Mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Kənd təsərrüfatı naziri İnam Kərimov ilə bağban Qalib Hümbətov dövlətimizin başçısına və birinci xanıma intensiv meyvə bağında görülən işlər barədə məlumat verdilər.
Bildirildi ki, burada 40 hektar sahədə intensiv ərik bağı salınıb. Hər biri 10 hektar olmaqla 4 çeşiddə ting əkilib. Tinglərdən ikisi İspaniya çeşididir, ikisi isə yerli növdür. Gələcəkdə burada 60 hektar sahədə nektarin bağının salınması nəzərdə tutulur.
İntensiv meyvə bağında yetişdirilən məhsulu saxlamaq və çeşidləmək üçün Zəngilan Logistika Mərkəzi tikiləcək. Mərkəzdə tutumu 5 min ton olan 36 soyuducu kameradan ibarət saxlama anbarı, yetişdirmə kameraları, avtomatlaşdırılmış terminallar, qablaşdırma, çeşidləmə, tərəzi sahələri, yükdaşıma, nəqliyyat parkı və ofis binası yaradılacaq.
Qeyd edək ki, “Ağıllı təsərrüfat” “Ağıllı kənd” fəlsəfəsinin 3 sütunundan biridir. Burada toxumun seçimindən başlamış aqrotexniki qulluq məsələlərinə qədər hər bir detal nəzərə alınır, nəticədə vahid sahədən maksimum məhsul götürmək mümkün olur.