“Azərbaycan” rəsmi dövlət qəzetində “Mənəviyyat terrorçuları” adlı yazı yayımlanıb.
“Qafqazinfo” həmin yazını təqdim edir:
Yutuba transformasiya olunan “reket media”ya qarşı ciddi tədbir görülməlidir
Şərəfli tarixi keçmişi olan Azərbaycan mətbuatı bu gün yeni inkişaf dövrünü yaşayır. Ölkədə söz, mətbuat, özünüifadə azadlığının təmin edilməsi istiqamətində bütün şərait yaradılıb və hazırda çoxsaylı çap, internet mediasının sərbəst fəaliyyət göstərməsi bunun əyani təzahürüdür. Hazırda hər hansı bir media qurumunun, həmçinin xəbər portallarının yaradılması üçün heç bir məhdudiyyət təbiq edilmir. Bundan əlavə, ölkədə internetdən, sosial şəbəkələrdən geniş istifadə etmək üçün lazımi imkanlar yaradılıb. İnsanlar sosial şəbəkələrdə öz fikir və rəylərini rahat şəkildə ifadə edə bilirlər.
Amma təəssüflər olsun ki, bu imkanlardan sui-istifadə edənlərin sayı az deyil. Bəziləri söz, mətbuat, özünüifadə azadlığından çirkin məqsədləri üçün istifadə etməyə çalışır, şər-böhtandan, şantaj etməkdən çəkinmir, bu vasitə ilə pul qazanmağa can atır. Başqa sözlə, “reket media” ilə məşğul olanlar şantaja əl atmaqla yanaşı, həm də böyük ənənələri olan Azərbaycan mətbuatının adına ləkə gətirirlər.
Son zamanlar jurnalistikadan xəbəri olmayan bəzi şəxslər internetin yaratdığı imkanlardan istifadə edərək özlərinə müxtəlif adda “TV kanallar” yaradıb “qazanc yeri” tapıblar. Yəni “reket media” indi yeni platformaya – yutuba transformasiya olunub və bu seqmentdə jurnalistikaya heç bir aidiyyəti olmayan kanallar sürətlə artmaqdadır.
Düzdür, müasir informasiya texnalogiyalarının sürətlə inkişf etdiyi dövrdə internet TV kanalların sayının artması heç də pis tendensiya deyil. Yutuba da saysız-hesabsız- bəzən normal, bəzən də anormal informasiyaların yayıldığını və paylaşıldığını diqqətə alsaq, oturuşmuş xəbər agentliklərinin və ciddiliyinə şübhə edilməyən portalların internet üzərindən yayım həyata keçirmələri tamamilə təbiidir. Amma 2-3 nəfərlə “TV kanal” açıb müxtəlif məqsədlərə xidmət edən informasiyaları, videomaterialları yayımlayanların “fəaliyyəti” narahatçılq doğurmaya biməz. Təbii ki, bu kanalları yaratmaqda məqsəd jurnalistika ilə məşğul olmaq yox, insanları şərləmək, böhtan atmaq, şantaj etməklə pul qzanmaqdır.
Reket jurnalistikaya qarşı müəyyən mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, görünən odur ki, bu şəbəkə hələ də mövcuddur və hazırda internet medianın imkanlarından “bəhrələnməkdədir”. Bəzi kanal rəhbərlərinin bundan istifadə edərək müxtəlif strukturlardan, o cümlədən rayon icra hakimiyyətləri başçılarından, iş adamlarından külli-miqdarda vəsait almalarına dair çoxsaylı faktlar da bunu bir daha təsdiqləyir.
Elə bu günlərdə belə kanallardan birinin şantaj yolu ilə bir rayonun icra başçısından, mebel fabrikinin rəhbərindən böyük məbləğdə pul alması faktı da deyilənlərin sübutudur. Araşdırmaların nəticəsində bəlli olub ki, həmin şəxs insanları şərləməklə, hədələməklə əldə etdiyi “qazanc”la hətta özünə Türkiyədə mənzil alıb və yeni biznes qurub.
Hətta həmin kanallara rəhbərlik edən bəzi şəxslərin şəxsi həyatında ciddi əxlaqi problemlərin olması, bununla bağlı əsaslı məlumatların mövcudluğu onu deməyə əsas verir ki, belələrinin efirə çıxıb qeyrət, namus, əxlaq dərsi keçməsi, kimlərisə ittiham etməsi sözün əsl mənasında ikrah doğurur. Amma onu da etiraf etməliyik ki, belə şəxslər barədə ortada saysız-hesabsız faktlar olmasına rəğmən hüquq mühafizə orqanlarının onların barəsində heç bir ölçü götürməməsi müəyyən suallar yaradır.
Bir vaxtlar cəmiyyət reket, dələduz, şantajçı və böhtançıların əlindən təngə gəlidiyi halda, bu gün azad internet üzərində qorxulu oyunlar oynayan “reket media” yaranıb. Əlbəttə ki, vaxtında tədbir görülməsə, bunun daha ciddi fəsadlara yol açacağı bəllidir. Şantaj, böhtan kampaniyası azmış kimi həmin kanallar indi də “söyüş müxalifətini” ölkənin informasiya məkanına daşımağa başlayıblar. Kanalın abunəçilərinin sayını artırmaq, izləyici toplamaq üçün kanal “söyüş müxalifəti” üçün platformaya çevrilir. Kim nə istəyir danışır, kimi istəyir tənqid və təhqir edir və efirdə ən nəlayiq ifadələr işlədir.
Əlbəttə ki, bu yola əl atanların qazanc məqsədi ilə hətta antiazərbaycançı şəbəkə ilə iş birliyinə getməsi də qaçılmazdır. Belə olan halda isə Azərbaycanı sevməyən xarici dairələr həmin kanallar vasitəsi ilə ölkəmizə qarşı müxtəlif kampaniyalar apara bilərlər. Hətta erməni lobbisinin maliyyə dəstəyi ilə “qidalanan” bəzi qüvvələr təxribatçı məlumatlarla gündəmin dəyişdirilməsinə cəhdlər edə, aranı qarışdırmağa çalışarlar. Yəni istənilən yolla qazanc əldə etmək üçün TV kanal yaradan şəxs Vətəni də pula satmağa hazır ola bilər. Ona görə də hüquq-mühafizə orqanlarının məhz belə şəxslərə qarşı vaxtında ciddi tədbir görmələri çox vacib məsələlərdən biridir.