Masallıda “Bir şəhid, bir şahid” tamaşası nümayiş olunub
Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayonun Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin səhnəsində Aprel döyüşlərinin qəhrəmanları Nurlan və İntiqam Əsgərli qardaşlarının xatirəsinə həsr olunmuş “Bir şəhid, bir şahid” tamaşası nümayiş olunub.
Yazıçı-publisist Nurəddin Ədiloğlunun “Vətən pərvanələri” pyesinin motivləri əsasında hazırlanmış səhnə işinin təqdimatında şəhid valideynləri, müharibə iştirakçıları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanovanın Aprel döyüşləri ilə bağlı məruzəsi dinlənilib.
Nurlan və İntiqam Əsgərlinin anası Ziba Əsgərova qəhrəman övladları ilə qürur duyduğunu deyib, tədbirin təşkilatçılarına, eləcə də yaradıcı kollektivə minnətdarlığını bildirib.
Müəllif Nurəddin Ədiloğlu şəhidlərin valideynləri ilə görüşündən bəhs edərək qəhrəmanların həyat hekayələrini onların öz dilindən qələmə aldığını qeyd edib, şəhid valideynlərinə ehtiramını ifadə edib.
Daha sonra “Bir şəhid, bir şahid” tamaşası teatrsevərlərə təqdim olunub.
Qeyd edək ki, Masallı Xalq Teatrının aktyorları ilə yanaşı Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin, Biləsuvar və Cəlilabad rayon Mədəniyyət Mərkəzlərinin aktyorlarının iştirakı ilə nümayiş olunan “Bir şəhid, bir şahid” tamaşasının məsləhətçiləri qəhrəmanlar anası Ziba xanım Əsgərova və Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərovdur. Tamaşaya Masallı Xalq Teatrının rejissoru Camələddin Əliyev quruluş verib, istifadə olunan müsiqi parçalarını Ruslan Zahidov, səhnə tərtibatını Elsevər Əliyev hazırlayıb.
Tamaşadan sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhid ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Məlumat üçün bildirək ki, Nurlan Əsgərli (03.12.1995-04.04.2016) Aprel döyüşlərində, İntiqam Əsgərli (16.08.1990-09.11.2020) isə 44 günlük Vətən müharibəsində şəhadətə ucalıb.
İntiqam əsgərliyini Xüsusi Təyinatlı Qüvvələrdə keçirib. 2011-ci ilin aprelində Gizirlik kursuna sənədlərini təqdim edib. Kursu bitirəndən sonra öz istəyi ilə Murov istiqamətində xidmətə təyinat alıb. 2014-cü ilin avqustuna qədər Murovdağ istiqamətində xidmət edib. Sonra Xüsusi Təyinatlıların kursunu bitirib. Nurlan 2014-cü ilin yanvarında həqiqi hərbi xidmətə yollananda İntiqam artıq Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmət edirdi. Nurlan da hərbi hissədə Kəşfiyyat bölüyünün Baş istehkamçısı kimi xidmət edib. İntiqam Türkiyəyə Dağçılıq kursunu oxumağa gedəndə, Nurlan öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursuna daxil olub. Sonradan hər iki qardaş eyni hərbi hissədə xidmət etməyə başlayıblar. Hər ikisi 2016-cı il Aprel döyüşlərində iştirak edib. Tərtərin Talış kəndi istiqamətində vuruşublar, sadəcə ayrı-ayrı mövqelərdə yerləşiblər.
Nurlanım Aprel döyüşlərində şəhadətə ucalıb. İntiqam döyüş meydanından qardaşı Nurlan və daha 3 şəhidi, eləcə də 2 yaralını çıxarıb. Qardaşı şəhid olandan sonra İntiqam özünə "Qisas" ləqəbini götürüb. Bir məqsədi var idi, qardaşının qisasını almaq. İntiqam həm öz arzusunu, həm də qardaşının arzusunu yerinə yetirdi. Şuşamız işğaldan azad olunandan bir gün sonra mənfur düşmənin əks hücumunü dəf edərkən İntiqam şəhadətə ucalıb...
Aprel şəhidi Nurlan Bayram oğlu Əsgərli ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Vətən müharibəsi şəhidi İntiqam Bayram oğlu Əsgərli isə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.