Tərcüməçi-yazar Əli Rzazadənin “Onun hekayəsi” kitabının təqdimatı keçirilib.
Azadmedia.az xəbər verir ki, tədbirdə tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, müəllifin qələm yoldaşları, dostları, oxucuları və tələbələri iştirak ediblər.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, yazıçı Kənan Hacı, tanınmış telejurnalist Hikmət Yaqubov, yazar Azər Qismət, Nazlı Çələbi, politoloq Ülkər Piriyeva və digər şəxslər çıxış ediblər.
Çıxışçılar milli-mənəvi dəyərlərin, vətənpərvərlik və dövlətçilik ideyalarının gənc nəsillərə aşılanması və qorunub saxlanılmasının zəruriliyini vurğulayıb.
Qeyd olunub ki, gənclərin milli-mənəvi ruhda yetişməsi üçün bu cür kitabların yazılması olduqca mühüm əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, “Onun hekayəsi” kitabı gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında, eləcə də gənclər arasında mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində vacib rol oynayacaq.
Çıxışlar həmçinin qeyd edib ki, yetişməkdə olan nəsillərə vətənpərvərlik hisslərinin aşılanması qələm adamlarının da qarşısında duran ən vacib vəzifələrdən biri olmalıdır. Ona görə də, məhz bu cür bədii nümunələr toplusunun gənclərin şəxsiyyət kimi formalaşmasında rolu danılmazdır.
Tədbirdə bildirilib ki, “Onun hekayəsi”ndə müəllifin hekayə, esse və şeirlərindən bir hissə toplanıb.
Kitabda Vətən müharibəsində canından keçən şəhidlərimizə həsr olunmuş bədii nümunələr yer alıb, eləcə də vətənpərvərlik və dövlətçilik mövzusunda yer almış şeir və hekayələr təqdim olunub.
Qeyd edilib ki, oxucular bu kitabda hekayəyə çevrilmiş insan taleləri, müasir insan və cəmiyyət haqqında səliqəli düşüncələrin qələmə alındığı esselər və könül söhbətləri sayılacaq şeirlər ilə tanış olacaqlar.
Qeyd edək ki, “Onun hekayəsi” kitabı “Mücrü” nəşriyyatında çap olunub.
“Onun hekayəsi” Əli Rzazadənin sayca yeddinci kitabıdır.
Bundan öncə müəllifin “Yağış”, “Səmaya qayıdan yazı”, “Sonsuz” romanları, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Nurdan zərrələr” adlı əsərləri işıq üzü görüb.
Əli Rzazadənin ilk dəfə ərəb dilində çap olunan “Xocalıya ədalət” əsəri də bir sıra ərəb ölkələrində oxuculara təqdim edilib.
Xatırladaq ki, Əli Rzazadə 1981-ci ilin mayın 23-də Masallı rayonunun Viləş kəndində (keçmiş Kalinovka) anadan olub. O, Şərq dilləri (ərəb və fars) üzrə mütəxəssisdir. Ə.Rzazadə hazırda pedoqoji fəaliyyətini Sumqayıt Dövlət Universitetində davam etdirir.