2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Futnet Federasiyasının və “ASAN Könülləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə yanvarın 30-31-də keçirilmiş futtennis və teqbal üzrə turnirlərin qalibləri mükafatlandırılıb.
Azadmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Marafon” idman klubunda Olimpiya sistemi üzrə keçirilən turnirlərin hər birində 8 komanda iştirak edib. İştirakçı komandalar rəmzi olaraq 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş rayonların adları ilə çıxış ediblər.
Maraqlı mübarizə şəraitində keçən futtennis yarışının qalibi finalda “Cəbrayıl” komandasını məğlub edən “Şuşa” komandası olub. Üçüncü yeri “Füzuli” komandası tutub.
Teqbal yarışının final matçında da maraqlı idman mübarizəsi aparılıb. Yekunda “Şuşa” komandası yarışı birinci yerdə başa vurub. İkinci yerə “Ağdam”, üçüncü pilləyə isə “Laçın” komandaları sahib olublar.
Sonda qalib komandalara kubok və diplomlar təqdim edilib.