Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Vahid Kirişçi bu gün Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarət zamanı nazir yerli mətbuata açıqlama verib.
Ednews xəbər verir ki, nazir Vahid Kirişçi Bakıya rəsmi ziyarəti zamanı Azərbaycan Respublikası Prezidenti və nazirlərlə mühüm görüşündən bəhs edib. O, dünən Bakıda Türkiyənin dəstəyi ilə birgə keçirilən “Aqro” kənd təsərrüfatı sərgisinin açılışından danışıb. Səfərindən xeyli məmnun olduğunu vurğulayan türkiyəli nazir Azərbaycanı öz evi kimi hiss etdiyini qeyd edib.
“ Bu Azərbaycana ilk ziyarətimizdir. Bu səbəbdən də bizim üçün son dərəcə önəmlidir. Pandemiyan sonra ilk dəfə olaraq, Azərbaycanda təşkil olunan Aqro 15-ci sərgisi həyata keçirildi. Dünən Azərbaycanın Baş naziri hörmətli Əli Əsədov digər mənsublarla birgə həmin sərginin açılışında iştirak etdik. Sərgidə Türkiyədən də bir çox iş adamlarının iştirak etdiyinin şahidi olduq”.
Nazir Vahid Kirişçi həmçinin Azərbaycanda görüləcək zəruri işləri və bu sahədə ölkə başçısının dəstəyini vurğulayıb.
“Qeyd etməliyəm ki, bu sərgi ilə bağlı son illərdə balıq və dəniz məhsulları sahəsində önəmli mərhələyə imza atan Türkiyə bu təcrübəsini qardaş ölkə ilə də bölüşmək üçün balıq məhsullarından hazırlanan yemək dəvətində təşkil olundu. Daha sonra oradan biz rəsmi ziyarətlərimizə start verdik. Ziyarət zamanı hər iki ölkənin ekologiya və qida məhsulları üzrə nazirləri bir araya gəldilər. Görüş zamanı qeyd olunan sahələrdə bəzi problemlərdən bəhs olundu və müəyyən çatışmazlıqları aidiyyəti tərəflərə məruzə etmək imkanımız oldu. Həmçinin görüşdə çox hörmətli Prezident İlham Əliyev bizlərə bu problemlərin həllində bilavasitə dəstək göstərəcəyini səmimi olaraq bildirdi”.
Kənd Təsərrüfatı naziri Türkiyənin Azərbaycanda gördüyü işlərin məqsədlərinə də toxunub və hər sahədə olduğu kimi kənd təsərrüfatının inkişafında da Azərbaycanın daimi yanında olduğunu bildirib.
“Bunu da əlavə edim ki, Türkiyənin məqsədi eynən Qarabağda 30 illik işğala son vermək üçün qardaş Azərbaycana əl uzatdığı kimi, kənd təsərrüfatı, meşəçilik və dəniz məhsulları, habelə balıqçılıq səhəsində də ona yardım etməkdir. Bilirsiniz, Azərbaycanda suvarma məsələsi də çox mühüm problem mövzusudur. Biz bu sahədə də Azərbaycana yaxından dəstək göstərmək niyyətindəyik”.
Türkiyəli nazir ötən il Türkiyədə tarixdə görünməyən meşə yanğınları zamanı Azərbaycanın dəstəyindən də bəhs edib. O, qardaş ölkə ilə yanğınla mübarizə sahəsində bundan sonra əməkdaşlığı daha sıx davam etdirəcəyini deyib.
“Bu gün də biz hörmətli prezident İlham Əliyevlə az öncə qeyd etdiyim məsələləri müzakirə etdik. Bundan əlavə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla da xüsusilə meşə yanğınları mövzusu ilə bağlı görüşmək imkanımız oldu. Qeyd etməliyəm ki, ötən il Türkiyədə baş verən meşə yanğınları zamanı 134 min hektara yaxın meşə ərazimiz məhv oldu. Bu hadisələrdə qardaş Azərbaycanın bizə göstərdiyi dəstək əvəzolunmazdır. Görüşümüz zamanı bu yardım üçün də hörmətli nazirimizə təşəkkürümüzü bildirdik, eyni zamanda ötən ildən bu günədək meşə yanğınları ilə mübarizədə insan resursları, yanğın söndürən texnika, təyyarə və digər vasitələrin qarşılıqlı təşkili məsələsini birgə müzakirə etdik”.
Nazir həmçinin Azərbaycanda səfərdə olduğu müddətdə qarşıda görüləcək tədbirlərdən bəhs edib. O, xüsusilə sabah Qarabağa səfəri ilə bağlı böyük sevinc və həyəcan hissi keçirdiyini vurğulayıb.
“Bu gün burada olduğumuz müddətcə özümüzü sanki evimizdəki kimi hiss edirik. Sabah inşallah Qarabağa ilk dəfə olacaq bir səfərimiz var. Sözün düzü, həm bir Türkiyə vətəndaşı, həm də Kənd Təsərrüfatı naziri olaraq Qarabağa edəcəyim ilk zirvə səfərimə görə çox həyəcanlıyam. Çünki səfər edəcəyimiz məkan 30 il işğal altında olan Azərbaycan torpağıdır və bizimlə birgə olan Kənd Təsərrüfatı məsələləri üzrə komissiya rəhbəri, Qars vilayətini təmsil edən millət vəkili, professor Yunus Kılıc və Türkiyə-Azərbaycan Parlamentlər arası Dostluq Qrupunun rəhbəri, İstanbulu təmsil edən millət vəkili Şamil Ayrım birlikdə bu həyəcanı yaşayacaqlar. Ümumiyyətlə, görüşlərimizin təşkili və bundan sonrada davam edəcək görüşlərimizdə bizə dəstək olan səfirimiz Cahid Bağçı və onun heyətinə son dərəcə minnətdarıq. Bu gün fürsətdən istifadə edib vətən uğrunda canlarını fəda verən şəhislərimiz, o cümlədən 100 il əvvəl azadlıq uğrunda can verən əjdadlarımızı ziyarət etmək şərəfinə nail olduq. Bu gözəl məkanda olduğumuzdan çox məmnunuq və özümüzü son dərəcə xoşbəxt hiss edirik”.