Ukraynadan ixracat olmadığı üçün bəzi ölkələrdə aclıq baş verə bilər.
AzadMedia.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın qqrar siyasət və ərzaq nazirinin müavini Taras Vısotski bildirib.
Onun sözlərinə görə, Ukrayna son illər ərzində taxıl tədarükçüləri arasında ilk beşliyə düşüb, ona görə də bir çox ölkələrə buğda, arpa və qarğıdalı tədarükü ondan asılıdır. Ukrayna həm də günəbaxan yağının əsas, həmçinin soya, quş əti, bal və süd məhsullarının əhəmiyyətli tədarükçüsüdür.
"Ukrayna məhsullarından ən çox asılı olan regionlara baxsanız, bunlar Şimali Afrika da daxil olmaqla, Yaxın Şərqdir. Misir Ukrayna məhsullarının əsas idxalçılarından biridir, biz məhsulu Cənubi-Şərqi Asiyaya, xüsusən də İndoneziya, Koreya və Çinə fəal şəkildə ixrac etmişik", - deyə T. Vısotski qeyd edib.
O əlavə edib ki, Cənubi-Şərqi Asiya ölkələri müvəqqəti olaraq özlərini başqa məhsullara yönləndirə bilsələr də, Yaxın Şərq və Şimali Afrika ölkələri faktiki olaraq yalnız Ukrayna tədarükündən asılıdır.
"Bir aydan çoxdur ki, limanlar bağlanıb. Təkcə taxıl deyil, ət məhsullarının, xüsusən də mal və quş əti, yumurta, süd məhsullarının ixracı da dayandırılıb. Faktiki olaraq bu, xeyli qıtlığa səbəb ola və bəzi ölkələrdə aclığa gətirib çıxara bilər", - nazir müavini əlavə edib.
T. Vısotski aydınlaşdırıb ki, Ukrayna günəbaxan yağı ixracının 55%-ni təşkil edir – bu, mütləq əksəriyyətdir. Eyni zamanda, Çin və Hindistandan başqa, Aİ ölkələri də əsas idxalçılar sırasındadır. Bu səbəbdən Ukrayna təchizatı olmadan qlobal qıtlıq yaranacaq.