyətində bir çoxlarını məmnun edib, bundan zövq alırlar. Təəccüblənməyə dəyməz. Çünki uzun illər xəstə xəyal və miflərlə, türkə nifrət içində yaşayan bir ölkənin rəhbəri öz cəmiyyətindən fərqlənə bilməz, bu cür qərarlara imza atmaqdan yalnız zövq ala bilər. Natamamlıq kompleksi çətin müalicə olunan xəstəlikdir. Paşinyan bunu da bilməlidir ki, siyasi texnoloqların onun əyninə güclə geyindirdikləri demokrat libasının yamaq olduğu artıq faş olub.
- Qazaxıstan hadisələri ölkəmiz üçün Ermənistanın son təxribatına və boyundan böyük olan davranış tərzinə görə də çox önəmlidir. Yayılan məlumatlar çox ziddiyyətli oldu. Hadisələri xalq üsyanı kimi dəyərləndirənlərlə yanaşı, onu hakimiyyətdaxili qruplaşmaların qarşıdurması, dövlət çevrilişi və hətta xarici təcavüz, terror hücumu kimi qiymətləndirənlər də var. Rəsmi açıqlamaya baxmayaraq, birmənalı ictimai yanaşma mövcud deyil. Siz necə düşünürsünüz?
- Haqlı olaraq qeyd etdiyiniz kimi, birmənalı nəticə çıxarmaq üçün məlumatlar tam və yetərli deyildi, onlar bir-biri ilə ziddiyyət təşkil edirdi. Bu, məsələnin bir tərəfidir. Cəmiyyətimizi üzən odur ki, dost ölkənin və qardaş qazax xalqının tarixində çoxsaylı insan tələfatı ilə nəticələnən faciə baş verib. Allah onlara rəhmət eləsin. Qazaxıstan hadisələri yanacağın qiymətinin artırılmasına vətəndaşların sosial etirazı ilə başladı. Elə həmin vaxt Rusiya Prezidentinin Mətbuat katibi acıqlama verdi ki, bu, Qazaxıstanın daxili işidir. Beynəlxalq-hüquq normalarına və ölkələrin suverenlik haqqına hörmət prinsipi baxımından, eləcə də daxili işlərə qarışmamaq nöqteyi-nəzərindən bu açıqlama daha obyektiv görünürdü. Açıqlamadakı açar sözlər “daxili iş” ifadəsidir. Görünür, Qazaxıstan hakimiyyəti sosial etirazın təməlində dayanan köklərin daha dərin olduğu qənaətinə gəldi və bu səbəbdən hökuməti istefaya göndərdi, qaldırılan qiymətləri isə aşağı saldı. Lakin bir-iki gün sonra rəsmi informasiyalar yeni istiqamətə yönəldi və bəyan olundu ki, hadisələrdə xarici müdaxilə, aqressiya və terror izi var. Beləliklə, iki ölkədən gələn ilk rəsmi açıqlamalar arasındakı ziddiyyət dərhal sezildi. Qazaxıstan rəhbərliyi xarici təcavüz amilini qabardaraq KTMT-yə müraciət etdi, hadisələrdə iyirmi minə qədər terrorçunun iştirak etdiyini bildirdi. Böyük ordusu və öz sərhəd xidməti olan bir ölkənin ərazisinə 20 min terrorçunun aidiyyatı qurumların diqqətini cəlb etmədən maneəsiz keçə bilməsi və ya zərərsizləşdirilmədən hansısa müddətdə ölkədə mövcud olması sual doğurmaya bilməzdi. Elə bu səbəbdən, beynəlxalq ekspertlərin və media mənsublarının açıqlamaya münasibəti birmənalı olmadı. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin hadisələr zamanı görünməməsi, Təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsindən istefasını şəxsən ictimailəşdirməməsi konspiralogiyalara və müzakirələrə yol açdı. Beynəlxalq rəy ona köklənib ki, xarici müdaxilə amilinin xüsusi olaraq qabardılması KTMT hərbi kontingentinin Qazaxıstana yeridilməsini hüquqi cəhətdən əsaslandırmağa hesablanıb. Çünki beynəlxalq qanunvericiliyə, BMT Nizamnaməsinə və KTMT-nin öz Nizamnaməsinə görə daxili səbəblər xarici hərbi iştiraka əsas vermir. Əlində səsgücləndirici meqafonla küçədən hakimiyyətə gələn və dünyaya demokrat kimi sırınan Paşinyanın bu qərara imza atmasının özü də həyatın iztehzası, eləcə də demokratiyaya, qanunlara və ədalətə həqarətdir. Aristotelin belə bir kəlamı var: “Bütün ədalətsizliklər arasında ən dözülməzi-qanun adı altında törədilən ədalətsizlikdir”.
Rəsmi məlumatlardan və sosial şəbəkələrdə yayılan videokadrlardan göründüyü kimi, Qazaxıstandakı hadisələr zamanı, çox təəssüf ki, qətllər, soyğunçuluq, qarət, dövlət mülkiyyətinə və vətəndaşların şəxsi əmlakına qəsdən ziyan vurulması halları da qeydə alınıb. Bunun kimlər, hansı qruplar tərəfindən və nə məqsədlə törədildiyini, arxasında hansı qüvvələrin dayandığını istintaq orqanları araşdırıb obyektiv şəkildə ortaya qoymalıdır.
- Beynəlxalq mediada, eləcə də cəmiyyətimizdə səslənən əsas fikirlərdən biri də budur ki, Rusiya öz hərbi kontingentini KTMT adı altında Qazaxıstana yeritməklə çoxdankı arzusunu həyata keçirib. Bir çoxları belə düşünür ki, Qazaxıstanın suverenliyi artıq sual altındadır. Sizin yanaşmanız necədir?
- Sirr deyil ki, dünyada hibrid müharibəsi xeyli vaxtdır davam edir. Müşahidə etdiyimiz ziddiyyətli məlumatlar da informasiya savaşının tərkib hissəsidir. Dünya gücləri arasında təsir və nəzarət uğrunda gedən mübarizə həlledici fazaya daxil olub. Belə bir şəraitdə istənilən dövlətin müstəqilliyi və suverenliyi təhlükə altına düşə bilər. Cəmiyyətimizdə ictimai yanaşmaya və dəyərləndirmələrə gəldikdə isə, onlar da əsassız deyil. Yadınızdadırsa, bir müddət əvvəl Rusiyanın siyasi elitasında təmsil olunan və ictimai qavramda Kremlin sözçüləri kimi qəbul edilən deputatlardan, siyasətçilərdən bir neçəsi, eləcə də dövlətə bağlı KİV-ləri SSRİ-nin bərpası ilə bağlı nostalji yaşayır, postsovet ölkələrinin müstəqilliyini məqsədli şəkildə şübhə altına alırdılar. Onların arasında həddini, ölçüsünü aşaraq ölkəmizə və Azərbaycan hakimiyyətinə hədyanlıq edənlər də vardı. Bu şəxslərin hədəfə götürdükləri və suverenliyini şübhə altına aldıqları ölkələrdən biri də məhz qardaş Qazaxıstan idi. Hazırki vəziyyətdə cənab N.Nazarbayevə yerli cəmiyyətin ayrı-ayrı kəsimlərinin münasibətinin fərqli olmasına baxmayaraq, onun Qazaxıstanın müstəqil və milli dövlətçilik quruculuğundakı xidmətlərini, Türk Dünyasının möhkəmlənməsinə verdiyi töhfəni, eləcə də ölkəmizə dost münasibətini danmaq və unutmaq olmaz. Bu xidmətlər və dostluq-qardaşlıq münasibətləri cəmiyyətimizi, bütövlükdə Türk birliyini nə qədər məmnun edirdisə, bundan məyus və narahat olanlar da az deyildi. Elə bu günlərdə Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının deputatı Milonovun Qarabağa qanunsuz səfəri və orada terrorçu-separatçı rejimin qondarma nümayəndələri ilə keçirdiyi görüşlərlə bağlı Rusiya hakim partiyasının rəhbərliyinə etiraz məktubu göndərib. Bütün bunları və son günlər başqa bir türkdilli, qardaş ölkə ilə-Özbəkistanla bağlı açıqlama və mesajlardakı sətiraltı fikirləri nəzərə alsaq, beynəlxalq birlikdə və cəmiyyətimizdəki ictimai narahatlığın səbəbsiz olmadığını görmək mümkündür.
Son 30 ildə və xüsusilə 44 günlük Vətən müharibəsinin gedişatında əmin olduq ki, dünyada ikili standartlar və böyük güclərin siyasi maraqları hökmranlıq edir, beynəlxalq-hüquq normaları az qala küncə sıxışdırılıb. Yeni ilin ilk günlərindən etibarən Qazaxıstanda müşahidə etdiklərimizi də əlavə etsək, bir daha əmin oluruq ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə görünən və görünməyən çətinliklərin, ciddi xarici faktorların, maneə və təzyiqlərin dəf olunması hesabına başa gəlib, bunun üçün siyasi iradə və qətiyyət ortaya qoyulub. ATƏT-in erməni təəssübkeşliyi və ya tərəfkeşliyi ilə yadda qalan Minsk qrupu vasitəçilərinin az qala 30 illik səmərəsiz fəaliyyətinin, bütün ağlasığmaz cəhd və niyyətlərinin puç olması da elə bu siyasi iradənin nəticəsidir. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində söylədiyi növbəti fikir də onun dəyişməz mövqeyinin, iradə əzminin nümayişidir: “Prinsipcə 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram”.
- Türk Dövlətləri Təşkilatı adından yanvarın 11-də qəbul olunmuş Bəyanatda Qazaxıstan hadisələrində zorakılıq əməlləri pislənilməklə yanaşı, beynəlxalq hüquqa əməl olunmasının vacibliyi də vurğulanır. Sizcə, bu iki çağırışdan hansı daha çox diqqət mərkəzində olmalıdır?
- Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Qazaxıstan hadisələrinə həsr olunmuş növbədənkənar iclasının keçirilməsi və xüsusi Bəyanatın qəbul olunması bütövlükdə ciddi siyasi addımdır. Vurğuladığınız cağırışlardan hər ikisi eyni dərəcədə önəmlidir. Heç bir sosial və ya siyasi məzmunlu etiraz, Bəyanatda haqlı olaraq qeyd edildiyi kimi, insan həyatı üçün təhlükə yaradan, ictimai asayişi pozan və əmlaka ziyan vuran zorakılıqla müşayiət oluna bilməz. Təbii ki, belə əməllər pislənilməli və onlara qarşı hüquqi tədbirlər görülməlidir. Bəyanatda həm də beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə əməl edilməsinin vacibliyi xüsusi vurğulanır. Bu da çox önəmli cağırışdır. Ölkəmizin Xarici İşlər naziri Ceyhun Bayramov elə bu çağırışa söykənərək ümid etdiyini bildirdi ki, qazax xalqı müstəqillik dövründə əldə etdiyi nailiyyətləri risqə atmadan vəziyyətdən çıxa biləcək və sağlam düşüncə qalib gələcək. Zənnimcə, Qazaxıstan cəmiyyətinin həll etməli olduğu ən vacib məsələlərdən biri, bəlkə də birincisi məhz budur.
Müşahidə etdiyimiz qlobal qarşıdurma, geosiyasi oyunlar fonunda dünya birliyini narahat edən mövzu müstəqillik və suverenlik dəyərlərinə təhlükələrin artması ehtimalı ilə bağlıdır. Belə bir həssas mövzudan danışarkən Ulu Öndər Heydər Əliyevin bu kəlamını yada salmamaq mümkün deyil. O deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Bu müdrik kəlamın hikməti günümüzün reallıqlarına tam aydınlıq gətirir. Heydər Əliyev bunu da demişdi:
“Tarix həmişə hər şeyi öz yerinə qoyur”.