Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi komitə tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarının və ailə üzvlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə 300-dən çox şəhidimizin anaları, bacıları, xanımları, ailə üzvləri, eləcə də qazilər, Milli Məclisin deputatları Jalə Əhmədova, Cavid Osmanov, ilahiyyatçı alim Hacı Şahin Həsənli və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan vitse-spiker Adil Əliyev şəhid ailələrinin xanım üzvlərini təbrik edərək, Uca Allahdan onlara uzun ömür, can sağlığı arzulayıb. Bildirib ki, məhz qəhrəman analarımızın böyütdüyü igidlərimiz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan ordusunun tərkibində qəhrəmanlıqla döyüşərək, bizə tarixi Zəfəri bəxş etdilər. Vətən müharibəsində qazandığımız tarixi qələbənin nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu və düşmənin 30 ilə yaxın işğal altında saxladığı tarixi torpaqlarımız 44 günə azad edildi. Bu gün ölkəmizdə Vətənimizin bütövlüyü uğrunda öz canlarını düşünmədən qurban verən qəhrəmanlarımızın ailə üzvlərinə, qazilərə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ən yüksək diqqət və qayğı göstərilir.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, parlamentin Gənclər və idman komitəsinin üzvü Jalə Əhmədova, ilahiyyatçı alim Hacı Şahin Həsənli çıxışlarında şəhidlik mərtəbəsinin ucalığından, qəhrəmanlarımızın göstərdiyi şücaətdən danışaraq, şəhidlərimizin analarını, qadın ailə üzvlərini bayram münasibətilə təbrik ediblər.
Şəhid anaları, xanımları, ailə üzvləri öz çıxışlarında tədbirin təşkilinə görə razılıqlarını bildirərək, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbir şəhid övladlarının və mədəniyyət xadimlərinin şeir və ifaları ilə yekunlaşıb.