BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya və ABŞ arasında güclü debat müşahidə olunub.
Belə ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında keçirilən Ukrayna iclasında Rusiya və ABŞ az qala toqquşacaqdı.
Azadmedia.az xarici mətbuta istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın BMT-dəki nümayəndəsi Rusiyanın Ukrayna sərhədlərində olmasını son illərdə Avropada müşahidə olunan ən böyük hərbi birləşmə kimi xarakterizə edərək, mümkün işğalın nəticələrinin dəhşətli olacağını bildirib.
Rusiya nümayəndəsi isə ABŞ-ın gərginliyi artırmağa çalışdığını və Qərbin Ukraynada nasistləri hakimiyyətə gətirdiyini bildirib.
ABŞ və Rusiya arasında Ukraynada həftələrdir davam edən və getdikcə şiddətlənən gərginlik dünən BMT Təhlükəsizlik Şurasının iclasına çıxarılıb. Vaşinqton və müttəfiqləri Moskvanı Ukraynada sabitliyi pozmağa çalışmaqda ittiham edib, Moskva isə Vaşinqtonun qəsdən gərginliyi artırdığını iddia edib.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Nyu Yorkda keçirilən toplantıda “Avropada üzləşdiyimiz vəziyyət təcili və təhlükəlidir” dedi. Rusiyanın Ukrayna sərhədlərində mövcudluğunu son illərdə Avropada görülən ən böyük hərbi birləşmə kimi xarakterizə edən Tomas-Qrinfild mümkün bir işğalın nəticələrinin dəhşətli olacağını bildirib.
Qeyd edək ki, iclasda Ukrayna və NATO-ya üzv ölkələrin nümayəndələri də Rusiyanın Ukrayna sərhədində qoşunlarının sayını artırmasını Avropanın təhlükəsizliyinə təhdid kimi qiymətləndiriblər.
Ülkər Piriyeva