AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb

  • + A
  • - A
  • 5-03-2022, 17:17

    Nazir Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb


    Azadmedia.az xəbər verir ki, 5 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıya rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

    Nazir Ceyhun Bayramov Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini yüksək qiymətləndirib. Hər zaman ölkələrimiz arasında münasibətlərin sıx olduğu və dövlət rəhbərlərinin birbaşa iştirakı ilə bu münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.

    Nazir Mevlüt Çavuşoğlu cari səfərin ikitərəfli yüksək səviyyədə inkişaf edən əlaqələr, Şuşa bəyannaməsinin icrası istiqamətində görülən işlər, habelə çoxtərəfli müstəvilərdə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Nazir, Xocalı qətliamının 30-cu ildönümündə Şəhidlərin xatirəsini hörmətlə anıb.

    Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyətdən danışaraq, üçtərəfli bəyanatların icrası və Azərbaycanın bu xüsusda atdığı addımlar, delimitasiya prosesi, o cümlədən kommunikasiya və nəqliyyat xəttlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağını qeyd edib. Nazir işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edib və bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.

    Nazirlər, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və yenidən quruculuq işləri barədə ətraflı fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iqtisadiyyatın bərpa edilməsində və quruculuq işlərinin həyata keçirilməsində qardaş Türkiyənin rolu və fəal iştirakı yüksək qiymətləndirilib.

    Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, habelə iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

    Tərəflər, həmçinin Ukraynada baş verən hadisələr, ölkədəki vəziyyət ilə əlaqədar Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi, bu xüsusda aparılan əlaqələndirmə işləri barədə fikir mübadiləsi aparıblar.

    Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR