AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib

  • + A
  • - A
  • 10-06-2022, 18:09

    “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib

    18 İyun – İnsan hüquqları günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində iyunun 10-da Ədliyyə Nazirliyi tərəfindən Ombudsman Aparatı ilə birgə “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.
    AZƏRTAC xəbər verir ki, tədbirdə Ombudsman, Milli Məclisin, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının, yerli icra hakimiyyətlərinin rəhbər şəxsləri, hakimlər, qeydiyyat şöbələrinin rəisləri, nazirlik yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti və media mənsubları iştirak ediblər.
    Tədbirdə çıxış edən Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova insan hüquq və azadlıqlarının qorunmasının dövlətimizin ali məqsədi olduğunu, bu sahədə ardıcıl və məqsədyönlü addımların atıldığını bildirib. O, qeyd edib ki, 1998-ci il iyunun 18-də ulu öndər Heydər Əliyev tərəfindən ilk fundamental sənəd – Dövlət Proqramı təsdiq olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda insan hüquqlarının qorunmasına xidmət edən mütərəqqi islahatlar uğurla davam etdirilir. Dövlətimizin başçısının bu sahəyə verdiyi müstəsna əhəmiyyətinin təzahürü olaraq ilk Dövlət Proqramının qəbul olunduğu 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü elan edilib. Bu münasibətilə elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbir mühüm əhəmiyyət kəsb edir.
    Açılışda Ombudsman Səbinə Əliyeva çıxış edərək dövlət ailə siyasətinin cəmiyyətdə ailənin mövqeyinin qorunması, ailə dəyərlərinin daha da möhkəmləndirilməsi və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinə yönəldiyini qeyd edib: “Ailə münasibətləri ilə əlaqədar hüquq pozuntularının qarşısının alınmasında məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi milli insan hüquqları təsisatlarının böyük rolu var. Bu baxımdan Ombudsman Aparatına, əsasən məişət zorakılığı, alimentin ödənilməsi, valideynlərin uşaqlarla ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı məhkəmə qərarlarının icrası, qəyyumluq və himayə məsələləri, erkən evlilik və digər hallarla əlaqədar müraciətlər daxil olur və zəruri araşdırmalar aparılmaqla müvafiq tədbirlər görülür”.
    Ombudsman deyib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə uşaqlara qarşı zorakılıq, erkən evlilik halları ilə bağlı yayımlanan məlumatlar operativ qaydada araşdırılır və həmin məsələlərin həlli nəzarətdə saxlanılır. S.Əliyeva ailə institutu ilə bağlı əsas problemlərin həlli məqsədilə qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi ilə yanaşı, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və ictimai qınağın formalaşmasının da əhəmiyyətli olduğunu qeyd edib. O, həmçinin aidiyyəti qurumlar tərəfindən sosial təhlükəli vəziyyətdə olan ailələrin aşkarlanması və zəruri tədbirlərin görülməsinin önəminə toxunaraq, yerli icra hakimiyyəti orqanlarının, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.
    Ölkəmizdə məişət zorakılığının qarşısının alınması, gender bərabərliyi və uşaq hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericilik aktları və strateji sənədlərin qəbul olunmasının bu sahədə zəruri addımlar olduğunu vurğulayan Ombdusman ailə planlaşdırılması üzrə strateji proqramın hazırlanması və təsdiq edilməsinin də mövcud istiqamətdə tədbirlərin gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.
    Sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirə edilən mövzunun çox aktual olduğunu bildirib, ailə məsələlərinin araşdırılması sahəsində xüsusi mütəxəssislərə, həmçinin məhkəmələrdə bu məsələlərə baxan xüsusi hakimlərə ehtiyac olduğunu qeyd edib.
    Hicran Hüseynova polis orqanlarına qadın işçilərin cəlb olunmasının vacibliyini də vurğulayıb.
    Sonra tədbir “İnsan hüquq və azadlıqlarının qorunmasında ailə seqmenti” və “Ailə münasibətlərinin inkişaf perspektivləri” adlı panel sessiyalarla davam edib.
    Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovanın moderatorluğu ilə keçirilən birinci paneldə ailə institutunun qorunmasında ədliyyə xidmətlərinin rolundan bəhs edilib, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva “Ailə münasibətlərində hüquq bərabərliyinin təmin olunması”, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev “Ailə mübahisələri üzrə məhkəmə təcrübəsi”, “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin sədri Əliməmməd Nuriyev “Ailə institutunun qorunmasında vətəndaş cəmiyyətinin rolu”, psixoloq Yeganə Özçələbi “Ailə münasibətlərində psixoloq dəstəyi” mövzularında çıxışlar ediblər.
    Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının moderatorluğu ilə keçirilən “Ailə münasibətlərinin inkişaf perspektivləri” adlı ikinci paneldə isə Mediasiya Şurası Rəyasət Heyətinin sədri Nadir Adilovun “Ailə mübahisələrinin məhkəmədən kənar həlli”, Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin rəis müavini Fərid Əfəndiyevin “Ailə mübahisələri üzrə icra işlərinin xüsusiyyətləri”, nazirliyin Qeydiyyat və notariat baş idarəsinin qrup rəhbəri Leyla Bərxudarzadənin “Nikah pozulmasının qeydiyyatı və mediasiya” mövzularında çıxışları dinlənilib.
    Sonda mövzu ətrafında müzakirələr aparılaraq tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR