Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığının sözçüsü Yuri İqnatın açıqlamaları MDB məkanında geniş müzakirələrə səbəb olub. Belə ki, ordu rəsmisinin sözlərinə görə, Rusiya ordusu Ukraynaya raket hücumlarının bir qisiminin Xəzər dənizindən reallaşdırıldığını qeyd edib.
Bəs, Rusiyanın bu qədər geridən hücumlara başlamasının səbəbi nədir?
Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Rusiyanın “Kalibr” raketləri məhz dəniz platformalarından buraxılmaq üçün nəzərdə tutulub:
“Həmin dəniz platformaları da Xəzər dənizi akvatoriasında yerləşir və onların kifayət qədər mənzilə malik olması səbəbindən bu raketlər həm Suriyaya, həm də Ukraynaya Xəzərdən buraxılır. Bu həm də, Ukraynanın əlində olan silah sistemləri tərəfindən həmin gəmilərin məhv edilməsini sıfıra endirir”.
Ekspert Rusiyanın Azərbaycan və Qazaxıstan sularından Ukraynaya raketlər buraxmaq ehtimallarını da dəyərləndirib:
“Rusiyanın Azərbaycan və Qazaxıstan ərazi sularına daxil olaraq həmin raketləri tətbiq etməsinə dair hər hansı məlumat yoxdur.
Qazaxıstan barədə nə isə demək bizə düşməz, amma Azərbaycan öz ərazisindən hansısa bir ölkəyə, üçüncü tərəfə qarşı güc və ya silah tətbiq etmək üçün kiməsə icazə verməyib. Ona görə də, biz Azərbaycan ərazisindən Ukraynaya zərbə endirilməsi ehtimalının sıfıra bərabər olduğu qənaətindəyik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.