Son vaxtlar AMEA və onun rəhbəri ətrafında baş verən məlum hadisələr ciddi narahatlıq yaradır. Ölkənin elm məbədi olan Elmlər Akademiyası təkcə orda çalışanların iş yeri deyil, həm də xalqımızın XX əsrdə qazandığı qiymətli milli sərvətidir.
Ona görə də bu gün həmin elm məbədində yaşananlar, yarıtmaz idarəçilik nəticəsində yaranmış əcaib vəziyyət, müstəqillik dövrümüzün ən arzuolunmaz və şəxsiyyətinə münasibət birmənalı olmayan Ramiz Mehdiyevin öz çirkin, siyasi niyyətləri üçün akademiyanı sanki iftira səngərinə çevirməsi təəssüf yaradır. Elmlə məşğul olmalı ikən kurasiyasında olan alimlərin çirkin oyunlara cəlb edilməsi cəhdi təhlükəli tendensiyanın başlanğıcından xəbər verir. Xalqın milli düşüncəsinə və mənəviyyatına ağır zərbələr vurmuş Ramiz Mehdiyev dövlətin qoyduğu, hamı üçün riayət edilməsi əmr olan karantin dövründə nəvəsinə dəbdəbəli toy edərkən cənab Prezident İlham Əliyev onu yaşlı olmasına bağışladı, divarın önündə dayandırıb üzr istətmədi. Elə o vaxt o, dövlətə meydan oxuyub, qanunlarını saymadığını nümayiş etdirərək dövləti provakasiyaya çəkmək istəsə də, niyyəti puça çıxdı.
Ramiz Mehdiyev əslində həmin gün istefa verib, üzr istəyib evinə qapılmalı, ömrünün qalan hissəsini nəvə-nəticələri ilə keçirməli idi. Amma yaramazlığa davam etmək üçün o bunu etmədi. Görünür, hansısa xəbis planı var. Kim bilir, bəlkə də Qazaxıstanda, Ukraynada müstəqillikdən narahat olub ölkəni Rusiyanın quyruğuna bağlamaq istəyənlərin burdakı sələfidir Ramiz Mehdiyev? 44 günlük Vətən Müharibəsində qalib olduq. Dünyanınn güc dövlətlərinin bizə münasibəti dəyişdi. Azərbaycan regionda söz sahibinə çevrilib. Görünür, yaxşılığa doğru baş verənlər dövləti içindən yeməyə çalışan qoca qurdu narahat edib. Elmlə, yeniliklərlə məşğul olmağa halı qalmayıb, keçib şər-böhtana, sərsəm açıqlamalara. Ona kim ixtiyar verib ki, Akademiyanın rəsmi saytını şəxsi səhifəsinə çevirsin? Onu yaxından tanıyan, fəaliyyətinə bələd olan deputatlar mədəni şəkildə istefaya səsləyib, o isə yaşından-başından utanmadan bütün deputatları təhqir edəcək qədər irəli gedib, utanmadan. Ramiz Mehdiyev yaqin yaddaşını itirib. Anlamır ki, millət vəkilləri xalqın tribunadakı səsidir. O, həm də seçkilərdə səs vermiş milyonlarla xalqı təhqir edir. Kim verib ona bu haqqı? Zəli kimi yapışdığı kreslosuna, daşıdığı vəzifələrə sui-istifadə mənbəyi kimi baxmaq çoxmu davam edəcək?
84 yaşlı ahıl adam kollektivdə, cəmiyyətdə arzulanmadığını bilsə də, nə üçün istefa vermir, kreslosundan belə bərk yapışıb? Ona kim ixtiyar verib ki, elmin simvolu olan AMEA-nı çirkin məqsədlər oylağına çevirsin? Elm daim yenilik, araşdırma tələb edən bir sahədir. Addımını sərbəst ata bilməyən, sonuncu elmi məqaləni oxuduğunu xatırlamayan, araşdırmanın nə olduğunu bilməyən, akademik adlanmağı belə haqq etməyən (heç bir iş gizli qalmır, mətbuatdan oxuyuruq ki, kitablarını, elmi məqalələrini müxtəlif bürokratik vədlər hesabına ona-buna yazdırırmış) nə üçün elm ocağına rəhbərlik etməlidir? Elm axtarış, yenilik sevir. Gənclərə qapı açmaq, şans vermək lazımdır. Ramiz Mehdiyev bilməmiş olmaz ki, Akademiya adı gələndə gülüşüb qocalar evi deyirlər kinayə ilə. Orda bizim ömrünü elmə həsr etmiş, ləyaqətli ağsaqqal alimlərimiz də var. Amma Ramiz Mehdiyev və ordakı havadarları onların işini kölgədə qoyub. Elə bu səbəbdən elmə töhfə verən yaşlı alimlərimizi saxlamaqla əsaslı islahatlar aparmaq, idarəçilik sistemini dəyişmək, elmi araşdırmaları stimullaşdırmaq, institutları fəallaşdırmaq lazımdır. Bunun üçünsə ilk əvvəl oraları kəmsavad akademiklərdən təmizləmək, gənc alimlərin yaşayış şəraitini yaxşılaşdırmaqla onları sosial problemlərdən, akademiyadaxili hərc-mərclikdən xilas edib, bütün diqqətlərini elmi axtarışlara yönəltməliyik. Biz bu elm ocağımızın yüksək dəyərini saxlamaq üçün dövlətə dəstək olmalıyıq. Dövlətin elmə külli-miqdarda pul ayırmasına rəğmən Ramiz Mehdiyevin bacarıqsız idarəçiliyi sayəsində Elmlər Akademiyası maygülü çiçəyinə ad qoyma, karonavirisun necə yazılması kimi gülünc işlərlə gündəmə gəlir. Belə misalları uzatmaq olar, amma Akademiya adına ayıbdır.
Ramiz Mehdiyev, bütün olanlara rəğmən, yaşınızın bu çağında kreslodan 2 əllə bərk yapışmanız ayıbdır. Sizi nə cəmiyyət, nə də rəhbərlik etdiyiniz kollektiv istəmir. Sorğu aparsaq, xalq üçün də arzuolunmazsınız. Kimdir Ramiz Mehdiyevə havadarlıq edən? Kimə arxayındı? Ölkəni qarışdırmaq istəyən xarici qüvvələrəmi? Niyyətləri gözlərində qalacaq. Ölkə etibarlı əllərdədir. Hörmətlə istefa verib olan-qalan nüfuzunu qorusa yaxşı olar; əgər qalıbsa...
Məşhur Məmmədov
Millət vəkili