AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrəvanda mitinqlərin hədəfi: yeni taktika tətbiq edilir

  • + A
  • - A
  • 7-05-2022, 10:20

    İrəvanda mitinqlərin hədəfi: yeni taktika tətbiq edilir


    İrəvanda keçirilən mitinqlərin məqsədini yaxın, orta və uzaq hədəfli olmaqla bir neçə qrupa ayırmaq mümkündür.

    Bu sözləri Axar.az-a İrəvanda keçirilən hökumət əleyhinə mitinqləri şərh edən QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib.

    Alimin sözlərinə görə, bütün mərhələlərdə mitinqlərin əsas məqsədi bölgədə sülhün əldə edilməsini əngəlləməkdir:

    “Həm Qərbin siyasi mərkəzlərinin, həm Azərbaycanın, Türkiyənin, Ermənistanın, həm də Rusiyanın istifadə etdiyi diplomatik ritorikada artıq sülh danışıqlarından, sülh müqaviləsindən daha çox bəhs edilməyə başlanılıb. Bu o deməkdir ki, real danışıqlar mövcud diplomatik ritorikadan daha irəlidədir. Diplomatik proseslərin təbiəti belədir. Bir söz diplomatik müzakirələrdə bişirilir, sonra isə yekun mərhələdə o söz ictimai müzakirəyə çıxarılır. Görünən odur ki, sülhlə bağlı altı doldurulan məsələlər var. Düşünürəm ki, müxalifətə artıq prosesin çox ciddi məcraya girməsi haqqında ölkənin bir sıra önəmli dairələrindən informasiya da daxil olub. Ona görə keçirilən mitinqlərin birinci məqsədi yekun sülh müqaviləsinin imzalanmasına gedən prosesi dayandırmaqdır. Orta hədəf Paşinyanı və komandasını hörmətdən salmaq, uzaq hədəf isə onu qovmaqdır. Hətta orta və uzaq hədəflər bir-birinə o qədər yaxındır ki, artıq daşnakların nümayəndəsi İşxan Saqatelyan Paşinyan hökumətinin yıxılmasından, çevrilişin vacibliyindən danışır, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan isə hökumət çevrilişinin bir-iki günlük iş olduğundan bəhs edir”.

    Nazim Cəfərsoy İrəvanda keçirilən mitinqlərdə istifadə olunan yeni metod və taktikalardan bəhs edib:

    “Mitinqlərin taktikasına gəldikdə isə burada üç əsas məqam diqqəti çəkir. Bunlardan birincisi odur ki, Köçəryanın və Sərkisyanın simasında ənənəvi revanşist müxalifət hörmətdən düşdüyü üçün geri planda qalıb. Ortaya çıxan iki qrup var. İlk olaraq Saqatelyan müxalifətin yeni gənc simasıdır, Vanetsyan isə önəmli dövlət vəzifələrində olmuş şəxsdir. Digər qrup isə siyasi intriqalara qarışmamış, yaxud az qarışmış universitet tələbələridir, Köçəryan kimi şəxslərin övladlarıdır. Ənənəvi revanşist müxalifət də Köçəryan və Sərkisyan kimi simalar ilə Paşinyanı müqayisə edən xalqın nəzərində uduzduqlarının fərqindədirlər.

    Müxalifətin taktikasının ikinci hissəsi isə odur ki, artıq etirazçı kəsimin hamısını bir yerə toplayıb prosesi oradan idarə etmirlər. Müxalifət mitinqləri 2018-ci ildə Paşinyana uğur gətirən taktika ilə aparır. Onlar sürpriz amili də nəzərə alınmaqla mitinqləri paytaxt daxil olmaqla, ölkənin hər tərəfinə yaymaq istəyirlər. Gah parlamentin, gah prokurorluğun və s. dövlət qurumlarının önünə yığışmaqla hökuməti həm əsas hədəfdən yayındırırlar, həm də onu həmişə təzyiq altında saxlamağa çalışırlar. Sonuncusu isə odur ki, yeni taktikalardan istifadə olunur. Etirazçılarla bir yerə toplaşmaq əvəzinə, mobil qruplarla eyni anda müxtəlif qurumların qarşısında etirazlar edirlər. Beləliklə, eyni vaxta öz sayları ilə bağlı gerçək məlumatın hökumətin əlinə keçməsini əngəlləyirlər, digər tərəfdən fərqli-fərqli yerlərdə görünən say az olduğu üçün dövlət qurumları arxayınlaşır, ancaq keçiriləcək mitinqlərin yerini təyin edə bilmədikləri üçün çaş-baş qalırlar. Yəni say az olsa belə, etirazların coğrafiyası genişləndiyi zaman onun təsir gücü də artır. Ümumi məqsəd əsas zərbəni nə vaxt və hara endirəcəklərini gizlətməklə yanaşı, xalqı, bürokratik sistemi və ordunu prosesə cəlb etməkdir. Hətta yaxın gələcəkdə biz belə mitinqlər zamanı silsilə sui-qəsdlərin şahidi ola bilərik”.

    Alim hazırki proseslər fonunda Azərbaycan dövlətinin hərtərəfli şəkildə gözlənilməz hadisələrə hazır olmasının vacibliyindən bəhs edib:

    “Qənaətim və təklifim odur ki, dövlətimiz, Silahlı Qüvvələrimiz və diplomatiyamız Ermənistanda baş verə biləcək ən fövqəladə hadisələrə hazırlıqlı olmalıdır. Proseslərin ölkəmizin milli maraqlarına uyğun şəkildə inkişafı üçün dövlət rəsmilərimiz, ictimai xadimlər müxtəlif mesajlarla hadisələrin inkişaf istiqamətini dəyişə bilər. Nədir bu mesajlar? Köçəryan, Sərkisyan kimi oradakı müqavimət hərəkatının əsas qüvvələrinin keçmişdə bölgəyə vurduğu ziyan, törətdikləri cinayətlər, Şuşadan, Xankəndidən qaçmaları və s. haqlı olduğumuz məsələlər yenidən qabardılmalıdır. Erməni xalqı bilməlidir ki, revanşistlərin yenidən hakimiyyətə gəlməsinin onlara yalnız zərəri var. Çünki bu qruplar ancaq müharibə, qanla bəslənirlər. Sözügedən klan yenidən çevriliş yolu ilə hakimiyyətə gəlib müharibəyə başlayarsa, bu dəfə Azərbaycan Ermənistana daha öldürücü və kəskin zərbə endirəcək. Beləliklə Ermənistan indi əldə etdiyi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırma şanslarını itirəcək və sülh qapısı bağlanacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR